“Diaspor təşkilatlarının mərkəzləşdirilmiş mətbu orqanı yaradılmalıdır” - Elşad Eyvazlı

"Hədəflərə doğru getmək üçün buna böyük ehtiyac var bu müsbət mənada Azərbaycan üçün böyük effekt verəcək”

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkəmizin dünya ictimaiyyətinə olduğu kimi təqdim edilməsində xaricdəki diaspor təşkilatlarımızın müstəsna xidmətləri var. Xüsusən də Dağlıq Qarabağ və Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində bəzi ölkələrin təbliğat işinin qarşısının alınmasında təşkilatlar təqdirəlayiq işlər həyata keçirirlər. Dünyanın bütün ölkələrində Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti var. Qurumların öz fəaliyyətini genişləndirmək işində Azərbaycan dövlətinin göstərdiyi diqqət də müsbət hal kimi qiymətləndirilməlidir. "Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin Yaradılması İlə Əlaqədar Azərbaycan Respublikası Prezidentinin Bəzi Fərmanlarında Və Sərəncamlarinda Dəyişikliklər Edilməsi" Haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu istiqamətdə atılmış əhəmiyyətli addımlardan biridir. Məntiqidir ki, başqa-başqa ölkələrdəki Azərbaycan diasporlarası münasibətlər inkişaf edir və qurumların daimi əlaqələri qurulur. Çünki Ermənistandan başqa dünyanın bütün ölkə və qitələrində azərbaycanlıların irimiqyaslı yayılma şəbəkəsi var. Təsadüfi deyil ki, Afrika və Avstraliyada minlərlə soydaşımız yaşayır. Misir, Əlcəzair, Sudan, Cənubi Afrika Respublikası və Zairin hamısı birlikdə yüzminlərlə Azərbaycan türkü yaşayır. Avstraliyada isə 10 mindən çox azərbaycanlı var. Digər qitə və ölkələr üzdə olduqları üçün orada hansı sayda azərbaycanlının yaşaması barədə məlumat vermək məntiqsizdir. Çünki həmin yerlərdə milyonlarla azərbaycanlı yaşayır. Təkcə Rusiyada Ermənistan əhalisnin 2 dəfə çox olan azərbaycanlı var. Ən yaxşı hal isə sıx və pərakəndə şəkildə yayılan və xaricdə yaşayan azərbaycanlıların birliyinin yaradılmasıdır. Diaspora quruculuğunda mərkəzdə duran əsas məsələ Azərbaycanın milli mənafelərinin və maraqlarının qabağa çəkilməsidir. Dünya azərbaycanlılarının birliyi məsələsi-Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. İdeya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi çıxış edir. Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, Azərbaycanın milli müstəvidə problemlərinin çox olmasına görə, diaspor təşkilatları fəaliyyətlərini daha da genişləndirməlidirlər. C.Nuriyev qeyd etdi ki, Azərbaycan dövlətinin diaspora ilə bağlı siyasəti var, bu isə diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi, həmçinin Azərbaycanın milli maraqlarının qorunub saxlanılması və azərbaycançılıq ideologiyasının respublikadan kənarda təbliğatı üçün mühüm əhəmiyyət kəsb edir. Politoloq onu da vurğuladı ki, Cənubi Qafqazda söz sahibi olan Azərbaycan digər ölkələrdən fərqli olaraq, diaspora təşkilatlarının inkişafı və diasporlararası əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər maliyyə vəsaiti ayırır: "Dünyada ən güclü Azərbaycan diasporası Rusiyanın paytaxtı Moskvadadır. Artıq burada Azərbaycanın bir neçə diaspor təşkilatı fəaliyyət göstərir. Əvvəl bir təşkilatımız vardısa, indi bu rəqəm bir neçə dəfə artıb. Ən zəif Azərbaycan diasporası isə Orta Asiya ölkələrindədir. Həmin regionda təşkilatların fəaliyyət mexanizmi genişləndirilməlidir. İnandırıcıdır ki, yaxın gələcəkdə Orta Asiyada Azərbaycan diasporunun fəaliyyəti daha da genişlənəcək. Çünki Azərbaycan dövlətinin bu sahəyə ayırdığı diqqət olduqca müsbət haldır. Hətta bununla bağlı Bakıda bir neçə dəfə qurultaylar keçirdi. Prezident İlham Əliyev diaspor xaricdəki Azərbaycan diasporunun inkişafı ilə əlaqədar sərəncamlaz imzaladı. Diaspor təşkilatlarının inkişafı üçün dövlət tərəfindən yaradılan xüsusi komitə də həmin qayğının nəticəsidir".

Xarici ölkələrdəki Azərbaycan nəşrləri

Azərbaycan diaspor təşkilatlarının mətbu orqanları və saytları da xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin qabağa çıxarılmasında müstəsna xidmətləri var. Diasporanın məbu orqan və saytları təşkilatların bir araya gəlməsini daha da asanlaşdırır. Azərbaycan həqiqətlərilə bağlı məlumatların operativ və dəqiq şəkildə dünya ictimaiyyətinə çatdırılması istiqamətində təqdirəlayiq işlər görür. Amerika-Azərbaycan Şurasının internet səhifəsi (www.azeris.org), Amerika-Azərbaycan Ticarət Palatasının (USACC) internet səhifəsi (www.usacc.org),  "AMOR" Rusiya Azərbaycan Gənclər Təşkilatının rəsmi internet səhifəsi (www.amor.az), "Araz" Topluluğu Tələbə Birliyinin internet səhifəsi (www.araztoplulugu.8m.net), "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin internet səhifəsi (www.anaveten.com), Avropa Azərbaycan Cəmiyyətinin rəsmi internet səhifəsi (www.teas.eu), "Azerbaydjanskiy konqress" qəzeti, "Azerbaycan-Benilüks News" qəzeti, "Azerbaidjan Review" qəzet, "Azerbaijan International magazine" ("Azərbaycan Beynəlxalq jurnalı"), "Azərbaycan" radiosu (Almaniya), Azərbaycan Radiosu (Danimarka), "Azərbaycanın səsi" radiosu (Fransa), "Azərbaycanın səsi" radiosu (İsvecrə), "Azərbaycanın səsi" radiosu (Norveç), "Azərbaycanın səsi" radioverilişi (Kanada), Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin saytı (www.azerbaijanz.com) və s. xaricdəki Azərbaycan diaspor təşkilatlarının mətbu orqanları, radio və saytları var. Azərbaycanın yüzlərlə ölkələrdə 1000-dən çox KİV nümunəsi fəaliyyət göstərir. Həmin xidmətlər alman, rus, türk, holland, fransız, ingilis, gürcü, ərəb, ispan, eməni, çin, yapon və s. dillərdə yayımlanır. Bunlardan başqa ərəb, türk, kürd, türkmən, Somali, assuriya, fars dillərində radio yayımları var. Diaspor təşkilatlarına məxsus olan mətbuat xidmətlərinin əsas məqsədi Azərbaycan mədəniyyəti, tarixinin təbliği, dövlətin inkişaf modeli, Dağlıq Qarabağ münaqişəsi və digər həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaqdır. Xarcdəki azərbaycanlılara yaşadığı ölkələrin dil, mədəniyyət və adət-ənənələrinin öyrədilməsi də həmin yayımların məqsədlərindən sayılır. Bundan başqa mətbu nəşr və radiolarda Azərbaycanla bağlı bütün informasiyaları əldə etmək mümkündür. Nəşrlər ən yeni texnologiyalarla təchiz olunub. Sosial şəbəkələrə çıxış linkləri var. Saytda son məlumatlar, tarixi faktlar linki və digər təşkilatların internet səhifələrinə keçid linkləri aktivdir. Videoxəbərlər, müraciətlər və digər diaspora strukturların elektron səhifələrinə keçid linkləri qoyulub. Məsələyə münasibət bildirən "modern.az" saytının baş redaktoru Elşad Eyvazlı hesab edir ki, diaspor təşkilatlarının Azərbaycanla bağlı bütün həqiqətlərin dünyaya çatdırılmasındakı fəaliyyəti qədirəlayiq haldır. Bu istiqamətdə fəaliyyətimizi artırsaq, bu bir o qədər də Azərbaycanın xeyrinə olacaq. E.Eyvazlı qeyd etdi ki, diaspor təşkilatları dünyanın ayrı-ayrı ölkələrində mütəmadi olaraq işlər görürlər. Amma bəzi diaspor təşkilatları ilə bağlı heç də xoş olmayan xəbərlər gəlir: "Düzdür qurumlar ayrı-ayrılıqda Azərbaycan həqiqələtlərilə bağlı tədbirlər keçirirlər. Lakin bəzi təşkilatlar digərinin həyata keçirdiyi işdə iştirak etmir. İnandırıcıdır ki, yaxın illər ərzində bu məsələlər öz həllini tapacaq. Lakin indiki diaspor təşkilatları 5 il əvvəlki qurumlar deyil. Güclənmə və təşkilatlanma işləri sürətlə gedir". Diaspor təşkilatlarının mətbu orqanları məsələsinə toxunan Elşad Eyvazlı qeyd etdi ki, xaricdəki Azərbaycan diaspor təşkilatlarının kifayət qədər mətbu nümunələri var. Baş redaktor hesab edir ki, onların koordinasiya məsələlərində müəyyən problemlər var. Həmin xidmətlər konkret olaraq bir hədəfə vurmalıdırlar. Hərdən hədəfdən yayınma məsələləri hiss olunur. Ümumilikdə götürəndə isə diaspor təşkilatlarının mətbu orqanlarının fəaliyyətlərinə təqdir etmək olar. Əvvəlki illərə nəzərən indi xeyli işlər görürlər. 10 il əvvlə nəzərən inkişaf sürəti xeyli artıb". Xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının mərkzələşdirilmiş mətbu orqanının yaradılmasının yaxşı hal olacağını deyən E.Eyvazlı bildirdi ki, dünyanın bir çox ölkələrinin artıq belə bir nümunəsi var. Baş redaktor vurğuladı ki, hədəflərə doğru getmək üçün buna böyük ehtiyac var. Müsbət mənada Azərbaycan üçün böyük effekt verəcək.

Qeyd edək ki, artıq ABŞ-da Azərbaycan diaspor təşkilatlarını mərkəzləşdirilmiş mətbu orqanı var. ABŞ Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network-USAN) bütün ABŞ-ın Azərbaycan, türk və digər diaspor və icma təşkilatları, qrup, cəmiyyət, koalisiya, şəbəkə, assosiasiya və klublarını bir arada cəmləşdirir. ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan-Amerika potensial seçicilərinin bir araya gətirilməsinə cəhd edir. USAN seçiciləri səsvermə və seçici qeydiyyatı ilə bağlı maarifləndirmək, Amerika siyasi debatında onların iştirakını təmin etmək, səsvermədə iştirakı fəallaşdırmaq və aktiv seçici potensialına çevrilmək imkanlarının artırılmasına çalışır. Bu məqsədlə saytın elə girişindəcə ABŞ-ın elektron seçici xəritəsi verilib ki, ABŞ-ın azərbaycanlı vətəndaşları bundan asanlıqla yararlana bilirlər. ABŞ (www.usazeris.org) USAN-ın mərkəzləşdirilmiş internet saytıdır. Yaxın gələcəkdə isə ayrı-ayrə ölkələrdəki diaspor təşkilatları haqqında eyni qərarın qəbul edilməsi Azərbaycan adına atılmış müsbət hal olardı.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31