Latviyadakı Azərbaycan diasporunun mədəni həyatında əlamətdar hadisə

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız və həmin dövlətlərdə yaşayan həmyerlilərimiz ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımının beynəlxalq aləmə çatdırılması ilə yanaşı Azərbaycan mədəniyyətinin təbliğində də yaxından iştirak edir, bu məqsədlə müntəzəm olaraq tədbirlər təşkil edirlər. Təkcə cari ilin 9 ayı ərzində bu istiqamətdə dünyanın fərqli-fərqli ölkələrində müxtəlif tədbirlər, mədəniyyət günləri, musiqi axşamları təşkil olunub. Hazırda da bu kimi mədəni-kütləvi tədbirlər davam etməkdədir.

Azərbaycan mədəniyyətinin təbliğində muğam gecələrinin vüsusi yeri və rolu vardır. Tanınmış muğam ifaçılarımızın müntəzəm olaraq xarici ölkələrə səfərlərinin təşkili və keçirilən musiqi gecələri Azərbaycan muğamının qədimliyini, zənginliyini bir daha təsdiqləmiş olur. Belə mədəni-kütləvi tədbirlərdən daha biri bu günlərdə postsovet ölkələrindən sayılan Lativiyada təşkil edilib. Belə ki, oktyabrın 16-da Yazep Vitola adına Latviya Musiqi Akademiyasında Azərbaycan muğamının mahir ifaçısı, xalq Artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi kollektivin ifasında Azərbaycan muğamı gecəsi olmuşdur. Musiqi gecəsinə Latviya Prezidenti Andris Berzinş də ali qonaq qismində dəvət edilmişdir. Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Latviya Musiqi Akademiyasının rektoru Artis Simanis, ölkə Seyminin deputatları, Latviyanın görkəmli ictimai-siyasi xadimləri, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də muğam gecəsində iştirakçılar sırasında olublar.

Muğam gecəsinin rəsmi açılış mərasimində Latviya Prezidenti Andris Berzinş çıxış etmişdir. Latviya dövlət başçısı çıxışında prezident seçkilərində qələbə münasibətilə Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edərək bildirmişdir ki, Azərbaycan bununla sabit dinamik inkişaf yolu seçmişdir. İki ölkə arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan Andris Berzinş qeyd etmişdir ki,  ölkəsində fəaliyət göstərən Roman Əliyevin başçılıq etdiyi "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzi Azərbaycanla Latviya arasında mədəni dialoqun inkişafına xüsusi töhfəsini vermişdir. Andris Berzinş Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının da sədri olan Roman Əliyevi bu yaxınlarda qeyd olunmuş yubileyi münasibətilə təbrik etmiş, ona xatirə hədiyyəsi vermişdir.
Onu da qeyd etmək yerinə düşər ki, Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edənlər arasında olmuşdur. Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov isə çıxışında qeyd etmişdir ki, bu gecə Latviyada Azərbaycan diasporunun mədəni həyatında əlamətdar hadisədir: "Bu hadisə Azərbaycanın dövlət başçısı İlham Əliyevin prezident seçkilərində qələbəsinə həsr olunmuşdur. Azərbaycan xalqı öz səsini bu müdrik siyasətçi və dövlət xadiminə verməklə işıqlı gələcək və respublikanın inkişaf yolunu seçmişdir. Səfir Elman Zeynalov bildirmişdir ki, Latviya Respublikası müstəqilliyini əldə etdikdən sonra Azərbaycan diasporu onun inkişafına töhfə vermişdir. Həmvətənlərimiz ötən il Latviyada keçirilən referendumda ölkənin yeganə dövlət dili kimi latış dilinə səs vermişlər. Diplomat Azərbaycan ziyalılarının görkəmli nümayəndəsinin - "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin başçısının fəaliyyətindən də danışmışdır. Səfir adı çəkilən mərkəzin, eləcə də onun rəhbəri Roman Əliyevin fəaliyyətini yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, "Ocaq" Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanla Latviya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsini verir.
Latviya Musiqi Akademiyasının rektoru Artis Simanis Azərbaycan-Latviya mədəni əlaqələrinin inkişafı tarixinə qısa ekskursiya etmişdir. O, hər iki dövlətin mədəni sahələrdə əlaqələrin inkişafına maraqlı olduğunu və qarşıda yeni-yeni imkanların olduğunu vurğulamışdır. Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan muğamı konserti olmuşdur. Xanəndə Mənsum İbrahimov əməkdar artistlər - tarzən Elçin Həşimovun və kamança çalan Elnur Əhmədovun müşayiəti ilə Azərbaycan xalq mahnıları və muğam ifa etmişdir. Tamaşaçılar "Qarabağ şikəstəsi"ni ayaq üstə gurultulu alqışlarla qarşılamışlar. Azərbaycan musiqiçilərinin çıxışları sürəkli alqışlarla müşayiət olunmuşdur. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31