Enerji və nəqliyyat sahələrində Azərbaycan–Slovakiya tərəfdaşlığı - ÖZƏL
10:59 Diaspora"Prezident İlham Əliyevin 2025-ci il Slovakiya səfəri iki ölkənin enerji təhlükəsizliyi və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətinin həm region, həm də Avropa üçün əhəmiyyətini bir daha ortaya qoydu. Azərbaycanın geniş enerji resursları, xüsusilə qaz və yaşıl enerji potensialı Slovakiya üçün alternativ və stabil enerji mənbəyinə çıxış yaradır. Dövlət başçısının Slovakiyaya istənilən həcmdə qaz ixracının mümkünlüyünü vurğulaması təkcə enerji tədarükünün deyil, həm də enerji təhlükəsizliyi əməkdaşlığının strateji məzmununu gücləndirir". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının 32 saylı ərazi partiya təşkilatının sədri Əminə Məhərrəmova deyib: "Yaşıl enerji sahəsində əməkdaşlıq səfərin diqqət mərkəzində olan digər mühüm istiqamət idi. Azərbaycanın Xəzər hövzəsində külək enerjisi, Qarabağ və Şərqi Zəngəzurda günəş enerjisi layihələri Avropa bazarı üçün yeni enerji xəttlərinin formalaşmasına şərait yaradır. "Yaşıl enerji dəhlizi" təşəbbüsü Slovakiya kimi Avropa dövlətləri üçün uzunmüddətli enerji şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Bratislava və Bakı arasında aparılan danışıqlar enerji sahəsində texniki həllər, infrastruktur və ixrac marşrutları üzrə əməkdaşlıq imkanlarını genişləndirdi.
Nəqliyyat-logistika sahəsində tərəflər Avrasiyanın əsas ticarət marşrutlarının inkişafı fonunda əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdilər. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşərək bölgənin əsas tranzit qovşaqlarından birinə çevrilib. Slovakiyanın bu dəhlizlərə səmərəli inteqrasiya olunması üçün gömrük əməkdaşlığı, yük daşımaları, logistika mərkəzləri və birbaşa aviareyslər üzrə planlaşdırılan təşəbbüslər ikitərəfli ticarət əlaqələrinin genişlənməsi üçün real əsas formalaşdırır. Bu sahələrdə əldə olunan razılaşmalar iki ölkə arasında iqtisadi tərəfdaşlığın yeni inkişaf mərhələsinə keçidini təmin edir".