Avstraliyada Azərbaycan diasporu
6 Dekabr 2013 16:37 DiasporaMüstəqillik illərindən inkişaf etməyə başlayan Azərbaycan diasporu bu gün dünyanın dörd bir tərəfində uğurlu fəaliyyət göstərməkdədir. Avropadan tutmuş Amerikaya, Afrikadan Asiya qədər dünyanın hər bir yerində Azərbaycan diaspor təşkilatlarına rast gəlmək mümkündür. Sevindrici hal ondan ibarətdir ki, bu gün hətta yaşıl qitə hesab edilən Avstraliyada da soydaşlarımıza yaşayır və burada Azərbaycan diasporu fəaliyyət göstərir. Məlumat üçün qeyd edək ki, dünyanın 5-ci qitəsi sayılan Avstraliyada 8 minə yaxın soydaşımız məskunlaşıb. Əsasən türkiyəli və cənublu azərbancanlılardan ibarət olan Azərbaycan diasporunun tərkibi son 10 ildə şimaldan bura iqtisadi mühacirətin artması səbəbi ilə günü-gündən genişlənir. Ümumiyyətlə isə, Avstraliyaya azərbaycanlıların mühacirəti 1950-ci illərdən başlayır. Əvvəl Turkiyə ilə Avstraliya arasında imzalanmış miqrasiya müqavilələrinə uyğun olaraq, buraya Turkiyə azərbaycanlılarının daxil olduğu kütləvi mühacirət başlanıb. Əsasən orta sinfin nümayəndələri içərisində olan azərbaycanlılara ziyalıların çoxluq təşkil etdiyi Cənubi Azərbaycan mühacirlərinin də qoşulması burada diasporumuzun formalaşmasına şərait yaradıb. Müstəqillik əldə edildikdən sonra Avstraliyada fəaliyyətini genişləndirən soydaşlarımız buraya Azərbaycandan musiqiçilər, alimlər, yazıçılar, incəsənət ustalarını bir neçə dəfə dəvət ediblər. Sidneydə Azərbaycanla əlaqəli də müxtəlif tədbirlər həyata keçirilib. 18 ildir efirə çıxan yerli "Azərbaycanın səsi" radiosunda Azərbaycanla bağlı məlumatlar, musiqilər səslənir.
Avstraliyada fəaliyyət göstərən yeganə Azərbaycan diaspor təöşkilatı Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyidir. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi ilk olaraq Avstraliya-Azərbaycanlılar Birliyi adı altında 1992-ci ilin aprel ayında Sidney şəhərində təsis edilib. 2007-ci il aprel ayının 20-də keçirilən Dünya azərbaycanlılarının II qurultayından sonra Avstraliya- Azərbaycanlılar Birliyi Avstraliya- Azərbaycan-Türk Dostluq Birliyi adlanmağa başlayıb. 1993-cu il yanvarın 3-də Birliyin təşəbbüsü ilə "Azərbaycanın səsi" radiosu təsis edilib. Radionun redaktoru isə Gülzar Qasımova təyin olunub. "Azərbaycanın səsi" radiosunda mütəmadi olaraq Azərbaycanın mədəniyyəti haqqında, Azərbaycanda keçirilən tədbirlər, bayramlarla bağlı azərbaycanca və ingiliscə verilişlər hazırlanıb nümayiş olunur. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin əsas məqsədi Azərbaycanı Avstraliyada və bütün dünyada tanıtmaq, onun mədəniyyəti, siyasətini dünyaya çatdırmaq, millətçilik və lobbiçilik siyasətini yürütməkdir. Dərnək tərəfindən Avstraliya Universitetində təhsil alan azərbaycanlı tələbələrlə və müəllimlərlə mütəmadi olaraq görüşlər keçirilir, müxtəlif informasiyalar onlara çatdırılır. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi 2000-ci ildə Sidneydə keçirilən Olimpiya İdman Oyunlarına gedən azərbaycanlı idmancı və turistlərin qarşılanması, yerləşdirilməsi, oranın tarixi yerləri ilə yaxından tanış olması və s. işlərlə məşğul olub. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovdur. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi və Türk Quruluşları Federasiyasının təşkilatçılığı ilə hər il Avstraliyanın ən böyük məscidi olan Gelibolu Camisində Xocalı soyqrımı anılır. Belə anım tədbirlərindən biri cari ilin fevral ayında keçirilib. Belə ki, Avstraliyanın ən böyük məscidi olan Sidneydəki Gelibolu Camisində 3000-dən artıq insanın iştirak etdiyi Cümə namazından öncə də Xocalı faciəsi barədə ətraflı məlumat verilib, Xocalı qurbanlarının ruhuna "Yasin" oxunub və dualar edilib. Həmən gün Türk Dayanışma Dərnəyinin binasında "Türk Evi"ndə (Turkish House)-da Azərbaycan, Türkiyə, Uyğur, Türkmən və digər türk toplumlarının, yerli ictimaiyyətin nümayəndələrinin, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə anım tədbiri də keçirilib. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi və "Azərbaycanın səsi" radiosunun təşəbbüsü ilə keçirilən tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı faciəsi ilə bağlı hazırlanaraq yerli diasporaya göndərilən videomateriallar nümayiş olunub, kitablar və broşürlar da paylanıb. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin prezidenti İmamətdin Qasımov iştirakçılara Xocalı soyqırımının dəhşətləri haqqında məlumat verərək, Türkiyə-Azərbaycan birliyinin bu hadisənin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadığını vurğulayıb. O, 1992-ci ilin 26 fevral gecəsi keçmiş sovet ordusunun yardımı ilə erməni silahlılarının Xocalı şəhərində törətdiyi vəhşiliklərin əvvəlcədən hazırlanmış planın tərkib hissəsi olduğunu deyərək, bu cinayətin təkcə Azərbaycan türklərinə qarşı deyil, bütün türk dünyasına qarşı həyata keçirildiyini vurğulayıb. 2000 FM Radiosunda 19 ildir efirə ҫıxan "Azərbaycanın səsi"radio proqramının rəhbəri Gülzar Qasımova isə Xocalı faciəsi ilə bağlı xüsusi proqram yayımladıqlarını və dinləyicilərə ətraflı məlumat verdiklərini deyib. O, Xocalı soyqırımı zamanı 63-ü uşaq və 106-sı qadın olmaqla 613 nəfərin vəhşicəsinə öldürüldüyünü qeyd edərək, bu hadisənin XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğunu qeyd edib. Digər çıxış edənlər, Türk Dayanışma Dərnəyinin rəhbəri Bəşir Karasu və Türk Quruluşları Federasiyasının prezidenti Dursun Candəmir də çıxış edərək ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi vəhşiliyi lənətləyiblər. Ermənistanın Azərbaycana qarşı təcavüzünü və hələ də Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxladığını da pisləyiblər.Tədbirin sonunda Azərbaycan və Türkiyə icmalarının azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılmasında koordinasiyalı rolu və gələcək planları barədə fikir mübadiləsi də aparılıb.Anım mərasimində Xocalı soyqırımına aid foto sərgi də nümayiş etdirilib.
Təşkilat Azərbaycanın milli bayramlarını da yaşıl qitədə geniş səviyyədə qeyd edir, bu məqsədlə müxtəlif tədbirlər keçirir. Belə ki, Avstraliyanın Sidney şəhərində birliyin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Tədbirə Azərbaycan və Türkiyə icmalarının nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr qatılıb. Tədbirdə Azərbaycanın tarixi və 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasının mütərəqqi addımları barədə məlumat verilib. Cəmiyyətin prezidenti İmaməddin Qasımov 1918-ci ildə ölkə parlamentinin qərarı ilə qadınlara seçki hüququ verilməsi ilə Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqların verilməsi sahəsində nəinki şərqdə ilk, həm də ABŞ (1920), Britaniya (18-28), Fransa (1944) kimi ölkələri qabaqlayaraq Qərb ölkələri arasında da ilk sıralarda yer aldığını vurğulayıb. Sidney Texnologiya Universitetinin inşaat və ətraf mühit mühəndisliyi fakültəsinin baş müəllimi və koordinatoru Şəmsəddin Nicat Azərbaycan dilində vətənpərvərlik ruhunda yazdığı şeirləri oxuyub. Daha sonra Azərbaycan Demokratik Respublikasının uğurları, yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın keçdiyi yol, Dağlıq münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və digər mövzular ətrafında müzakirə aparılıb. Həmçinin təşkilat Azərbaycan və Türk icmasının kompakt yaşadıqları Obern (Auburn) qəsəbəsində də hər il Novruz və digər bayramlarımızı qeyd edir.
Bir müddət əvvəl isə Avstraliyadakı azərbaycan icmasının rəsmi veb-səhifəsini istifadəyə verilib. Belə ki, bundan sonra Avstraliyadakı Azərbaycan icması ilə bağlı bütün xəbərləri bu saytda (azeri.com.au) izləmək və xəbərlərə abunə yazılmaq mümkün olacaq. Sayt Avstraliya milli domeninində yerləşir. Veb-səhifədə Avstraliya-Azərbaycan əlaqələrinə həsr olunmuş ayrıca bölmə var. Azərbaycana viza almaq, səfər etmək istəyənlər üçün məsləhətlər, ölkəmiz haqqında geniş məlumat, fotolar və xəbərlər də saytda yer alıb. Bundan başqa Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin təşkil etdiyi tədbirlər, Avstraliyada fəaliyyət göstərən "Azərbaycanın Səsi" radiosunda efirə gedən verilişlər də saytda yerləşdiriləcək.
Müsbət məqamlardan biri ondan ibarətdir ki, Azərbaycanın Avstraliyadakı səfirliyi də diasporun inkişafına öz töhfəsini verir, bu qitədə yaşayan soydaşlarımızın problemləri ilə müntəzəm olaraq maraqlanır. Bir müddət əvvəl səfirlikdə bu ölkədəki azərbaycanlı icmasının tanınmış üzvləri və fəalları ilə görüş keçirilib. Görüşün əsas məqsədi Avstraliyada yaşayan həmvətənlərimiz arasında təşkilatlanma işinin daha da möhkəmləndirilməsi, azərbaycanlıları birləşdirən qurumların vahid əlaqələndirmə mərkəzinin formalaşdırılması və erməni icmasının ölkəmizin milli maraqları əleyhinə, xüsusilə işğal olunmuş Dağlıq Qarabağın Avstraliyanın yerli və federal qanunverici orqanları tərəfindən tanınması istiqamətində intensiv fəaliyyətinin zərərsizləşdirilməsi məqsədilə prioritetlərin müəyyənləşdirilməsi olub.Tədbirdə çıxış edən Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov iştirakçıları tədbirin məqsədi, Azərbaycan hökumətinin son illər ərzində apardığı uğurlu daxili və xarici siyasəti, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti, xarici ölkələrdəki diaspor təşkilatlarına verilən dəstək və bu dəstəyi zəruri edən amillər, Avstraliyadakı erməni icmasının ölkəmizə qarşı apardığı fəaliyyət barədə məlumatlandırıb: "Avstraliyadakı erməni diasporunun əsas təşkilatı - Avstraliya Erməni Milli Komitəsi (ANCA) Türkiyə ilə yanaşı, Azərbaycana da qarşı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ölkəmiz haqda mənfi rəy formalaşdırmağa çalışır. Təəssüflər olsun ki, bu yalan kampaniyası əksər hallarda cəmiyyətdə ölkəmiz haqda kifayət qədər məlumatın olmamasından istifadə edilərək həyata keçirilir. Bu bədnam fəaliyyətin qarşısının alınması məqsədilə ilk addım Azərbaycan həqiqətlərinin Avstraliya cəmiyyətinə düzgün çatdırılmasını təmin etmək və bu istiqamətdə əlaqəli və mərkəzləşdirilmiş qaydada hərəkət etmək olmalıdır". Tədbirdə çıxış edən "Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi"nin sədri İmamətdin Qasımov görülən işlər barədə məlumat verərək, yerli hakimiyyət orqanları, ictimai təşkilatlar və digər türkdilli xalqların diaspor quruluşları ilə aparılan əməkdaşlıqdan danışıb. Sonda irəli sürülən təkliflər əsasında Avstraliyanın azərbaycanlı icmasının üzvilərinin təmsil olunduğu qurumların vahid federasiya və ya konfederasiya formatında birləşdirilməsi qərara alınıb və bu istiqamətdə ilk addımlardan biri kimi Sidney şəhərində azərbaycanlıların ümumi təsis yığıncağının təşkili ideyası qəbul olunub. Könüllülük prinsipi ilə doqquz nəfərdən ibarət müvəqqəti idarə heyəti seçilib, idarə heyətinin vəzifələri kimi yaradılacaq qurumun əsasnaməsinin hazırlanması və Sidneydə keçiriləcək toplantının təşkil edilməsi müəyyənləşdirilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir