Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr həmrəylik nümayiş etdirirlər
Bu məqsədlə yaxın vaxtlarda Gənclər Şəbəkəsi də yaradılacaq
25 Oktyabr 2013 17:48 DiasporaAzərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, eləcə də zəngin tarixi-mədəni irsimizin təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərimiz, tələbələrimiz də fəal rol oynayırlar. Təhsil aldıqları universitet və akademiyalarda Azərbaycanı layiqincə təmsil edən gənclərimiz həmin ölkələrdəki diaspora işində də yaxından iştirak edir, bu prosesə dəstək verirlər. Bu gün hər bir ölkə kimi qonşu Gürcüstanda da yüzlərlə azərbaycanlı tələbə təhsil alır ki, onlar da təhsil aldıqları universitetlərdə ölkəmizin müsbət imicinin yaradılması istiqamətində çalışırlar. Düzdür, həmin gənclər diaspor nümayəndəsi hesab edilməsə də, lakin Azərbaycanın təbliği sahəsində uğurlu fəaliyyət göstərirlər. Belə gənclərdən biri də Tbilisi şəhərində yerləşən Beynəlxalq Qaradəniz universitetinin tələbəsi Azad Hüseynovdur. Azad Hüseynov deyir ki, əksər ölkələrdə olduğu kimi Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr də hər zaman birlik və həmrəylik nümayiş etdirərək Azərbaycançılıq mövqeyindən çıxış edirlər: "Gürcüstandakı azərbaycanlı gənclərin həmrəyliyi çox inkişaf etməsə də qənaətbəxş sayıla bilər. Etiraf etmək lazımdır ki, bəzi gənclər təşkilatları bu baxımdan müəyyən işlər görürlər. Ancaq bunun yetərli olmadığı görünür. Bildiyiniz kimi Gürcüstanda 250 minə qədər azərbaycanlı yaşayır. Amma hələ də bu azərbaycanlıların içərisində barmaqla sayıla biləcək qədər gənclər özlərini sübut edə biliblər. Heyif ki, buradakı azərbaycanlı gənclər yenilikçilyə açıq deyillər. Yenilikləri çoxlu tətbiq edə bilmirlər. Bəzi təşkilatlar var. Məsələn, Marneuli Gənclər təşkilatı. Onların fəaliyyətləri qənaətbəxş sayıla bilər. Bu təşkilatdan başqa azərbaycanlıların demək olar ki, burada heç bir qeyri-hökumət təşkilatı, gənclər hərəkatı yoxdur". Gənc həmyerlimiz xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin daha həmrəy olması üçün müvafiq addımların atılmasını da zəruri sayıb. Bildirib ki, xaricdəki gənclərin daha həmrəy, Vətəninə daha bağlı olması üçün Gənclər Şəbəkəsinin qurulması zəruridir: "Bu şəbəkə gənclərin təkcə həmrəyliyinə yox, həm də onların Azərbaycan üçün ayrı-ayrılıqda nələr edə biləcəyini göstərməkdir". Azad Hüseynov Gürcüstanda təhsil alan azərbaycanlı tələbələrlə bağlı keçirilən tədbirlər barədə də danışıb: "Gənclərlə bağlı müxtəlif tədbirlərimiz olub. Burada biz Marneuli Gənclər təşkilatı ilə birgə bir sıra tədbirlər keçiririk. Bunlara bayramlar, respublika əhəmiyyətli ildönümləri, idman yarışları, mahnı müsabiqələri aiddir. Bu il quracağımız şəbəkə vasitəsi ilə bunları sizlərlə paylaşacağıq". Gürcüstandakı gənclərin azərbaycanlıların həmrəyliyi işində aktivliyi məsələsinə də toxunan Azad Hüseynov deyib ki, gənclərimiz arasında aktivlik göstərənlər var: "Hətta bir neçə ad çəkə bilərəm. Özünü tanımasam da Ramilya Əliyeva deyə, burada bir xanım var. Azərbaycanı həddindən çox sevir. "Twitter" adresindən oxumuşdum ki, Tbilisidəki Azərbaycan kitabxanası üçün kitablar toplayırdı. Həmçinin Marneuli Gənclər Təşkilatının adını qeyd edə bilərəm. Onların da çoxlu təbliğat işləri var. Ümid edirəm ki, 2-3 il sonra bu sual mənə veriləndə təkcə bu təşkilatın yox, bir neçə təşkilat və hərəkatın adını sadalaya biləcəm". Həmyerlimiz azərbaycanlı gənclərin xaricdə təhsil almasına yaradılmış şərait və bunun müsbət nəticələrinə də toxunub: "Gənclərimizin xaricdə təhsil alması Azərbaycanda bütün sahələrin dinamizm və inkişafına yol açır. Çünki xaricə gedən hər bir azərbaycanlı gənc buradakı təhsili ilə Azərbaycana nə kimi faydalı olacağını düşünür. Fərqli mədəniyyət və düşüncələri öyrənir. Bu düşüncələri burada tədbiq edir. Yenilikçilik hər zaman inkişafı, bərabərində gətirir. Təbii ki, bu yenilikçiliyin yanında sənin tarixin də olmalıdır. Xaricdə təhsil alan azərbaycanlı gənclərin böyük hissəsi orada öyrəndiklərini burada müvəffəqiyyətlə həyata keçirirlər".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir