Diaspor təşkilatları İlham Əliyevin prezident seçilməsini sevinclə qarşılayıblar

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da bu seçimdən razılıqlarını ifadə ediblər

Oktyabrın 9-da Azərbaycan müstəqillik tarixində növbəti prezident seçkilərini keçirərək qarşıdakı beş il üçün öz dövlət başçısını seçdi. Seçkilərin nəticələrinə əsasən ölkə vətəndaşlarının aktiv seçici hissəsinin 84,55 faizi öz səslərini Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə verməklə onun  yenidən prezident seçdi.  Prezident seçkilərində dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşları, diaspor nümayəndələrimiz də fəal iştirak edərək layiqli namizədə, Azərbaycanın gələcəyinə səs veriblər. Azərbaycan Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair verdiyi açıqlamadan sonra həm ölkə daxilində, həm də ondan kənarda, müxtəlif dövlətlərdə yaşayan soydaşlarımız İlham Əliyevin qələbəsindən böyük sevinc hissi keçiriblər.  Ayrı-ayrı diaspor rəhbərləri və fəal soydaşlarımızın mövqelərində bu özünü açıq şəkildə göstərir. Hətta bir neçə diaspor təşkilatının rəhbəri Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyevi prezident seçilməsi münasibətlə təbrik edib.

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkın bildirib ki, Niderlandda yaşayan azərbvaycanlılar Azəbaycanın üzləşdiyi problemlərin İlham Əliyevin rəhbərliyi altında qarşıdakı beş ildə həllini tapacağına inanırlar: "Təbii ki, hər dəfə ölkədə keçirilən yeni seçkiləri dəstəkləyən,  və ya onu dəstəkləməyən qüvvələr olacaq. Niderland Krallığında da eynilə o cür olmuşdur. Amma onu deyə bilərəm ki, hər dəfə keçirilən yeni seçkilər yeni bir ümiddir. Çünki xalqın müxtəlif gözləntiləri var". Mərkəz rəhbəri qeyd edib ki,  bunlardan ən başda olanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır: "Yəni ermənilər tərəfindən işğal edilmiş torpaqların bir an əvvəl geri qaytarılması və qaçqın-məcburi köçkün həyatı yaşayan insanlarımızın öz torpaqlarına qayıtmasi.Hollandiyada yaşayan azərbaycanlılar da yalnız bunu istəyir. Mən Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri olaraq buna inanıram ki, prezidentimiz İlham Əliyev keçmişdə xalqımızı narahat edən problemləri aradan qaldıraraq, insanlarla yaxşı ünsiyyətdə olmayan  bazi insanlari dəyisdirərək daha gözəl işlərə imza atacaq.  Buna xalqımızı da inandırmalıyıq. Deyə bilərəm ki, qeyd etdiyim bütün fikirlər buradakı xalqımızın istəkləridir".

Danimarkada fəaliyyət göstərən Danimarka-Azərbaycan "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi isə qeyd edib ki, seçkilərdə İlham Əliyevin qələbə qazanacağına əvvəlcədən inanırmış: "Ilham Əliyevin qələbə çalacağını mən seçkilərin təbliğat-təşviqat kampaniyası zamanı, televiziyada təşkil edilən debatlardan qabaq bildirmişdim. Haqlı olaraq qeyd etmişdim ki,  Ilham Əliyevin alternativi yoxdur və Azərbaycan xalqı ona 85-90 faiz səs verəcək. Bu mənada proqnozum dogru çıxdı və İlham Əliyev seçkilərdə 84,55 faiz səs topladı". Səfər Sadiqi deyib ki, prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin qələbə qazana bilməməsinin əsas səbəbi xalqın Cəmil Həsənlinin komandasına etimad göstərməməsidir: "Xalq onun komandasında kimlerin oldugunu bilirdi. İnsanlar həmin adamların vaxtı ilə dövlətə necə rəhbərlik etdiklərini bilirdi. Ona görə də yenə həmin köhnə komandanı xalq istəmirdi. Çünki həmin komandanın hakimiyyətə gəlməsi yenidən qarşıdurma və vətəndaş müharibəsinə gətirib çıxaracaqdı. Azərbaycanı istəməyən qüüvələr bundan istifadə edib Azərbaycana yenidən zərbə vuracaqlardı. Ona görə də xalq bunların hamısını görür". Cəmiyyət sədrinin sözlərinə görə,  müxalifətin liderləri 20 ildən artıqdır ki, tutduqlari "kreslodan" iki əlli yapışıbblar: "Məgər bu 20 ildə onlarə əvəzləyən tapılmadı? Müxalifət gərək öz aralarında dəyişiklik etsin. Yeni fikirli demokratik insanlar irəli çıxmalıdır ki,  bundan  sonra xalqın adından danışa bilsinlər". Səfər Sadiqi bildirib ki,  Danimarkada yaşayan azərbaycanlılar güclü Azərbaycana, iqtisadiyyatın güclənməsinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və ən əsası işğal olunmuş torpaqlarımızın azad edilməsinə səs verir.

Ümumiyyətlə, 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilib və soydaşlarımız seçkinin nəticələrinə əsasən İlham Əliyevin yenidən, üçüncü müddətə dövlət başçısı seçilməsini sevinc hissi ilə qarşılayıblar. Ukraynada, Almaniyada və digər ölkələrdə yaşayan vətəndaşlarımız  fəallıq nümayiş etdirməklə xalqımızın gələcək müqəddəratının müəyyən edilməsinə öz töhfələrini veriblər.

Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən səsvermədə iştirak etmək üçün soydaşlarımız onlara yaradılmış imkanlardan istifadə ediblər. Belə ki, Ukraynanın Sumı, Donetsk, Kiyev, Xarkov və bir sıra  şəhərlərində  yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr xüsusi avtobuslarla Azərbaycanın Ukraynadakı səfirliyinə - paytaxt Kiyevə  gələrək sərbəst və azad qaydada  öz seçimlərini ediblər. Səsvermədə iştirak edən Azərbaycan  Ukrayna Dostluq  və  Xeyriyyə fondunun prezidenti  İlqar Abbasov,  "İşıq" dini cəmiyyətinin sədri Əbülfəz Qasımov, Bədəl Priyev və digər soydaşlarımız seçkilərin dünyanın müxtəlif ölkələrindəki kimi Ukraynada da yüksək səviyyədə təşkil olunduğunu, demokratik şəraitdə keçdiyini vurğulayıblar. Onlar seçkilərdə İlham Əliyevin qələbə qazanmasından məmnun olduqlarını ifadə ediblər. Ukraynanın müxtəlf vilayət və şəhərlərindən yüzlərlə gəncin  Kiyev şəhərinə gələrək seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiklərini  bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov  bu mütəşəkkilliyi  dünya Azərbaycan gəncliyinin qüdrətli dövlətimizə sədaqətin nəticəsi kimi dəyərləndirib. Bildirib ki, Ukraynadakı azərbaycanlı gənclər doğru seçim edərək cənab İlham Əliyevə səs veriblər. Gənclər İlham Əliyevin yenidən qələbə qazanmasını Azərbaycanın sürətli inkişafının davamı kimi xarakterizə ediblər. .

Almaniyada yaşayan vətəndaşlarımız da səsvermə prosesində fəallıq nümayiş etdirib. Ölkənin müxtəlif əyalətlərində yaşayan soydaşlarımızın Berlində Azərbaycanın Almaniyadakı səfirliyində  təşkil olunmuş səsvermə prosesində iştirakını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb. Berlindəki "Azərbaycan Evi", Şimali Reyn-Vestfaliya əyaləti üzrə Bilefeld şəhərindəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Saksoniya-Anhalt əyalətinin mərkəzi Maqdeburq şəhərlərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Saksoniya əyalətin administrasiya mərkəzi Drezdendəki "Alman-Azərbaycan" Cəmiyyəti soydaşlarımız üçün nəqliyyat vasitələrinin təşkilində yaxından iştirak ediblər. Qeyd edək ki, yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən səsvermə prosesi həm Ukraynada, həm də Almaniyada kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. 

Azərbaycanda keçirilən prezident seçkiləri və seçkinin nəticələrinə əsasən cənab İlham Əliyevin qələbə qazanması Qırğızıstanda yaşayan azərbaycanlılar tərəfindən də məmnunluqla qarşılanıb. Bu ölkədə yaşayan soydaşlarımız səsvermənin nəticələrindən sevinc hissi keçiriblər. Hətta bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları İlham Əliyevə yenidən prezident seçilməsi münasibətilə təbrik məktubu dəa ünvanlayıblar. Dövlət başçısına ünvanlanmış təbrik məktubunda qeyd edilir: "Qırğızstandakı Azərbaycan İcmaları, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu , "Qırğızıstan Azərbaycanlıları Konqresi" İctimai Birliyi, Kara Baltadakı "Sodrujestvo" Cəmiyyəti, "Qırğızıstan Azərbaycanlıları Əlaqələndirmə Mərkəzi" İctimai Birliyi   və İssıkkuldakı "Xəzər" İctimai Birliyi Sizi  3-cü mövsümə . Azərbaycanda  keçirilən prezident seçkiləri nəticəsində bu ən yüksək vəzifəyə yenidən seçilməyiniz münasibətilə Zati-alilərinizi öz adımızdan  və Qırğızstanda yaşayan azərbaycanlılar adından  ürəkdən təbrik edir, fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik. Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuza, Sizin rəhbərliyinizlə həyata keçirilən, ölkənin sosial-iqtisadi inkişafına, onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin əhali tərəfindən fəal dəstəklənməsinə dəlalət edir. Seçkilərin həmişəki kimi əmin-amanlıq və dinc şəraitdə uğurla keçməsindən böyük xoşbəxtlik duyduq. Nəticələrin  xalqımıza xeyirli-uğurlu  olmasını arzu edirik.

Həmişə Zati-alilərinizin yanında olmaq   inamımlz qətidir.
 Xalqımızın əmin-amanlığının və rifahının daimi olmasını diləyirik.

"Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinin  sədri İradə Uluxanlı da oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinin onun özü və rəhbərlik etdiyi təşkilatın üzvləri üçün sevindirici olduğunu deyib: "Bu ölkədə yaşayan soydaşlarımızı deyə bilmərəm, amma mənim üçün seçkilərin nəticələri çox sevindiricidir. Hətta seçkilərdə cənab İlham Əliyevin inamlı qələbəsi münasibətilə oktyabrın 10-də təşkilatımız adından, həmçinin öz aımdan təbrik məktubu da göndərmişəm". İradə Uluxanlı hesab edir ki, seçkilərdə İlham Əliyevin qələbəsi Azərbaycanın daha sürətli inkişafı üçün zəmin yaradacaq: "Təbii ki, bütün istiqamətlərdə olduğu kimi diaspora sahəsində də yeni -yeni addımıar atılacaq, bu sahənin inkişafı sürətli xarakter daşıyacaq. Çünki cənab İlham Əliyev də ümummilli lider kimi xaricdə yaşayan azərbaycanlılara xüsusi diqqət və qayğı göstərir. Bu qayğı qarşıdakı 5 ildə də davam edəcək".

Estoniyada yaşayan gənc soydaşımız Tural Şirinov da deyir ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri və seçkidə cənab İlham Əliyevin qələbə qazanması Estoniyada yaşayan azərbaycanlılar tərəfindən yaxşı qarşılanıb: "Xüsusilə biz gənclər bundan sevinc hissi keçirdik. Gənc nəsil olaraq biz İlham Əliyevi dəstəkləyirik". Tural Şirinovun sözlərinə görə, İlham Əliyevin yenidən prezident seçilməsi diaspora sahəsində də yeni inkişafa gətirib çıxaracaq: "Çünki İlham Əliyev diaspora sahəsini də prioritet istiqamətlərdən hesab edir və xarici ölkələrdə yaşayan azərbaycanlılarla işin aparılmasına xüsusi diqqət yetirir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31