Diaspor təşkilatlarının mətbu orqanları Azərbaycanı necə təbliğ edir?
2 Oktyabr 2013 17:22 DiasporaMüasir dövrümüzdə diaspor sahəsində görülən işlər, bu sahədə dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və fəaliyyəti danılmazdır. Təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda soydaşlarımız tərəfindən təsis edilən televiziya kanalları, radiolar, eləcə də qəzet və jurnalların üzərinə bu istiqamətdə böyük iş düşür. Bəs görəsən diaspor təşkilatlarının təsis etdikləri kütləvi informasiya vasitələri bu misiyanın öhdəsindən necə gəlirlər? Bu suala cavab tapmaq üçün diaspor təşkilatları və onların təsis etdikləri KİV-lərin fəaliyyətinə nəzər yetirmək kifayətdir.
"AzCan" jurnalı-Kanada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən 2008-ci ildən etibarən Kanadada nəşr edilir. Kanadada yaşayan azərbaycanlıların diaspor fəaliyyəti, təşkilatlar tərəfindən keçirilən tədbirləri geniş işıqlandıran bu jurnaltda Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə catdırılmasına da xüsusi yer verilir. Jurnal Kanadada yaşayan soydaşlarımızın azərbaycanla bağlı əsas informasiya mənbələrindən biridir.
"Azerbaydjanskiy konqress" qəzeti-Ümumrusiya Azərbaycan Konqresinin mətbu orqanıdır və həftəlik ictimai-siyasi qəzetdir. Qəzet 2001-ci ildən nəşr olunur. Qəzetdə Azərbaycan haqqında informasiyalar, müəllif yazıları, tədqiqatlar geniş yer tutur. Bununla yanaşı, Rusiya Federasiyasında yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının, o cümlədən Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti qəzetdə geniş işıqlandırılır. Qəzet Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Qəzetin internet versiyası da movcuddur.
"Azerbaycan-Benilüks News" qəzeti-Benilüks Azərbaycanlıları Konqresinin mətbu orqanıdır və qəzet 2006-cı ildən Niderlandda nəşr edilir. Bu mətbu orqan da Bünilüks Azərbaycanlıları Konqresinin fəaliyyəti, keçirdiyi tədbirlər, təşkil etdiyi kampaniyalar haqqında məlumatı Benilüks olkələrində yaşayan azərbaycanlılara çatdırır. Qəzetdə Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, xalqımızın məruz qaldığı terror və soyqırımı haqqında məlumatların yerli ictimaiyyətə çatdırılmasına da xüsusi diqqət yetirilir.
"Azerbaidjan Review" qəzeti-Amerika Nyu-York Assosiasiyası tərəfindən 2007-ci ildən nəşr edilir. Rus dilində nəşr olunan bu qəzetdə yalnız Azərbaycan haqqında informasiyalara deyil, həmçinin Amerikada yaşayan azərbaycanlılar, Azərbaycandan bu ölkəyə köçmüş yəhudilərin ictimai fəaliyyəti, ABŞ-Azərbaycan münasibətlərinə dair maraqlı materiallara rast gəlmək mümkündür. "Azerbaidjan Review" qəzeti fəaliyyət göstərdiyi müddətdə fasiləsiz olaraq nəşr olunur və müəyyən oxucu kütləsi toplamağa müvəffəq olmuşdur.
"Azerbaijan International magazine"-"Azərbaycan Beynəlxalq jurnalı"-"Azerbaijan International magazine" müstəqil ictimai, ədəbi-bədii jurnaldır. Jurnal Sovet İttifaqının dağılması və Azərbaycanın müstəqillik əldə etməsindən qısa bir zaman sonra, 1993- cu ildə yaradılıb. Həmin vaxtdan jurnal bəzi hallarda latın və ərəb əlifbası ilə Azərbaycan dilində, bəzi məqalələr də daxil olmaqla ingilis dilində ildə dörd dəfə buraxılır. Jurnalın Los-Anceles və Bakıda ofisləri var. Jurnalın hər nömrəsi (incəsənət, musiqi, ədəbiyyat, folklor, arxitektura, arxeologiya, sağlamlıq, ətraf mühit, beynəlxalq əlaqələr, biznes, dəb və adətlər kimi sosial məsələlərlə həsr edilmiş məqalələr) təxminən 100 səhifədən ibarətdir. Jurnalın hədəf auditoriyası biznes, diplomatiya və akademik sahələrdəki beynəlxalq oxuculardır. Lakin jurnalda azərbaycanlıların özləri üçün də yeni olan mövzular və məsələlər araşdırılaraq təqdim edilir. Azərbaycan ədəbiyyatı və ingilis dilində tərcümələrlə zəngin internet səhifəsinə malikdir.
"Azərbaycan Dünyası" jurnalı-İstanbul Azərbaycan Kultur və Dayanışma Dərnəyi tərəfindən 2004-cu ildən nəşr edilir. Nəfis tərtibata, yüksək dizayna malik bu jurnal Azərbaycan mədəniyyətinin təbliği və Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında cox mühüm rol oynayır. Jurnal bir qayda olaraq Azərbaycan, Türk və ingilis dilində nəşr olunur.
"Azərbaycan" radiosu-Azərbaycan Akademik Birliyi tərəfindən Almaniya Federativ Respublikasında 2002-ci ildən yayımlanır. Radioda Azərbaycan haqqında proqramlara - mədəniyyət, tarix və xəbər verilişlərinə xüsüsi əhəmiyyət verilir. Radio Almaniyada yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların oz dilini, adət ənənələrini yaşatmasına yardım göstərmək məqsədinə xidmət edir.
Azərbaycan Radiosu- Çərşənbə günləri, saat 22-00-dan 24-00-a kimi Arhus FM, Kanal2, Frekans 98,7MHz tezliklərində yayımlanır. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini Danimarkada təbliğ etməkdir.
"Azərbaycanın səsi" radiosu- "Azərbaycan Evi" tərəfindən 2004-cu ildən Fransada yayımlanır. Burada Azərbaycan haqqında ən son məlumat və xəbərləri dinləmək, milli musiqimizə qulaq asmaq mümkündür. Radioda muxtəlif mədəniyyət və əyləncəli proqramlar efirə verilir.
"Azərbaycanın səsi" radiosu-İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən 2004-cu ildən İsveçrə Konfederasiyasında yayımlanır. Radio Azərbaycanda baş verən ən son hadisələr, olkəmizin ictimai-siyasi və sosial iqtisadi həyatı ilə bağlı məlumatları İsveçrədə yaşayan azərbaycanlılara catdırır.
Norveçdə də eyni adda radio 2006-cı ildən yayımlanır. Radioda Azərbaycan mədəniyyəti, tarixi haqqında proqramlar və xəbər verilişləri efirə verilir. Norvecdə yaşayan azərbaycanlıları informasiya ilə təmin etmək, onların oz dilini, adət-ənənələrini yaşatmasına yardım gostərmək məqsədilə yaradılıb.
Kanadanın Albertada şəhərindəki Azərbaycan Mədəni Mərkəzi tərəfindən 2008-ci ildən yayımlanan radioveriliş də "Azərbaycanın səsi" adlanır. Radio Azərbaycan haqqında verilişlər, mədəniyyət, tarix, incəsənət proqramları ilə zəngindir. Radionun yaradılmasında əsas məqsəd Azərbaycan tarixi və mədəniyyətini tanıtmaqdır.
"Baku" jurnalı-Bakı jurnalı 2007-ci ildən Rusiyada nəşr edilən, öz oxucularını Xəzər sahilindəki qədim Odlar Yurdunun zəngin mədəniyyəti, tarixi, gözəl və mudrik ənənələri ilə tanış etməklə bərabər, həm də azərbaycanlıların muasir həyatı haqqında sohbət acan son dərəcə muasir jurnaldır. Bir neçə dildə nəşr olunur. "Bakı" jurnalı Azərbaycanın və onun paytaxtının bütün dunyada keyfiyyətcə yeni şəkildə "kəşf olunmasına", bu xalqın ən ulvi və gözəl cəhətlərini üzə çıxarmağa calışır. Rubdə bir dəfə nəşr edilən "Bakı" jurnalı həm də dunyada dəbdə olan brendlər aləmində bələdcidir. Jurnalın ingilisdilli versiyasına isə 2012-ci ildən start verilib. Dünyanın ən yaxşı dizaynerləri və foto rəssamları bu versiya ucun əmək sərf ediblər. Onlar Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək edirlər. "Bakı" jurnalı dünyanın ən müxtəlif guşələrində yaşayan dostlarını birləşdirən beynəlmiləl nəşrdir.
"Benilüks" qəzeti-"Benilüks Azərbaycanlıları Konqresi"- nin eyni adlı qəzetidir. "Siyasət", "İncəsənət", "Müxtəlif", "Tarixi sənədlər", "Müsahibələr", "Mədəni irsimiz" rubrikaları ilə oxucuların görüşünə gəlir. "Benilüks" qəzeti Niderland-Azərbaycan Cəmiyyəti tərəfindən Niderland Krallığında 2004-cu ildən nəşr edilir.
"Birlik" jurnalı-"Birlik" Cəmiyyəti tərəfindən Rusiya Federasiyasında 2002-ci ildən nəşr olunur. Jurnalda Azərbaycan haqqında maraqlı məlumatlar, Qarabağ munaqişəsi ilə bağlı həqiqətləri əks etdirən materiallara geniş yer verilir.
"Ekspress Turan" qəzeti-"Xəzər" İctimai Birliyi tərəfindən 2004- cü ildən Qazaxıstanda nəşr edilir. Qazaxıstanda yaşayan azərbaycanlıların həyatı, diaspor təşkilatlarının işində iştirakı, cəmiyətə inteqrasiyası, ictimai-siyasi fəallığı ilə bağlı məlumatlar qəzetin əsas diqqət göstərdiyi mövzulardandır.
"EU Xəbər" qəzeti-Belçika Krallığında fəaliyyət gostərən "Azərbaycan Evi"nin mətbu orqanı olan "EU Xəbər" qəzeti sadə dizaynlıdır. Azərbaycan Evinin həyata keçirdiyi butun aksiyaları əks etdirir. Bununla yanaşı, Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan mədəniyyəti, musiqisi, mətbəxi haqda təbliğati məqalələr qəzetin səhifələrində əks olunur. 2004-cü ildən nəşr olunur.
"Günaz TV" televiziyası-Çikaqo şəhərində fəaliyyət göstərən "Günaz TV" 2 dildə - fars və Azərbaycan dilində yayımlanır. Xaricdən Azərbaycan dilində yayımlanan ən böyük internet portallardandır. Texniki baxımdan tam təchiz olunub. Canlı TV yayımı fəaliyyət göstərir. TV və on-line xəbər arxivi var. Canlı müsahibələr və xəbərlər sayta operativ yerləşdirilir. Kitablar, Forum linkləri aktivdir.
"Güneyin Səsi" jurnalı-"Guneyin Səsi" jurnalı - aylıq elmi, ictimai, sosioloji, əbədi dərgi, DAK-ın mətbu orqanıdır. Jurnalda bir qayda olaraq Güney mövzusuna üstünlük verilir.
"Gürcüstan azərbaycanlıları" qəzeti-"Gürcüstan Mənim Vətənimdir" Cəmiyyəti tərəfindən 2008-ci ildən nəşr olunur. Qəzetdə Gürcüstan azərbaycanlılarının problemlərinə geniş yer verilir. Bundan başqa, qəzet kollektivinin əsas məqsədlərindən biri Gürcüstanda yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işinə töhfə verməkdir. Bu məqsədlə qəzetdə mütəmadi olaraq yeni qəbul olunmuş qanunların Azərbaycan dilində mətnləri dərc olunur və hüquqşunasların şərhləri verilir.
"Region Press" qəzeti-2008-ci ildən Gürcüstanda Marneuli Azərbaycanlılarının Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunur. Jurnalda Mədəniyyət Mərkəzinin fəaliyyəti, keçirdiyi tədbirlər, eləcə də Azərbaycan-Gürcüstan əlaqələri ilə bağlı məlumatlara geniş yer verilir. Jurnal Azərbaycan mədəni irsinin təbliğinə də xüsusi əhəmiyyət verir. Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsil səviyyəsinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası sahəsində mövcud problemlər jurnalın diqqət yetirdiyi əsas movzulardandır.
"Türkel" qəzeti-"Türkel" İctimai təşkilatının mətbu orqanıdır. Qırğızıstan Ədliyyə Nazirliyində qeydiyyatdan
keçib. Qəzetdə, siyasət, beynəlxalq münasibətlər, türk respublikaları arasında əməkdaşlıq və dostluq münasibətləri və digər mövzularda analitik yazılar verilir.
"Vətən" jurnalı-Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının mətbu orqanı 3 dildə yazılarla oxucularının görüşünə gəlir. Diasporun fəaliyyətini, Qazaxıstan-Azərbaycan mədəni əlaqələrinin genişlənməsində atılan addımları işıqlandırır.
Ziya" qəzeti-Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin mətbu orqanı 2006-cı ildən nəşr edilir. Qəzetdə Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar haqqında maraqlı məlumatlara, habelə soydaşlarımızın təhsil sahəsində qarşılaşdığı problemlərlə əlaqədar materiallara kifayət qədər geniş yer ayrılır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir