Azərbaycanın tanıdılmasına yönələn daha bir möhtəşəm layihə
17 Oktyabr 2013 17:41 DiasporaAzərbaycanın dünyada tanıdılması, onun haqq səsinin beynəlxalq aləmə çatdırılmasında zaman-zaman müxtəlif mövzularda təşkil edilən rəsm sərgilərinin də rolu qeyd edilməlidir. Mütəmadi olaraq ayrı-ayrı ölkələrdə keçirilən bu kimi sərgilər vasitəsilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı kimi faciələrimizin dünya ictimaiyyətinə çatdırılmasına çalışılır. Azərbaycandan kənarda belə möhtəşəm tədbirlərin keçirilməsi işində Heydər Əliyev Fondu və onun xarici ölkələrdəki nümayəndəliyi müstəsna rol oynayır. Belə tədbirlərdən biri bu günlərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərində təşkil edilib. Belə ki, adı çəkilən şəhərdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə "Azərbaycan Respublikası" mövzusunda daimi sərgi ekspozisiyası açılmışdır. Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə "Azərbaycan Respublikası" mövzusunda daimi fəaliyyətdə olan sərgi ekspozisiyasının açılış mərasimində hər iki ölkədən olan xeyli sayda nümayəndə iştirak edib. Yekaterinburq rəhbəri kitabxanasının, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin, Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulluğunun və Yekaterinburq Şəhəri Administrasiyasının təşəbbüsü ilə həyata keçirilən yeni layihə çərçivəsində təşkil edilən sərgi ekspozisiyada respublikanın həyatının müxtəlif sahələrini əks etdirən ədəbi nəşrlər, videomateriallar və CD-disklər, ümummilli lider Heydər Əliyev, Azərbaycan dövlətinin tarixi, mədəni irs, incəsənət haqqında kitablar və s. nümayiş olunmuşdur. Ekspozisiyanın kitabxanaya gələnlərə Azərbaycan Respublikası ilə tanışlıq imkanı yaradan fondu gələcəkdə müntəzəm şəkildə təkmilləşəcəkdir. Azərbaycan Respublikasının Yekaterinburqdakı baş konsulu Sultan Qasımov mərasimi açaraq qeyd etmişdir ki, yeni ekspozisiya Azərbaycan və Sverdlovsk vilayəti arasında dostluq münasibətlərinin genişlənməsinin növbəti mərhələsi olmuşdur. O, respublikamız və vilayət arasında iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafından danışmışdır. Diplomat xüsusilə vurğulamışdır ki, bu il respublikamızın ictimai-siyasi həyatında əsas hadisə prezident seçkiləri olmuşdur. Sultan Qasımovun sözlərinə görə, seçkilərdə İlham Əliyevin inamlı qələbəsi ölkənin fəaliyyətdə olan Prezidentinə xalqın yüksək etimadının növbəti təsdiqidir. Son 10 ildə Azərbaycanın inkişaf tempindən danışan Sultan Qasımov bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin əvəzsiz rolunu vurğulamışdır. Baş konsul demişdir ki, bu gün Azərbaycan dünya arenasında, o cümlədən Cənubi Qafqaz regionunda layiqli yer tutmuşdur: "Ölkənin regionları fəal inkişaf edir. Ölkənin əldə etdiyi bütün siyasi, iqtisadi və humanitar nailiyyətlər Prezident İlham Əliyevin yürütdüyü müdrik və çevik daxili və xarici siyasətinin nəticəsidir".
Baş konsul Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən və bu qurumun humanitar sahədə həyata keçirdiyi geniş əhatəli layihələrdən söz açmışdır. O həm də Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinin Rusiya Federasiyası ərazilərində layihələrin reallaşdırılmasına töhfəsini qeyd etmişdir. Sultan Qasımov demişdir: "Yekaterinburqlular iki il əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəhərimizə gəlişini və 1 nömrəli vilayət kliniki xəstəxanasının uşaq onkohematoloji mərkəzinə baş çəkməsini, Fond tərəfindən mərkəzə müasir xüsusi tibbi avadanlıqla təchiz olunmuş "Sobol" təcili yardım maşınının hədiyyə edilməsini xüsusi minnətdarlıq hissi ilə xatırlayırlar. Bu günkü ekspozisiyanın açılışı Fondun Sverdlovsk vilayətindəki fəaliyyətinin parlaq nümunəsidir". Açılış mərasimində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Yekaterinburqdakı nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Sverdlovsk vilayəti qubernatoru administrasiyası rəhbərinin müavini Vadim Dubiçev, Yekaterinburq Şəhəri Administrasiya rəhbərinin müavini Segey Tuşin, Sverdlovsk vilayətinin beynəlxalq və xarici ticarət əlaqələri naziri Andrey Sobolev, UNESCO-nun Ural-Sibir Mərkəzinin baş direktoru Yuri Borisixin, Fransanın, Ukraynanın və Macarıstanın Yekaterinburqdakı baş konsulları çıxış etmişlər. Açılış mərasiminin sonunda furşet və konsert olmuşdur. Tədbirin bütün iştirakçılarına milli suvenirlər təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir