Dünyada güclü Azərbaycan diasporu formalaşıb
11:19 Diaspora"Hər bir bayram keçilən yolun təqdimatı, yeni hədəflərin müəyyənləşdirilməsi üçün bir çağırışdır. Bu mühüm çağırışlardan biri harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birliyi, həmrəyliyidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin edən tarixi qərar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsində qəbul edilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar bu günü bayram kimi qeyd edirlər. Dahi şəxsiyyət Heydər Əliyev bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrildi. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
"Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu: "1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyinin təmin edilməsi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsi kimi diqqətdədir. Ümummilli Liderin "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" çağırışı hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününü, hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər".
Millət vəkili vurğulayıb ki, aparılan uğurlu siyasətin nəticəsində dünyada güclü Azərbaycan diasporu formalaşıb, ölkəmizin daha da qüdrətlənməsinə öz davamlı töhfələrini verməyə səy göstərirlər: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və imzaladığı Sərəncam ilə 2001-ci ilin noyabrında Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi diaspor quruculuğunda yeni mərhələnin əsasını qoydu. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi".
Malik Həsənov bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir: "Dövlətimizin başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, qəbul etdiyi qərarlar ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hər beş ildən bir keçirilən qurultaylar müasir müstəqil Azərbaycanın uğurlarının, həqiqətlərimizin dünyaya təqdimatında öz sözünü deyir. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2019-cu ildə "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təsis edildi. Dövlətimizin başçısının dünya azərbaycanlılarının birliyi, həmrəyliyi istiqamətində atdığı addımların uğurlu nəticəsi 44 günlük İkinci Qarabağ müharibəsində, bir günlük antiterror tədbirlərində özünün aydın ifadəsini tapdı. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu".
Malik Həsənov qeyd edib ki, tarixi Zəfərimiz dünya azərbaycanlılarının birliyində, həmrəyliyində də yeni mərhələnin başlanğıcı oldu: "2022-ci ildə azad Şuşa dünya azərbaycanlılarını bir araya gətirərək Zəfər Qurultayına şahidlik etdi. Dövlət başçısı İlham Əliyevin həmin qurultaydakı çıxışında söylədiyi "Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!" fikirləri dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin ümumiləşdirilmiş ifadəsi oldu. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir, mərhələ-mərhələ sakinlərinə qovuşur. Bu günlərdə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində Ağdam şəhəri də sakinlərinə qovuşan şəhərlər sırasına daxil oldu. Son beş ildə bu torpaqlarda görülən işlər Azərbaycanın şəhərsalma təcrübəsinin, təkmil dirçəliş modelinin dünyaya təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsi də özündə mühüm çağırışları ehtiva edir. Sərəncamda qeyd edildiyi kimi, Ermənistanın otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir".