Diaspor fəaliyyətinin hərəkətverici qüvvəsi-Azərbaycan Mədəniyyət Mərkəzi

Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, zəngin tarixi-mədəni irsimizin təbliğ edilməsində müxtəlif ölkələrdə açılan Azərbaycan Mədəniyyət Mərkəzlərinin də müstəsna rolu var. Belə mərkəzlərdən biri cari ilin may ayında Avstriyada fəaliyyətə başlayıb. Məlumat üçün qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2012-ci il Sərəncamı əsasında Avstriyada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə yaradılıb. Mərkəzin əsas hədəfi Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, turizm imkanları barədə müxtəlif səpkili tədbirlər təşkil etməkdir. Fəaliyyət istiqamətlərinə həmçinin Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxana və mediateka ilə xidmət göstərmək daxildir. Mərkəzin qonaqları kitabxanada Azərbaycan ədəbiyyatının klassikləri Nizami, Nəsimi və Füzulidən tutmuş müasir ədəbiyyatımızın görkəmli nümayəndələrinə kimi çoxlu sayda yazıçı və şairlərin əsərləri ilə tanış ola bilirlər. Mərkəzdə mütəmadi şəkildə təşkil olunan musiqi axşamlarında Azərbaycan xalq musiqisi ilə yanaşı görkəmli bəstəkarların  əsərlərinin səsləndirildiyi konsert proqramlarını dinləmək imkanı əldə edilir. Mədəniyyət Mərkəzində təşkil olunan sərgilər sayəsində isə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq və tətbiqi xalq sənətinin ən maraqlı nümunələri sənətsevərlərin sərəncamına verilir. Mərkəzin məqsədi həm Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, həm də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq, mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Cari il, may ayının 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Dövlət başçısı dünya mədəniyyəti paytaxtlarından biri sayılan Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını iki ölkənin münasibətləri tarixində əlamətdar hadisə kimi qiymətləndirib. Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak etməkdən şərəf duyduğunu deyən Avstriya parlamentinin vitse-spikeri Frits Noyqebauer ölkələrimiz arasında dostluq münasibətlərinin hökm sürdüyünü vurğulayıb.

Fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzi Avstriyada Azərbaycanla bağlı bir sıra tədbirlər keçirib. Noyabrın 28-də Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli pianoçusu, Xalq Artisti, professor Zöhrab Adıgözəlzadənin xatirəsinə həsr olunmuş konsert keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova deyib ki, görkəmli pianoçu uzun müddət Vyana və bu şəhərin musiqisevərləri ilə bağlı olub, dəfələrlə burada tanınmış orkestrlərlə birgə konsertlər verib. Tədbirin "Culture Meeting Point" təşkilatı ilə birgə təşkil olunduğunu vurğulayan Leyla Qasımova bildirib ki, mədəniyyət mərkəzinin əsas məqsədi yalnız öz tədbirlərini diqqət mərkəzində saxlamaq deyil, eləcə də Avstriyadakı digər təşkilatlarla birgə həyata keçirilən layihələr çərçivəsində mədəniyyətlərarası dialoqa və qarşılıqlı anlaşmaya töhfə verməkdir. "Culture Meeting Point" təşkilatının musiqi şöbəsinin rəhbəri, musiqişünaslıq üzrə fəlsəfə doktoru Fərəh Tahirova tanınmış pianoçu, pedaqoq və bəstəkar Zöhrab Adıgözəlzadənin həyat və yaradıcılığından, onun Azərbaycanda və Türkiyədə klassik musiqi sənətinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, Z.Adıgözəlzadə Avstriyada ilk dəfə 15 il əvvəl, 1998-ci il noyabrın 28-də "Yunus İmre" kvarteti ilə birgə konsert verib və  tədbirin belə bir məkanda təşkili mərhum musiqiçinin ruhunu da şad edir. Eyni zamanda, F.Tahirova Azərbaycan Mədəniyyət Mərkəzinə ölkəmizin mədəniyyətini və görkəmli şəxsiyyətlərini tanıtmaq üçün həyata keçirilən tədbirlərə görə məmnunluğunu ifadə edib. Tədbirin bədii hissəsində Türkiyənin Eskişehir Anadolu Universitetinin nəzdində fəaliyyət göstərən "Yunus Emre" kvarteti və pianoçu Fərid Adıgözəlzadə birgə konsert proqramı ilə çıxış ediblər. Konsertdə məşhur Azərbaycan və türk bəstəkarları Qara Qarayev, Ülvi Camal Erkin, FiNoyabrın 5-də Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri, Vyanada fəaliyyət göstərən bəzi ölkələrin mədəniyyət mərkəzlərinin əməkdaşları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzi tanınmış yazıçı, mərhum Mir Cəlal Paşayevin 105 illiyini də geniş şəkildə qeyd edib. Mərkəzin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında əvəzsiz rol oynamış Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb, bu il yazıçının 105 illik yubileyinin həm Azərbaycanda, həm də xarici ölkələrdə silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb. Mir Cəlalın ədəbi yaradıcılığı ilə yanaşı, Azərbaycanda ədəbi tənqid məktəbinin banilərindən biri olduğunu qeyd edən Leyla Qasımova yazıçını tələbələrinin sevimlisi olan, işlədiyi kollektivdə böyük hörmət qazanan, kiçikdən böyüyə hamıya mehribanlıq və səmimiyyətlə yanaşan müəllim, iş yoldaşı, ailə başçısı kimi xarakterizə edib. Bildirib ki, Vətəni Azərbaycan üçün layiqli övladlar böyütmüş görkəmli şəxsiyyətə ən yaxşı əsəri barədə ünvanlanmış suala fəxrlə "Mənim ailəm mənim ən yaxşı əsərimdir" cavabını verib. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxışında Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan Mir Cəlal Paşayevin yaradıcılığının ölkəmizdə və onun hüdudlarından kənarda geniş tanındığını, 2008-2009-cu illərdə UNESCO-nun dünya miqyaslı hadisələrin və şəxsiyyətlərin yubileylərinin qeyd olunması ilə bağlı qərarına Mir Cəlal Paşayevin də adının daxil edildiyini, bu təşkilat çərçivəsində görkəmli yazıçının 100 illik yubileyinin geniş qeyd edilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, görkəmli alimin "Füzuli sənətkarlığı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "XX əsr Azərbaycan ədəbiyyatı" kimi elmi iş və monoqrafiyaları onilliklərdən bəri ali təhsil ocaqlarında tədris vəsaiti kimi istifadə olunmaqdadır. Tədbirin bədii hissəsində Vyana Universitetinin doktorantı Yaqut Abdalla və Ştefan Rollfinke Azərbaycan və alman dillərində yazıçının məşhur "Anket Anketov", "Ay İsmayıl, bir başa sal!" və "Öyrəncəkli" hekayələrindən parçalar oxuyublar. Skripkaçı Stefan Kamilarov pianoda Marqarete Babinskinin müşayiəti ilə Qara Qarayev, Volfqanq Amadey Motsart və Ludviq van Bethovenin əsərlərini ifa edib. Tədbirdə Mir Cəlalın həyatının müxtəlif dövrlərini əks etdirən fotolar əsasında hazırlanmış videomaterial nümayiş olunub. Həmçinin Fikrət Əmirov və başqalarının kvartet və fortepiano üçün əsərləri ifa edilib.

Azərbaycan Mədəniyyət Mərkəzində həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər. Mərkəzin rəhbəri Leyla Qasımova tədbirdə çıxış edərək bildirib ki, 100 il bundan əvvəl Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasının Bakıda ilk tamaşası göstərilib. İlk gündən tamaşaçıların böyük rəğbətini qazanan əsər 60-dan artıq dilə tərcümə edilib, dünyanın 160-dan çox ölkəsində nümayiş olunub. Leyla Qasımova deyib ki, ölməz sənət incisinin nümayiş olunduğu şəhərlər siyahısında dünya klassik musiqisinin paytaxtı Vyana şəhəri də olub. 2006-cı ildə Vyana Kamera Operasında avstriyalı aktyor heyətinin iştirakı ilə əsər alman dilində təqdim olunub. Həmçinin qeyd edilib ki, 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında "Arşın mal alan" operettasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd olunması haqqında qərar qəbul olunub. Buna görə də əsərin yubileyi nəinki Azərbaycanda, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda da geniş qeyd edilir. Sonra Azərbaycan kino tarixinin ən dəyərli incilərindən olan Rəşid Behbudov, Leyla Bədirbəyli, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva, Mirzəağa Əliyev kimi ölməz sənətçilərin rol aldığı "Arşın mal alan" filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

May ayında isə Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə Vyananın "Konzerthaus" mədəniyyət evində Azərbaycan və Avstriya musiqiçilərinin birgə konserti olub. Konsert proqramında Azərbaycanın Xalq Artisti, tanınmış tarzən, professor Ramiz Quliyev Avstriyanın "Concilium musicum Wien" orkestri ilə birgə çıxış edib. Gənc dirijor Əyyub Quliyevin rəhbərliyi ilə keçən klassik musiqi axşamında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertdə Milanda yaşayıb fəaliyyət göstərən azərbaycanlı opera müğənnisi Yusif Eyvazov Üzeyir Hacıbəylinin, Françesko Çileanın və digər bəstəkarların operalarından ariyalar ifa edib. Tədbirdə Avstriya hökumətinin nümayəndələri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, avstriyalı musiqisevərlər və həmvətənlərimiz iştirak ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31