“Azərbaycana qarşı olan ədalətsizlik, ikili yanaşmanı aradan qaldırmaq istiqamətində....” - İsmayıl Ağayev
3 Oktyabr 2013 17:40 Diaspora"Diaspor təşkilatlarımız fəal olmalı, sistemli və müntəzəm şəkildə fəaliyyət göstərməlidirlər"
Oktyabrın 3-də Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanın ərazi bütövlüyü və diasporun fəaliyyəti" mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev sözügedən mövzu adı altında dəyirmi masa keçirilməsinin təsadüfi olmadığını söyləyib. Bildirib ki, son vaxtlar Azərbaycana qarşı artan təhdidlər və separatizm meyilləri cəmiyyətin bu istiqamətdə məlumatlandırılması, diaspor təşkilatlarının hərəkətə gətirilməsini zəruri edir: "Son dövrlər Azərbaycana qarşı təhdidlər, separatizm meyilləri yenidən özünü açıq şəkildə göstərməyə başlayıb. Hesab edirəm ki, indiki məqamda bu cür mənfi tendensiyanın müşahidə edilməsi də təsadüfi deyil. Hamıya məlum olduğu kimi Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsindədir. Oktyabrın 9-da ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı düşmən mövqeyində olan xarici dairələr respublikada gərginlik yaratmağa çalışırlar. Təssüf doğuran məqamlardan biri isə ondan ibarətdir ki, bəzi daxili qüvvələr də bu oyunun iştirakçısı qismində çıxış edirlər". Beynəlxalq Diaspora Mərkəzinin sədri qeyd edib ki, özünü vaxtı ilə qondarma Talış-Muğan Respublikasının prezidenti sayan, ölkəmizə qarşı xəyanət yolunu tutmuş Əlikram Hümbətovun bir müddət əvvəl Ermənistana, eləcə də işğal altında olan Azərbaycan torpaqlarına səfər etməsi dövlətimizə qarşı başlanan yeni bir separatizm meyillərinin göstəricisidir: "Əlikram Hümbətovun Ermənistana səfər edərək əli azərbaycanlıların qanına batmış Serj Sərkisyanla görüşməsi onun dövlətimizə qarşı nə qədər düşmən mövqedə dayandığını bir daha təsdiqləyir. Təbii ki, bu kimi hallara qarşı Azərbaycan cəmiyyəti öz haqlı iradını bildirir və həmin hadisəni pisləyirlər. Ancaq bu məsələdə mənim diqqətimi çəkən bir məqam var. Belə ki, radikal müxalifət qüvvələrinin təmsil edən partiyaların heç biri Əlikram Hümbətovun Ermənistana baş tutan səfərinə hansısa bir reaksiya vermədi və bu addımı qəti şəkildə pisləmədilər. Bu da öz-özlüyündə onu deməyə əsas verir ki, daxildəki müəyyən qüvvələr də Azərbaycana qarşı başlanan yeni separatizm meyillərinə dəstək verirlər". İsmayıl Ağayevin sözlərinə görə, Qərbi azərbaycanlılar da Əlikram Hümbətovun bu hərəkətini pisləyir və ona qarşı öz etirazlarını ifadə edirlər. Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının da bu kimi həssas məsələlərdə aktiv olmasını arzu edib və bildirib ki, belə hallara qarşı adekvat reaksiya verilməlidir: "Düzdür, müxtəlif ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı diaspor təşkilatlarımız qondarma Talış-Muğan Respublikasının lideri Əlikram Hümbətovun Ermənistana baş tutan səfərinə öz etirazlarını bildirdilər. Ancaq hesab edirəm ki, bu mütəşəkkil xarakter daşımalı, dünyanın hər bir ölkəsində fəaliyyət göstərən diaspor təşkilatları, cəmiyyət və federasiyalar Əlikram Hümbətovun bu hərəkətini pisləməlidirlər. Anoloji olaraq xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız müntəzəm olaraq Ermənistanın ölkəmizə qarşı apardığı deportasiya və soyqırım siyasəti, ərazilərimizin 20 faizinin işğal altında saxlanılması, həmçinin artmaqda olan yeni-yeni separatizm meyilləri barədə fəaliyyət göstərdikləri ölkələrin rəsmi və qeyri-rəsmi qurumları, ictimaiyyətini məlumatlandırmalıdırlar. Dünya ictimaiyyəti bilməlidir ki, 1988-ci ilin əvvəllərindən ermənilər Qərbi Azərbaycanda yaşayan 250 min soydaşımızı deportasiyaya məruz qoyub, onları öz ata-baba torpqalarından zorla çıxarıblar. Təssüflər olsun ki, dünya birliyi, beynəlxalq təşkilat və qurumlar hələ də bu ədalətsizliyə göz yumur, proseslərə ikili standartlardan yanaşırlar. Hələ də Ermənistan silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnaməni icra etmir, işğal altında saxladığı Azərbaycan ərazilərini geri qaytarmır. Hesab edirəm ki, bu ikili standartlar, ədalətsizlik aradan qaldırılmalıdır. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycana qarşı olan ədalətsizlik, ikili yanaşmanı aradan qaldırmaq istiqamətində diaspor təşkilatlarımız fəal olmalı, sistemli və müntəzəm şəkildə fəaliyyət göstərməlidirlər". Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri diaspor təşkilatları, xarici ölkələrdə yaşayan azərbaycanlıların oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mövqelərini də təqdir edib və bunu alqışlayıb: "Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının cənab prezident İlham Əliyevi dəstəkləyən bəyanatlar, müraciətlər yayması alqışlanmalıdır. Bu kimi bəyanatlar, müraciətlər dövlət başçısının prezident kimi fəaliyyət göstərdiyi on il ərzində gördüyü işlərin nəticəsidir. Bu illər ərzində cənab prezident bütün sahələr kimi diaspora sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşıb, xarici ölkələrdə yaşayan soydaşlarımızın problemləri ilə yaxından maraqlanıb. Məhz bunun qarşılığıdır ki, bu gün xarici ölkələrdə yaşayan soydaşlarımız hamılıqla cənab prezident İlham Əliyevi dəstəkləyirlər".
Bakı Dövlət Universitetinin müəllimi, Beynəlxalq Diaspora Mərkəzinin departament rəhbəri Əli Eyvazov da Azərbaycanın hər zaman separatizmlə üzləşdiyini və buna qarşı mübartizə apardığını diqqətə çatdırıb. Əlikram Hümbətovun bu günlərdə etdiyi Ermənistan səfərinə toxunan Əli Eyvazov bu səfəri də Azərbaycana qarşı hazırlanan yeni bir separatizm hərəkəti kimi dəyərləndirib. Bildirib ki, müəyyən xarici və daxili qüvvələr ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində Azərbaycanda gərginlik yaratmağa, mövcud siyasi sabitliyi pozmağa çalışırlar: "Ancaq həmin qüvvələrin niyyətləri baş tutmayacaq. Çünki Azərbaycan xalqı yenidən 1988-1995-ci illərə qayıtmaq istəmir. Bu gün dəyişib inkişaf edən Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi altında dünya birliyinin bir hissəsinə çevrilib. Artıq bir sıra dövlətlər Azərbaycanla hesablaşmaq məcbutiyyətində qalır. Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan, paytaxt Bakı şəhəri beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib". Əli Eyvazov prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu uğurla davam etdirdiyini və bu siyasət nəticəsində əhalinin sosial rifah halının gündən günə yaxşılaşdığını diqqətə çatdırıb: "Cənab prezident İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi on il ərzində bütün sahələrdə uğurlar əldə edilib, Azərbaycan nəzərəçarpacaq dərəcədə inkişaf edib. Hər bir sahədə olduğu kimi diaspora sahəsində də təqdirəlayiq işlər görülüb, müvafiq addımlar atılıb. Ona görə də istər respublika daxilində yaşayan insanlarımız, istərsə də dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan vətəndaşları bu siyasətin bundan sonra da davam etməsini istəyirlər. Hər gün dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız və diaspor təşkilatları tərəfindən səsləndirilən və cənab prezidenti dəstəkləyən bəyanatlar, müraciətlər bunu deməyə əsas verir".
Beynəlxalq Diaspora Mərkəzinin üzvü Kamil Babayev də ölkəmizə qarşı müşahidə edilən separatizm cəhdlərinə adekvat reaksiyanın verilməsini zəruri sayıb. Bildirib ki, Əlikram Hümbətovun talış xalqı adından danışması da yolverilməzdir: "Azərbaycanda yaşayan hər bir etnik xalq, istər talışlar, istər ləzgilər, istər udinlər, istərsə də digər xalqların nümayəndələri Azərbaycan dövləti və dövlətçiliyə hər zaman sadiqlik nümayiş etdiriblər. Çünki bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda milli və dini tolerantlıq hər zaman yüksək səviyyədə qorunub. Ona görə də kimlərinsə Azərbaycanda yaşayan etnik xalqlar adından danışması qəti yol verilməzdir". Mərkəz rəsmisi bir sıra hallarda müəyyən şəxslərin öz siyasi məqsədlərinə çatmaq üçün Qərbi azərbaycanlıların adından istifadə etməyə çalışdıqlarını da deyib və bu kimi halları pisləyib. Qeyd edib ki, heç kimə Qərbi azərbaycanlıların adından danışmaq hüququ verilməyib.
Dəyirmi masada çıxış edən Çeçenistanın azərbaycanlı milli qəhramanı Arif Məhərrəmov da Əlikram Hümbətovun Ermənistana səfərini pisləyib və bunu separatizmə cəhd kimi qiymətləndirib. Bildirib ki, Əlikram Hümbətovu həbsxanadan azad edib onun xarici ölkəyə köçməsinə icazə veriləndə səhf addım atmışıq: "Vətən xaini olan şəxs məhv edilməlidir. Ona görə də kimliyindən asılı olmayaraq Vətənə xəyanət edən istənilən insan ən ağır cəzaya məhkum edilməlidir". Arif Məhərrəmov onu da qeyd edib ki, Azərbaycanın qələbəsi böyük həmrəylikdən keçir.
Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli isə deyib ki, Əlikram Hümbətovun separatçı hərəkətlərinə qarşı yalnız bəyanat verməklə kifayətlənməməliyik: "Quru bəyanatlar verməklə işimizi bitmiş hesab etməməliyik. Bu cür antidövlət, antimillət addıma qarşı kəskin ölçü götürülməlidir. Düzdür, bu gün talış xalqının nümayəndələri öz etiraz səslərini ucaldır, bəyanatlar qəbul edirlər. Ancaq bu heç də kifayətedici deyil. Konkret tədbirlər görülməlidir". Samir Adıgözəlli deyib ki, diaspor təşkilatlarımız da Azərbaycana qarşı olan separatizm meyillərini aradan qaldırmaq, onları zərərsizləşdirmək istiqamətində fəallıqlarını artırmalıdırlar.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir