Rövşən Tağıyev: “Ukrayna daimi yaşadığımız və işlədiyimiz bir ölkə, bizim ümumi evimizdir!”
27 Noyabr 2013 15:34 DiasporaTanıtma: Rövşən Surxay oğlu Tağıyev 1969-cu il iyulun 18-də Bakıda anadan olub. Orta təhsilini Naxçıvan MR-nin Culfa şəhərində alıb. 1991-ci ildə Kiyev Dövlət Universitetinin tarix fakültəsini, 2012-ci ildə Ukrayna Elmlər Akademiyasını bitirib. 2012-ci ildə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, 2013-cü ilin oktyabr ayında Ukrayna Millətlər Assambleyasının sədri seçilib. Ailəlidir, 2 övladı var.
-Rövşən müəllim, yeni-mühüm vəzifəyə seçilməyiniz münasibətilə Sizi Azərbaycanın ictimaiyyət nümayəndələri adından təbrik edir, gələcək işlərinizdə uğurlar arzu edirəm. Mümkünsə, fəaliyyətiniz barədə oxuculara daha geniş məlumat verərdiniz.
-Mən, orta məktəbi bitirdikdən sonra - 1986-cı ildə Kiyev Dövlət Universitetinə qəbul oldum. Tələbəlik illərində Azərbaycanda baş verən ictimai siyasi prosesləri diqqətlə izləyirdim. Ölkəmiz dövlət müstəqilliyini bərpa edən il, ali məktəbi bitirdim. Həmin il, keçmiş Sovetlər İttifaqında yaradılmış I Türkdilli Xalqlar Cəmiyyətinə üzv seçildim, Azərbaycan Cəmiyyətinin rəhbəri, 1996-97-ci illərdə Türkdilli Xalqların Mədəniyyət Mərkəzinin rəhbəri oldum. 1997-ci il mart ayının 25-27-də Azərbaycan xalqının Ümummilli lideri H.Əliyev, Ukraynaya rəsmi səfərə gəldi. O, diaspor fəalları ilə təşkil olunan görüşdə xarici ölkələrdə yaşayan soydaşlarımız qarşısında mühüm vəzifələr qoydu. Biz, qısa müddətdə Ukraynanın 18 regionunda diaspor təşkilatlarını və ya onların özəklərini yaratdıq. Bu proses, 2 il davam etdi. Həmin il, Azərbaycanın Ukraynadakı Səfirliyində diplomat kimi işə başladım. Səfirlikdə işlədiyim zaman diaspor fəaliyyətinin gücləndirilməsi üçün zəruri tədbirlər gördüm.
1999-cu ildə dünyada ilk dəfə biz, "Ukrayna Azərbaycanlıları Konqresi" ni yaratdıq. Bu addım, Azərbaycanın o zamankı Dövlət Başçısı H.Əliyev tərəfindən çox böyük razılıqla qarşılandı. Keçirdiyimiz tədbirlərin ana xəttini Ukrayna-Azərbaycan əlaqələri, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, işğal edilmiş torpaqlarımız, onların azad olunması üçün beynəlxalq təşkilatların ikili standartlardan əl çəkmələri təşkil edir. 1 il öncə Konqresdə müəyyən çətinliklər yarandı, sədr İlqar Abbasov istefa verdi. Mən, səs çoxluğu ilə Konqresə rəhbər seçildim. Nizamnamədə dəyişiklik etdik, təşkilatın adını "Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi" qoyduq. Biz, Ukraynanın ictimai həyatında önəmli rol oynayırıq. Milli vətənpərvərlik ruhunda təşkil olunan tədbirlərə dəstək veririk. Ukraynanın əksər regionlarında vətənsevər soydaşlarımız çoxdur. Biz, onların tanıdılması, başqalarına nümunə göstərilməsi üçün çalışırıq.
- Ümummilli Lider H.Əliyevin ideyalarının təbliği istiqamətində hansı tədbirləri həyata keçirmisiz?
-Heydər Əliyev mənim idealımdır. O da Universitetin tarix fakültəsini bitirib, mən də. Tarix fakültəsini seçməyimin əsas səbəbi, Ümummilli liderə olan sonsuz hörmətimdir!
-Bu ilin oktyabrında Kiyevdə Ukrayna Millətlər Assambleyası yaradılıb. Siz, həmin təşkilata rəhbər seçilmisiz. Mümkünsə, qarşıda duran mühüm vəzifələr barədə məlumat verərdiz.
-Ukrayna çox böyük dövlətdir. Burda müxtəlif ölkələrin vətəndaşları səmimi mehribançılıq şəraitində yaşayırlar. Azsaylı millət və xalqların nümayəndələrinin birgə əməkdaşlığını genişləndirmək, onların qarşılaşdıqları problemlərin həllinə hüquq müstəvisində yardım göstərmək,qarşımızda duran ümdə vəzifələrdəndir.Biz, Ukraynanı 2-ci Vətənimiz hesab edirik. Ukrayna daimi yaşadığımız, işlədiyimiz bir ölkə, bizim evimizdir!
- Maraqlıdır, hansı meyarlara əsasən Siz, Assambleyaya rəhbər seçildiniz?
-Biz, bu Assambleyaya "Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi" olaraq qoşulmuşuq.Ukraynalıların,rusların,yəhudilərin,rumınların,qaqauzların, çeçenlərin, habelə, digər millət və xalqların təmsilçiləri, tanınmış QHT-lər də burda təmsil olunur. Mənim rəhbər seçilməyim, 25 illik təcrübənin və yaratdığım işgüzar əlaqələrin nəticəsidir. Belə bir söz var: "İnam krediti." Mən, bu krediti götürdüm.Ondan sağlam düşüncə ilə bəhrələnməyə çalışacağıq. Assambleyanın təqdimat mərasimində Ukraynanın ilk Prezidenti Leonid Kravçuk, Ukrayna Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, deputatlar, iş adamları, ictimaiyyətin nümayəndələri, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş diplomatları iştirak edirdilər. ABŞ Konqresindən, İngiltərənin Lordlar Palatasından, İsraildəki Yəhudi İcmalarından təbrik məktubları gəldi. Bu, Assambleyanın beynəlxalq səviyyəyə çıxışını sürətləndirəcək.
-Xidməti işinizlə əlaqədar Bakıya tez-tez gəlirsiz.Ölkəmizdə aparılan tikinti-abadlıq işlərinin şahidisiz. Bu barədə nə deyə bilərsiz?
-Mən, Bakıya ildə ən azı 2 dəfə gəlirəm. Nəinki biz, Bakıda və bəzi regionlarda olan Ukraynanın iş adamları, deputatlar da Azərbaycandakı quruculuq işlərindən çox məmnundurlar. Bu, cənab İlham Əliyevin son 10 ildə apardığı uğurlu siyasətin nəticəsində baş vermişdir. Borcumuz, Azərbaycandakı sabitliyi göz bəbəyi kimi qorumaqdan ibarətdir. Yalnız bu yolla Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş torpaqlarımız özümüzə qaytarıla bilər.
Söhbəti yazdı: Şamil Sabiroğlu, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana harayı"qəzetinin baş redaktoru, "Tərəqqi" medalının mükafatçısı, müharibə veteranı.
Ukrayna, Kiyev,18 noyabr 2013-cü il