Avropa Azərbaycan Cəmiyyətinin 5 illik uğurlu fəaliyyəti
5 Dekabr 2013 16:35 DiasporaAzərbaycanı Avropa məkanında layiqincə təmsil edən diaspor təşkilatlarından biri də Avropa Azərbaycan Cəmiyyətidir. Fəaliyyətə başladığı gündən Avropada Azərbaycanın təbliği, ölkəmizin üzləşdiyi problemlərin avropalılara çatdırılması istiqamətində çalışan Avropa Azərbaycan Cəmiyyətinin bu günlərdə yaranmasının 5-ci ildönümü tamam olur. Bu münasibətlə Böyük Britaniya Xarici İşlər Nazirliyinin "Locarno Suite" zalında təntənəli mərasim keçirilib. Mərasimə 300-dən artıq qonaq, deputatlar, biznes və siyasət adamları, diplomatlar, həmçinin Azərbaycanın dostları qatılıb. Yubiley tədbirini giriş sözü ilə Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter açıb. Daha sonra Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxış edib. O, geniş nitqində Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, Şərqdəki ilk demokratik respublika quruluşunun 1918-20-ci illərdə əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün qadınlara Böyük Britaniyadan 10 il əvvəl seçmə və seçilmə hüququ verib. Tale Heydərov müasir Azərbaycanın nailiyyətlərindən də söz açıb: "Müasir dövrünən önəmli hadisəsi ümummilli lider, prezident Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"dir. Bu müqavilə keçmiş sovet xaosundan sonra ölkədə sabitliyin yaranmasına səbəb oldu. Prezident İlham Əliyev iqtisadiyyatı gücləndirməklə və ölkənin infrastrukturunu dəyişdirməklə bu siyasəti davam etdirir". Tale Heydərovun sözlərinə görə, Avropa Azərbaycan Cəmiyyəti 5 ildir fəaliyyət göstərir və cəmiyyətin 6 ölkədə nümayəndəliyi var: "Bu təşkilat Azərbaycan mədəniyyətini tanıdır və ölkəmizlə Avropa arasındakı ticarət və investisiyalar üçün şərait yaradır. Cəmiyyət Azərbaycanın dini dözümlülüyünü işıqlandırır və Qərbin Azərbaycanın Kosovo, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlardakı dəstəyini dərk etməsini təmin edir. Avropa Azərbaycan Cəmiyyəti həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu işıqlandırır. Bunun əvəzində Qərbdən Qarabağ münaqişəsindən əziyyət çəkən 1 milyon qaçqın-köçkünü unutmamağı, bizə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistanla münaqişənin diplomatik həll yolunu tapmaqda kömək etməsini xahiş edirik". Tale Heydərov çıxışında onu da vurğulayıb ki, Avropa Azərbaycan Cəmiyyəti ölkəsinin nailiyyətləri ilə fəxr edir: "Əlbəttə, ölkə barəsində neqativ məqamları işıqlandırmağı qarşısına məqsəd qoyan və bizim qaçqın-köçkünlərin hüquqlarından söhbət getdikdə susanlar var. Bunlar necə Azərbaycanın əsl dostu ola bilərlər? Bizsə əksinə, Azərbaycan, Böyük Britaniya və Avropa ölkələrinin ümumi maraqlarına faydalı məqamları görürük. Biz yalnız ölkəmiz barədə bilikləri, o cümlədən ölkəmiz tərəfindən bütün dünyaya təklif edilən biznes imkanlarını təşviq edirik". Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da mərasimdə çıxış edib. Səfir bildirib ki, son 5 ildə Avropa Azərbaycan Cəmiyyəti Azərbaycanın təbliğində böyük iş görüb: "Britaniya iləAzərbaycan arasında münasibətlərin günbəgün gücləndiyini vurğulamaq mənim üçün xoşdur. Xüsusilə, Avropa Azərbaycan Cəmiyyəti xalqlar arasındakı münasibətlər vasitəsilə əvəzsiz töhfələr verib. Çox şadam ki, Azərbaycanı Böyük Britaniyada və ümumilikdə Avropada dəstəkləyən Avropa Azərbaycan Cəmiyyəti kimi bir təşkilatı var. Növbəti beş ili səbirsizliklə gözləyirəm". Böyük Britaniya Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji, Avropa Birliyi və enerji davamlılığı departamentinin rəhbəri Edmund Hosker çıxışında deyib ki, Azərbaycan əsas enerji istehsalçılarından biridir və mexaniki üsulla neft hasilatı və müasir neft nəqlinin başlandığı ölkədir. Britaniya parlamentinin Enerji Komitəsinin üzvü və parlamentdə bütün partiyalar üzrə Azərbaycan-Böyük Britaniya Dostluq qrupunun rəhbəri olan Kristofer Pinçer bəyan edib ki, Azərbaycanın Sovet İttifaqının tərkibindən ayrılmasından ötən 22 il ərzində Azərbaycan sürətlə inkişaf edib: "Lakin yalnız bir məsələ- davam edən Qarabağ münaqişəsi hələ də həll edilməmiş qalır. Britaniya bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir". Nitqlərdən sonra qısametarjlı film nümayiş olunub. Film baş ofisi Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyətinın 5 il ərzindəki inkişafından, Bakı, Paris, Berlin, Brüssel və İstanbulda ofislərinin açılmasından bəhs edir. Qeyd edilib ki, Avropa Azərbaycan Cəmiyyəti yarandığı gündən 27 min qonağın iştirakı ilə 50-dən artıq tədbir təşkil edərək Avropada Azərbaycan barədə məlumatlılığın artırılmasına nail olub. Bu məqsədlə geniş elmi araşdırma aparıb və təhsil təşəbbüsləri həyata keçirib.Tədbir azərbaycanlı skripka ifaçısı, Avropa Azərbaycan Cəmiyyətinın mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva və "Deco" ansamblının Azərbaycan milli və klassik musiqisi, argentinalı bəstəkar Astor Piazzollanın əsərlərinin ifası ilə sona çatıb.
Məlumat üçün qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyəti Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş Azərbaycanı təbliğ etmək, eləcə də ölkə və Avropa millətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələri inkişaf etdirməklə məşğul olan ümumavropa qeyri-hökumət təşkilatıdır. Azərbaycanın müsbət aspektlərinin təbliğ edilməsi ilə yanaşı Avropa Azərbaycan Cəmiyyəti 1 milyona yaxın qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə diqqət çəkir. Cəmiyyətin təşkil etdiyi tədbirlərdə qeyd olunur ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Dağlıq Qarabağ və yeddi ətraf rayonun erməni silahlı qoşunları tərəfindən qeyri-qanuni olaraq işğal edilməsi səbəbindən bu insanlar öz evlərinə və doğma torpaqlarına qayıda bilmir.
Avropa Azərbaycan Cəmiyyəti 2008-ci ilin noyabr ayında işə başlayıb. Ondan dörd il öncə isə London Azərbaycan Cəmiyyəti kimi fəaliyyət göstərib. Təşkilatın Birləşmiş Krallıq, Belçika, Fransa, Almaniya və Türkiyədə ofisləri, Azərbaycanda isə nümayəndəliyi vardır. Təşkilatın missiyasının bir hissəsi olaraq, Avropa Azərbaycan Cəmiyyəti mütəmadi təşkil edilən konsertlər, sərgilər, kitab nəşrləri və təqdimatların daxil edildiyi çoxistiqamətli mədəniyyət layihəsini həyata keçirir. Avropa Azərbaycan Cəmiyyətinin mədəni tədbirləri Birləşmiş Krallıq, Belçika, Almaniya və Fransadakı ofislər tərəfindən təşkil olunan təqdimatlar da daxil olmaqla bütün Avropa ölkələrində keçirilir. Avropa Azərbaycan Cəmiyyətinin məqsədi dünya ictimaiyyətini incəsənət, memarlıq, ədəbiyyat, teatr, kino, rəqs və musiqi sahələri də daxil olmaqla, Azərbaycanın bütün növ mədəniyyət sahələri barədə məlumatlandırmaqdır. Cəmiyyətin mədəniyyət tədbirləri təqvimi Azərbaycanın əsas bayramlarının qeyd edilməsini, Azərbaycan mədəniyyətinin Avropada tanıdılması.o cümlədən, Avropanın incəsənət nümayəndələrinin Azərbaycana səfərinin təşkil olunması və onların müxtəlif mədəniyyət layihələrində iştirakına imkan yaradılmasını ehtiva edir. Ən yaddaqalan mədəniyyət tədbirlərindən biri 2000 nəfərin iştirakı ilə Londonda keçirilmiş Azərbaycan Mədəniyyəti Həftəsonu olub. Tədbirdə Azərbaycan və Britaniya musiqiçiləri, Azərbaycan rəqs ansamblı xüsusi proqramla çıxış edib.
Avropa Azərbaycan Cəmiyyətinin üç əsas əməliyyat aspektləri var. Birincisi, mədəniyyət sahəsi. Avropa Azərbaycan Cəmiyyəti mədəni tədbirlər keçirmək və şəbəkə mərkəzi kimi fəaliyyət göstərməklə dünya ictimaiyyətini Azərbaycanın zəngin mədəniyyəti ilə tanış edir. İkincisi, Biznes - Avropa Azərbaycan Cəmiyyəti Avropa və Azərbaycanın biznes əlaqələrini dəstəkləyir. O təşkilatların əməkdaşlıq əlaqələri qurması və mövcud biznes əlaqələrinin region boyu genişlənməsi üçün platform yaradır. Üçüncüsü, İctimai Əlaqələr - Avropa Azərbaycan Cəmiyyəti əsas fikir yaradıcıları, qərar qəbul edənlər və digər siyasi, akademik dairlər və vətəndaş cəmiyyətilə əlaqəli şəxslərin Azərbaycan barədə məlumatını artırmaq üçün çalışır. Öz məqsədləri çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti:maraqlanan tərəflər, fikir formalaşdıran və qərar qəbul edən tərəflərlə görüşlər təşkil edir, siyasətçilər, jurnalistlər və biznes adamlarının tanışlıq məqsədilə keçirilən iş səyahətlərini təşkil edir. Eyni zamanda dəyirmi masalar, seminarlar, mühazirələr və konfranslara təşkilatçılıq edir, hesabatlar, bülletenlər və kitablar hazırlayır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir