Xaricdə təhsil alan azərbaycanlı gənclər bir bayraq altında həmrəy olmağa çalışırlar
1 Oktyabr 2013 18:19 Diaspora|
Azərbaycan diasporunun hərəkətverici qüvvəsi sayılan gənclər sözügedən sahənin inkişaf etdirilməsinə öz köməklərini əsirgəmir, bu istiqamətdə yorulmaz fəaliyyət göstərirlər. Xüsusilə, 2012-ci ilin mart ayında Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsindən sonra gənclərimizin diaspora sahəsində aktiv fəaliyyəti özünü göstərməyə başlayıb. Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan gənclərin birləşdiyi Dünya Azərbaycanlı Gəınclər Birliyi ötən müddət ərzində bir sıra uğurlu layihələrə də imza atıb. Birliyin təqdir ediləcək addımlarından biri də dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərlə işin qurulmasıdır. Bu gün ayrı-ayrı xarici ölkələrdə təhsil alan minlərlə azərbaycanlı tələbə var ki, onların üzə çıxarılması, potensiallarından düzgün istifadə edilməsi olduqca zəruridir. Belə tələbələrdən biri də Vasif Kərimlidir. 1991-ci ildə Ordubad rayonunda anadan olan Vasif Kərimli orta təhsilini "British School in Baku" adlı təhsil ocağında başa vurduqdan sonra, ilk olaraq İngiltərənin Newcastle şəhərində 1 illik "Foundation" kursu üzrə təhsil alıb. 2010-cu ildə Vasif Kərimli ailəsinin dəstəyi ilə, dizayn sahəsinə olan marağını peşəkar şəkildə inkişaf etdirmək üçün "Istituto Europeo di Design" universitetinin Barselona filialına transfer olub. Hazırda isə İtaliyanın incəsənət mərkəzi olan Florensiya şəhərində qrafik dizayn üzrə təhsilini davam etdirir. Həmyerlimiz bildirir ki, ötən illə müqayisədə cari ildə təhsil aldığı Accademia İtaliana universitetində gənc azərbaycanlıların sayı sürətlə artıb. Gənc soydaşlarımızla münəzəm olaraq birgə tədbirlər, görüşlər keçirdiklərini deyən Vasif Kərimli deyib ki, onlarla birlikdə Roma şəhərindəki Azərbaycan səfirliyi tərəfindən təşkil olunan mərasimlərə qatılmağı da zəruri hesab edir. Onun sözlərinə görə, bu kimi görüşlərin, məclislərin təşkil olunması Azərbaycan gənclərinin bir bayraq altında həmrəy şəkildə birləşməsinə və irəliləməsinə xidmət edir. Vasif Kərimli deyir ki, 4 ildən artıq Azərbaycandan kənarda yaşadığı üçün çox darıxıb və ürəyi hər zaman Azərbaycamla döyünür: "Artıq 4 ildir Vətəndən uzaqdayam. Məhz buna görə könül istərdi ki, iş həyatımın bünövrəsini paytaxtımızda atım". Həmyerlimiz İtaliyadakı dərnək və klublarla mümkün əlaqələrindən da söhbət açıb: "Gündəlik layihələrimizlə əlaqədar olaraq qrafika sahəsində yerli və tanınmış simalarla vaxtaşırı müsahibələrimiz olur. Bundan əlavə İtaliyanın digər şəhərlərində təşkil olunan yığıncaqlarda fəal iştirak etməyi də daima nəzər nöqtəsində saxlayırıq. Sevindirici bir haldır ki, həmyerlilərimizin bu sahəyə olan marağı günü-gündən artır. Ancaq təəssüf ki, Azərbaycanda bu sahə üzrə iş şöbələrində əcnəbi kadrlara daha çox üstünlük verilir. Bu sahənin Azərbaycanımızda peşəkarcasına inkişaf prosesi hələ də öz dövrünün ən son pilləsini görməyib. Buna istinadən zənnimcə incəsənət sahəsi üzrə Avropada və digər xarici ölkələrdə fəaliyyət göstərən müəyyən təhsil ocaqlarının dövlət proqramının siyahısına salınması bu məsələnin inkişafı yolunda əhəmiyyətli bir addım olacaq". Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir |