Almaniyadakı azərbaycanlılar İlham Əliyevə səs verəcək
30 Sentyabr 2013 17:57 DiasporaAlmaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi oktyabrın 9-da keçiriləcək prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı cənab İlham Əliyevə səs verməyi qərarlaşdırıb. Koordinasiya Mərkəzinin bununla bağlı qəbul etdiyi qərarda qeyd edilir ki, oktyabrın 9-da Azərbaycan Respublikası və azərbaycanlıların həyatında önəmli bir gün, prezident seçkiləridir. Seçkilərin nəticəsi qarşıdakı beş ildə Azərbaycanın dünya ictimaiyyətinə siyasəti, iqtisadi strategiyası, sosial inkişafı, ölkə vətəndaşlarının rifahını və ümumxalq müvəffəqiyyətini müəyyən edəcək. Ötən beş il ərzində Azərbaycan rəhbərliyinin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycan bir dövlət kimi siyasi cəhətdən sabitləşib, dünya iqtisadiyyatında Azərbaycanın mövqeyi güclənib, ölkədə sosial islahatlar həyata keçirilib. Bunun nəticəsində ölkədə sosial-ictimai həyatın səviyyəsi yüksəlib. Eyni zamanda təhsil və mədəniyyət, idman və turizm, ətraf mühitin mühafizəsi sahəsində böyük irəliləyişlər əldə edilib. Qərb və Şərqin kəsişməsində yerləşən Azərbaycan bu illər ərzində hər iki dünya sivilizasiyasının müsbət nailiyyətlərini əks etdirməyə çalışaraq Avropa məkanına inteqrasiyanın mərhələsini uğurla keçib. Keçən dövrdə Azərbaycanın dövlət səviyyəsində yeridilən həm xarici siyasəti, həm də xaricdə yaşayan azərbaycanlılarla diaspora siyasəti hər bir dünya azərbaycanlısı, Azərbaycançılıq ideyası üçün fərəhli olub. Bütün bunlar ölkədə Azərbaycan Respublikasının rəhbərliyi və şəxsən cənab prezident İlham Əliyevin böyük zəhməti nəticəsində başa gəlib. Məhz Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qloballaşma dövründə Cənubi Qafqaz regionundakı mürəkkəb vəziyyət şəraitində, son illərdə olan dünya maliyyə böhranı dövründə dünya ictimaiyyətinin Azərbaycana olan ədalətsiz və tənqidi münasibəti zamanında Azərbaycanın taleyini böyük siyasi bacarıqla düzgün istiqamətləndirmiş, Vətənimizin qürurunu qoruya bilmiş, həddən artıq məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirərək Azərbaycanı inkişaf yolu ilə mütəmadi olaraq irəliyə aparmışdır. Sənəddə həmçinin qeyd edilir ki, Azərbaycanın gələcəyi, Vətənimizin rifahı üçün prezidentliyinin son on ilində əldə olunan uğurlu nəticələrə görə qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyev alternativi olmayan layiqli və inamlı namizəddir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin İdarə Heyəti və Koordinasiya Şurası Azərbaycanımızın gələcəyi naminə soydaşlarımızı oktyabrın 9-da keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə çağırır. Qurum həmçinin prezident seçkilərində cənab İlham Əliyevə səs vermək barədə yekdilliklə qərar qəbul edib.
Süleyman İsmayılbəyli