Hansı namizəd diaspora sahəsinə diqqət ayırır?
Əksər prezidentliyə namizədlər xaricdə yaşayan soydaşlarımızı unudub
1 Oktyabr 2013 16:45 DiasporaOktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin təbliğat-təşviqat kampaniyasına artıq bir xeyli müddətdir ki, start verilib. İctimai Televiziyada təşkil edilən debatlarda çıxış edən prezidentliyə namizədlər bir qayda olaraq öz platformalarını ictimaiyyətə təqdim edirlər. Burada maraq doğuran məqamlardan biri ondan ibarətdir ki, prezidentliyə namizədlərin əksəriyyəti təbliğat kampaniyası zamanı ancaq ölkədaxili proseslərə diqqət çəkir, platformalarında yalnız Azərbaycan Respublikası ərazisində yaşayan seçicilərlə hansı formada iş quracaqları öz əksini tapır. Prezidentliyə namizədlərin əksəriyyətinin xaricdəki diaspor ilə işlərini necə quracaqlarına aydınlıq gətirilmir, bu məsələyə toxunulmur. Lakin prezidentliyə namizədlər bir məqamı unudurlar ki, seçicilərin heç də hamısı Azərbaycanda deyil. Soydaşlarımızın müəyyən bir qismi xarici dövlətlərdə əmək fəaliyyəti ilə məşğul olsalar da, Azərbaycan vətəndaşlığından çıxmayıblar. Ölkə vətəndaşlığından çıxmadıqları üçün də onların oktyabrın 9-da keçiriləcək seçkilər zamanı səsvermə hüququ var. Xüsusilə, Azərbaycan Respublikasının vətəndaşı olan soydaşlarımızın böyük hissəsinin Rusiyada əmək fəaliyyəti ilə məşğul olduğunu nəzərə alsaq prezidentliyə namizədlərin diaspora ilə hansı formada iş aparacaqları məsələsinə də aydınlıq gətirmələri zərurəti meydana çıxır. Bəs, prezidentliyə namizədlərin xaricdə yaşayan soydaşlarımıza, Azərbaycan diasporuna olan diqqətsizliyinin səbəbi nədir və belə olan halda onlar xaricdə yaşayan həmvətənlərimizin səslərini necə əldə edə bilərlər?
Məsələ ilə bağlı fikirlərini bildirən Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli bildirib ki, prezidentliyə namizədlərin xaricdəki soydaşlarımıza, Azərbaycan diasporu məsələsinə diqqət göstərməməsi utancverici haldır: "Prezidentliyə namizəd olmaq ancaq televiziyada efir vaxtından istifadə edərək danışmaq və təbliğat şəkillərini ora-bura yapışdırmaqdan ibarət deyil. Təəssüflər olsun ki, prezidentlik iddiasında olan namizədlərin əksəriyyəti yalnız bu çərçivədə fəaliyyət göstərir. Bu da utancverici bir mənzərədir. Eyni zamanda, bu onu göstərir ki, prezidentliyə namizədlər seçki kampaniyasına səmimi qoşulmayıb. Onlar hansısa korporativ maraqlardan ötrü və kimlərinsə sifarişi ilə seçkiyə qatılıblar. Halbuki, onlar səmimi olsaydılar, diasporun imkanlarından yararlanmağa səy göstərərdilər. Çünki bu gün yüz minlərlə soydaşımız müxtəlif xarici ölkələrdə yaşayır. Burada təkcə onların səsini almaq uğrunda mübarizədən söhbət getmir. Nəzərə almaq lazımdır ki, dünyada 60 milyon nəfər Azərbaycan türkü yaşayır. Yəni prezident olmaq istəyən bununla göstərməlidir ki, o, həmin soydaşlarımız üçün hansı vədlər verir. Bu azmış kimi, prezidentliyə namizədlərin seçki platformalarında xaricdə yaşayan soydaşlarımızla bağlı praktiki olaraq heç nə yoxdur. Azərbaycan diasporu və onun inkişaf etdirilməsi ilə bağlı onların platformalarında bir kəlmə də olsun cümləyə rast gəlmək mümkün deyil. Bütün bunlarla yanaşı, həmin namizədlər seçicidən səs istəyir və prezident olmaq arzusundadır". Samir Adıgözəllinin sözlərinə görə, Rusiya və Ukraynada xeyli sayda azərbaycanlı yaşayır ki, onlar Azərbaycan vətəndaşıdır: "Onlar səsvermə hüquqlarından istifadə edərək prezidentliyə namizəd olanlara səs verəcək. Ancaq sözügedən namizədlərin heç biri Rusiya və Ukraynada olan soydaşlarımızla iş aparmır. Təbii ki, Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işi çıxmaq şərtilə". Beynəlxalq Diaspora Mərkəzinin sədr müavinin sözlərinə görə, sözügedən istiqamətdə yalnız İlham Əliyevin seçki qərargahının fəaliyyətini qənaətbəxş hesab etmək olar: "Çünki lazımi təbliğat işləri aparılır. İlham Əliyev zaman-zaman xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli ilə bağlı işlər görüb. Ancaq baxsaq görərik ki, xaricdə yaşayan soydaşlarımız alternativ namizədlərin adlarını belə tanımır. Ona görə də bu məsələlərə kampaniyaçılıq prizmasından yanaşmaq olmaz". Mərkəz rəsmisi hesab edir ki, İlham Əliyevin prezidentliyinin on ilində xaricdə yaşayan soydaşlarımız, Azərbaycan diasporuna göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar məhz cənab İlham Əliyevin namizədliyini dəstəklədiyi ifadə edir, səsvermə günü ona səs verəcəklərini bildirirlər: "Son günlər istər Almaniyada yaşayan soydaşlarımız və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, istərsə də ÜmumRusiya Azərbaycanlıları Konqresinin oktyabrın 9-da keçirilən seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə yaydıqları bəyanatlar bunu təsdiqləyir. Həmçinin Beynəlxalq Diaspora Mərkəzinin bir müddət əvvəl xaricdə yaşayan azərbaycanlılar arasında keçirdiyi rəy sorğusunun nəticəsi də bir daha göstərdi ki, xarici ölkələrdə yaşayan soydaşlarımız cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və növbəti illərdə ölkəmizin məhz onun rəhbərliyi altında inkişaf etməsini arzulayırlar".
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir