Diasporla İş üzrə Dövlət Komitəsindən Rusiya Federasiyasında yaşayan azərbaycanlılara çağırış

Soydaşlarımıza təxribata uymamaq və təmkinli davranmaq tövsiyyə edildi

Rusiya Federasiyasında adam öldürməkdə şübhəli bilinərək həbs olunan həmyerlimiz Orxan Zeynalova qarşı edilən haqsızlıqlar və insanlığa zidd hərəkət Moskva-Bakı münasibətlərinə də təsirsiz ötüşməyib. Vəziyyət o həddə çatıb ki, Azərbayvan tərəfi şimal qonşumuzun müvafiq qurumlarının qeyri-etik hərəkətlərinə cavab olaraq bu ölkəyə nota göndərib. Bütün bu xoşagəlməz olaylar istər-istəməz Rusiyada yaşayan soydaşlarımız üçün də bəzi problemlər yaradıb. Bu arada Azərbaycan-Rusiya münasibətlərinə ciddi şəkildə zərbə vurmaq istəyən bəzi qüvvələr bilərəkdən Rusiya Federasiyasında yaşayan azərbaycanlıları, eləcə də diaspor təşkilatlarını təxribata çəkmək istəyirlər. Təxribatçı qüvvələrin əməllərinə uymamaq, aqressiv münasibət sərgilələmək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasında fəaliyyət göstərən Axərbaycan diaspor təşkilatlarına, eləcə də bu ölkədə yaşayan soydaşlarımıza müraciət ünvanlayıb. Müraciətdə qeyd edilir ki, Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya Federasiyasının Moskva şəhərində Azərbaycan Respublikasının vətəndaşı Orxan Zeynalov tərəfindən törədildiyi ehtimal olunan qətl hadisəsindən təəssüfllənir, mərhumun ailəsinin kədərini bölüşdüyünü bildirir. Dövlət Komitəsi bu cinayət hadisəsində şübhəli qismində saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı olmasından dərin təəssüf hissi keçirir. Diasporla  İş üzrə Dövlət Komitəsi bəyan edir ki, irqindən, dinindən və milliyətindən asılı olmayaraq bu cinayət hadisəsini törədən şəxsin cinayət əməli törətdiyi sübuta yetirilərsə, o qanunla nəzərdə tutulmuş ən yüksək cəzaya layiqdir. Bununla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi Rusiya kütləvi informasiya vasitələrinin milli müxtəlifliklərlə zəngin, böyük və çoxmədəniyyətli bir ölkədə məişət zəminində baş vermiş adi bir qətl hadisəsini etnik kontekstə ictimailəşdirməsindən narahat olduğunu bildirir: "Cinayətkarın milliyyəti olmur. Əgər istənilən bir şəxs cinayət törətməkdə şübhəli bilinirsə, onun bu cinayəti törətdiyi qanunauyğun şəkildə sübuta yetirilməlidir. Rusiya Federasiyasının da qoşulduğu bir çox beynəlxalq sənədlərdə təqsirsizlik prezumpsiyası öz əksini tapmışdır və bu sənədlər hər bir ölkənin qanunverciliyinin ayrılmaz hissəsidir. Təəssüf hissi ilə qeyd edirik ki, Orxan Zeynalova münasibətdə təqsirsizlik prezumpsiyasının tələbləri pozulmuş, məişət zəminində baş vermiş bir cinayət hadisəsietnik kontekstdə ictimailəşdirilərək, cəmiyyətə təqdim olunmuşdur. Diasporla İş üzrə Dövlət Komitəsi bu cür yanaşmanın Rusiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlıq münasibətlərinin, habelə xalqlarımızın çoxəsrlik dostluq əlaqələrinin ruhuna zidd olduğunu bir daha diqqətə çatdırır"

Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyada yaşayan bütün soydaşlarımızı yaranmış situasiyada ehtiyatlı və təmkinli davranmağa, ayrı-ayrı şəxslərin və qrupların mümkün təhriklərindən uzaq durmağa, təxribatlara uymamağa dəvət edir. Dövlət Komitəsi, eyni zamanda, Rusiya ərazisində daimi və ya müvəqqəti yaşayan bütün soydaşlarımızı Rusiya Federasiyası qanunvericiliyinin tələblərinə əməl etməyə, öz fəaliyyətlərini qanunauyğun şəkildə qurmağa çağırır. Soydaşlarımızın və ictimaiyyətin nəzərinə çatdırılır ki, Diasporla İş üzrə Dövlət Komitəsində Rusiyada yaşayan soydaşlarımız arasında hüquqi maarifləndirməişini gücləndirmək, müvafiq profilaktik tədbirlər görmək məqsədilə İşçi qrup yaradılmışdır. Rusiya Federasiyasına ezam olunmuş İşçi qrup azərbaycanlıların kompakt yaşadığı regionlarda diaspor nümayəndələri ilə görüşlər keçirəcək, yarana biləcək mümkün problemli situasiyalarla bağlı Azərbaycan Respublikasının digər müvafiq dövlət orqanları ilə məsəhətləşmələr əsasında zəruri tədbirlər görüləcəkdir.
Daha sonra qeyd edilir ki, Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində isə yarana biləcək situasiyalarda soydaşlarımıza hüquqi yardım göstərmək məqsədilə təcrübəli hüquqşünaslardan ibarət operativ qərargah yaradılmışdır. Qərargahda qaynar xətt fəaliyyət göstərir (+7 4953637594): "Rusiyada yaşayan bütün azərbaycanlılar qarşılaşdıqları problemlərlə bağlı qaynar xətt vasitəsilə (24 saat ərzində) Ümumrusiya Azərbaycan Konqresindəki qərargahdan zəruri hüquqi yardım və məsləhətlər üçün müraciət edə bilərlər". Sonda o da vurğulanır ki,  Diasporla İş üzrə Dövlət Komitəsi məsələni diqqətdə saxlayır və zərurət yarandığı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31