Diasporun mətbuatın imkanlarından istifadəsi artırılmalıdır
30 Sentyabr 2013 18:05 DiasporaAzərbaycan diasporunun formalaşması, keçdiyi inkişaf yolu və bu sahədə əldə edilən nailiyyətlərin cəmiyyətə, Azərbaycan vətəndaşlarına çatdırılmasında mətbuatın rolu və fəaliyyəti danılmazdır. Bu mənada milli mətbuatımızın üzərinə böyük vəzifələr düşür. Milli mətbuat müasir dövr Azərbaycan dövləti qarşısında duran əsas vəzifələrdən biri kimi, xaricdə yaşayan soydaşlarımızla sıx əlaqələr yaratmaq, diasporu möhkəmləndirmək və Azərbaycan lobbisini formalaşdırmağı önə çəkir.
Mətbuat təkcə bu sahədə olan uğurlar və problemlərə diqqət çəkib onu işıqlandırmır, zaman-zaman səmərəli təkliflərlə də çııxş edir. Mütəmadi olaraq mətbuat səhifələrində də qeyd edilir ki, Azərbaycan dövləti öz diasporuna diqqəti daim artırmalı, bu istiqamətdə konkret, aydın və çevik siyasi xətt yeridilməlidir. Başqa sözlə desək dövlət-diaspor münasibətləri realistcəsinə, ən əsası isə yüksək səviyyədə qurulmalıdır. Dövlətimizin dünya azərbaycanlıları probleminə münasibətdə belə çevik, konkret və ardıcıl mövqeyə malik olması xüsusi ilə vacibdir. Çünki məhz belə bir mənalı və aydın mövqe Azərbaycan diasporu probemi ilə bağlı bir çox mühüm vəzifələrin həllinin əsas açarı ola bilər. Diasporun inkişafı yolunda mühüm əhəmiyyət kəsb edən bütün bu təklif və fikirlər milli mətbuatdan irəli gəlir. Göründüyü kimi, mətbuatımız müasir dövr Azərbaycan diasporu problemlərini və həmin probemlərdən qurtuluş yollarını, onların həlli istiqamətlərini lazımınca işıqlandırmış və bununla da üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Diaspor sahəsində bir sıra elmi məqalələr müəllifi, publisist Rövşən Məmmədov hesab edir ki, hakim mətbuat həm Azərbaycan dövləti, həm milli diaspor, həm də xaricdə yaşayan soydaşlarımız qarşısında mühüm tələblər qoymuşdur. Lazımdır ki, hər iki tərəf qarşıda duran, həlli vacib olan vəzifələri əməli fəaliyyət göstərməklə həyata keçirsin. Belə ki, yalnız yuxarıda sadalanan prinsiplər üzərində qurulan əməli fəaliyyət bütünlüklə Azərbaycan diasporu probemlərini həll etmək iqtidarındadır.
Gələcəyin güclü, qüdrətli, böyük Azərbaycanı bu günlərimizdə əsası qoyulan azərbaycanlıların həmrəyliyinin möhkəm bünövrəsi üzərində yüksələcəkdir. Ona görə də əsrlərdən bəri arzusunda olduğumuz və on illər ərzində uğrunda mübarizə apardığımız müstəqil Azərbaycan ideyasının tam gerçəkliyə çevrilməsi naminə sarsılmaz həmrəylik nümayiş etdirmək hər bir azərbaycanlının müqəddəs amalı olmalıdır.
Azərbaycan Respublikasını dönməz etmək, dövlətçiliyimizi qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur. Bu borcun ödənilməsi üçün isə hər birimiz səy göstərməliyik. Bütün azərbaycanlılara, bu və ya digər tellərlə ölkəmizə bağlı olan hər bir şəxsə azərbaycançılıq, vətənpərvərlik hissələri, tarixi torpağımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamaq hamımızın ümdə vəzifəsidir. Öz taleyini Vətənin taleyi ilə bağlamayan, Vətənə arxa çevirib, yaxıd etinasızlıq edib öz şəxsi mənafeyini düşünən, onu uca tutan insanlar vətəndaşlıq, övladlıq səviyyəsinə yüksələ bilməzlər.
Milli mətbuatımız təkcə dünyanın bir çox inkişaf etmiş ölkələrində məskunlaşmış Azərbaycan diasporunun deyil, həm də tarixin gərdişi üzündən bir-birindən ayrı düşmüş, lakin bu gün də öz doğma yurdunda, tarixi torpağında məskunlaşmış həmvətənlərimizin problemləri ilə yaxından maraqlanır. Bu gün respublikamızda elə bir mətbuat nümunəsi yoxdur ki, öz səhifələrində diasporumuzun fəaliyyətinə yer ayırmasın. Həmvətənlərimizin hər bir uğuru, dünyanın bir çox ölkəsində təşkil edilən ictimai-siyasi, mədəni görüşlər, müxtəlif cəmiyyət və birliklərimizin ardıcıl və məqsədyönlü fəaliyyəti, eləcə də bu yolda qarşıya çıxan problemlər ölkə mətbuatının daim diqqət mərkəzindədir. Milli diasporumuzun dünyanın müxtəlif ölkələrində işıq üzü görən mətbuat orqanlarında ən başlıca vəzifə məhz diasporumuzun fəaliyyət dairəsinin genişlənməsi və təşkilatlanması məsələsidir. Milli mətbuatımız diasporumuzla bağlı problemləri xüsusən ayrı-ayrı ölkələrdə həmvətənlərimizə qarşı yol verilən haqsızlıqlarla da özünəməxsus tərzdə mübarizə aparır. Mətbuat mövcud hadisələri öz səhifələrində əks etdirməklə dövlət orqanlarını, diasporla məşğul olan xüsusi instansiyaları mübarizəyə, mövcud çatışmazlıqları aradan qaldırmağa səsləyir. Bütün bu faktları nəzərə alaraq belə bir ümumi nəticəyə gəlmək olar ki, bu günün mətbuatı yalnız ölkədaxili ictimai-siyasi və sosial hadisələrin deyil, eləcə də Azərbaycan diasporunun aynasıdır və bu aynaya diqqətlə baxdıqda diasporumuzun keçmişi, bu günü və gələcəyi ilə bağlı ətraflı məlumat əldə etmək mümkündür. Bütünlükdə bu qənaətə gəlmək olar ki, həm Azərbaycan Respublikasında fəaliyyət göstərən milli mətbuat, həm də mühacirət mətbuatımız diasporun fəaliyyətini yetərincə əks etdirir. Bura Azərbaycanın və bir sıra xarici ölkələrin elektron informasiya vasitələrini də əlavə etsək milli diasporumuzun fəaliyyət dairəsinin genişliyini görmək o qədər də çətin deyil.
Təbiidir ki, Azərbaycan diasporunun fəaliyyət dairəsi genişləndikcə, milli mətbuatımızın bu istiqamətdə gördüyü işlərin sayı və səviyyəsi də artır. Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan diasporunun fəaliyyət dairəsi, coğrafiyası daha da genişlənsin, milli birliyə nail olunsun. Xalqımızla, vətənimizlə bağlı ən qlobal problemlərin həllində birləşərək, istənilən uğurları qazana bilək. Bunun üçün ayrı-ayrı diaspor təşkilatlarının təsis etdiyi mətbu orqanların sayının da artırılması zəruridir. Həmçinin hər bir diaspor təşkilatının malik olduğu informasiya resursu, sayt və internet adresləri zaman keçdikcə günün tələblərinə uyğun olaraq təkmilləşdirilməli, inkişaf etdirilməlidir. Etiraf etmək lazımdır ki, bu gün bəzi diaspor təşkilatlarının nəinki qəzet və jurnalları, hətta internet adresləri belə yoxdur ki, bu da ümumi işin ziyanına olan məsələdir. İnformasiya Kommunikasiya Texnologiyalarının inkişaf etdiyi bir zamanda bəzi diaspor təşkilatları, cəmiyyət və birliklərin internet adreslərinin olmaması isə sözün həqiqi mənasında böyük qəbahətdir.
Süleyman İsmayılbəyli