Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının aktivliyi artır
30 Oktyabr 2013 18:33 DiasporaDünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyət istiqamətlərində əsas prioritet təşkil edən sahələrdən biri də ölkəmizin həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılması, eləcə də xalqımızın başına gətirilən müsibətlər, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına nail olmaqdır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan diaspor təşkilatlarının qeyd edilən istiqamətlərdə fəallığı hər ötən il bir qədər də artır. Bu da öz-özlüyündə Azərbaycanın üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına öz müsbət təsirini göstərir. Elə bunun göstəricisidir ki, son illər müxtəlif ölkələrin ali qanunverici orqanlarında Ermənistanın işğalçılıq siyasətini pisləyən bəyanatlar qəbul edilir, 1992-ci il, fevralın 26-da ermənilər tərəfindən Xocalıda həyata keçirilən vəhşilik aktı soyqırım kimi tanınır. Təkcə ötən il, qeyd edilən istiqamətlərdə diaspor təşkilatlarının keçirdikləri tədbirlərin statistikasına nəzər salmaq bu sahədə aktivliyin artdığını söyləməyə kifayət edir.
Məlumat üçün qeyd edək ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın 2012-ci il ərzində keçirdiyi tədbirlərdən 133-ü Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət etmişdir. Belə ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması həmişəki kimi prioritet məsələ olmuşdur. Hesabat dövrü ərzində Azərbaycan diaspor təşkilatları tərəfindən yeni kütləvi informasiya vasitələri təsis edilmiş, eyni zamanda ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Ermənistanın Azərbaycana təcavüzü, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, "20 Yanvar" faciəsi, Xocalı soyqırımı, 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı İsveç, Almaniya, Rusiya, ABŞ, Kanada, Fransa, Böyük Britaniya, Belçika, Niderland, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Bolqarıstan, Çexiya, Rumıniya, Polşa, Macarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Tacikistan, Estoniya, Latviya, Litva, Belarus, Moldova, Yaponiya, Avstraliya və digər ölkələrdə Azərbaycan icmaları tərəfindən anım mərasimləri, foto və rəsm sərgiləri, təbliğat kampaniyaları, elmi-praktik konfranslar və digər tədbirlər təşkil olunmuşdur.
Caril il, fevral ayının 26-da Türkiyənin İstanbul şəhərində "Hamımız Xocalılıyıq, hamımız Qarabağlıyıq" adlı yürüş-mitinq, keçən il, noyabrın 12-də Ermənistanın Fransadakı Səfirliyi qarşısında etiraz aksiyası və digər bu kimi həyata keçirilmiş kütləvi tədbirlərdə Azərbaycan diaspor təşkilatları bir daha öz həmrəyliklərini nümayiş etdirdi. Xarici ölkələrin kütləvi informasiya vasitələrində, mətbuat orqanlarında, o cümlədən Litvanın aparıcı portallarında, Türkiyə, Rusiya, Birləşmiş Ştatlar və bir sıra digər ölkələrin kütləvi informasiya vasitələrində Xocalı soyqırımının ildönümünə həsr edilmiş materiallar dərc edilmiş, Azərbaycan diaspor təşkilatlarının mətbu orqanlarının Xocalı soyqırımına həsr olunmuş xüsusi buraxılışları çap olunmuşdur.
Aprel ayında Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti ölkədə böyük tirajla nəşr olunan "Metro Xpress" qəzetində Dağlıq Qarabağa turist səfərlərinin təşkili və bunun təbliği barədə məqaləyə etiraz olaraq mətbu orqanın rəhbərliyinə məktub ünvanlamışdır. Danimarka və ingilis dillərində göndərilmiş etiraz məktubunda Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğu, onun ermənilər tərəfindən işğal edildiyi vurğulanmışdır. Nəticədə "Metro Xpress" qəzetinin rəhbərliyi yaydıqları yanlış məlumata görə Azərbaycan diasporundan üzr istəmişdir. 2012-ci il, noyabrın 12-də Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilmişdir. Etiraz aksiyasında təxminən 1500-ə yaxın azərbaycanlı və türk iştirak etmişdir. Aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Sarkisyanın Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaq olub. Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatları iştirak etmişdir.
Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) və Avropa Türk Demokratlar Birliyinin təşkilatçılığı ilə Haaqada yerləşən Niderland parlamentinin binasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun problemləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycanın və Gürcüstanın Niderland Krallığındakı səfirləri, Niderland Krallığında akkreditə olunan digər ölkələrin diplomatik korpus nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizin bir çox qeyri-hökumət təşkilatlarının əməkdaşları, Azərbaycan və türk diasporları təmsilçilərinin iştirak etdiyi konfransda Avropa dövlətlərinin və beynəlxalq təşkilatların rəhbərlərinə, dünyanın tanınmış siyasi xadimlərinə müraciət ünvanlanmış və Ermənistanın işğalını pisləyən bəyannamə qəbul edilmişdir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun vətənə ekstradisiyası və əfv edilməsi ilə bağlı ermənilərin Azərbaycan əleyhinə anti-təbliğat kampaniyalarının qarşısının alınması, həmçinin Fransa Senatının qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qərarına etiraz əlaməti olaraq bir çox ABŞ və Avropa ölkələrində, o cümlədən Dubayda fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən etiraz aksiyaları keçirilmiş, bəyanatlar qəbul olunmuşdur.
Parisdə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Almaniya, İsveçrə, İsveç, Hollandiya, Belçika, Böyük Britaniya, Lüksemburq və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilmişdir. Aksiyanın məqsədi Ermənistanın işğalçılıq və soyqırım siyasətinə yerli və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək olmuşdur. Aksiya Avropada fəaliyyətə göstərən kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmışdır. Аksiyanın sonunda qəbul olunmuş bəyanatda Ermənistanın işğalçılıq siyasəti kəskin şəkildə pislənilmiş, azərbaycanlılara qarşı törədilmiş terror və soyqırım aktlarına hüquqi-siyasi qiymət verilməsi tələb olunmuşdur.
Berlində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr olunmuş "Evə dönən beş yol" adlı fotosərginin açılışı olmuşdur. Tanınmış fotoqraf Filip Ratmerin (Philipp Rathmer) fotoşəkillərindən ibarət sərgi Avropa-Azərbaycan Cəmiyyətinin (TeAS) təşkilatçılığı ilə keçirilmişdir. Sərgidə nümayiş etdirilən 50 fotoşəkil Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ və yeddi ətraf rayonundan olan bir milyondan çox qaçqın və məcburi köçkünün həyatını işıqlandırır.
Amerika ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da yerli siyasi dairələrlə əlaqələrin genişləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Amerika ölkələrinin ictimaiyyətinə çatdırılması məsələlərinə daha çox diqqət yetirmişlər. Belə ki, Vaşinqtonda Birləşmiş Ştatların vitse-prezidenti Cozef Bayden Azərbaycan və türk icmalarının nümayəndələri ilə görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikasının ictimai və dini qurumlarının rəhbərləri, Türkiyə-Azərbaycan təşkilatı, habelə bir sıra türk və Azərbaycan diaspora qurumlarının təmsilçiləri iştirak еtmişdir. Kanadanın Kalqari şəhərinin meri Naheed Nenşi Xocalı qətliamının ildönümü ilə əlaqədar rəsmi sənəd qəbul etmişdir. Merin qərarı ilə fevralın 25-i və 26-sını Kalqari şəhərində Xocalı qətliamının ildönümü kimi tanınmışdır. Merin açıqladığı sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərini mühasirəyə alıb hücum edərək, oradan qaçmağa çalışmış əhalini qəddarcasına qətlə yetirdiyi qeyd edilmişdir. Amerika-Azərbaycan Şurası, Amerika Azərbaycan Cəmiyyəti, Pax Turcica təşkilatı və Birləşmiş Ştatlardakı Türk Amerika Assosiasiyalar Birliyinin birgə kampaniyası nəticəsində isə ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatası Xocalı qətliamının ildönümü ilə əlaqədar 1594 saylı qətnamə qəbul etmişdir. Qətnamədə 1992-ci ildə fevfalın 26-dan 27-ə keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 336-cı moto-atıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirdiyi qeyd edilmişdir.
Birləşmiş Ştatların şimal-şərqində yerləşən Meyn ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin ildönümü ilə əlaqədar sənəd qəbul etmişdir. Sənəddə Ermənistan silahlı qüvvələri Rusiyanın 336-cı moto-atıcı alayının iştirakı ilə silahlı təcavüz və etnik təmizləmə siyasətinin bir hissəsi olaraq, Xocalıya hücum etdiyi və şəhəri işğal etdiyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, münaqişədən qaçmağa cəhd göstərən Xocalı sakinləri pusquya salınaraq, erməni və rus əsgərləri tərəfindən atəşə tutulmuş, qətliam nəticəsində 613 mülki vətəndaş həyatını itirmişdir. Nyu-York ştatının Senatında isə 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair 3784 saylı qətnamə Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir