Azərbaycanın qətiyyətli tədbirləri sayəsində AQEM məkanında bir münaqişə azaldı - Kayrat Sarıbay
18 Aprel 10:57 DiasporaAzərbaycanın qətiyyətli tədbirləri sayəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) məkanında bir münaqişə azaldı.
Olaylar xəbər verir ki, bu barədə AQEM-in baş katibi Kayrat Sarıbay brifinqdə deyib.
"Azərbaycanın qətiyyətli və qanuni tədbirləri sayəsində AQEM məkanında bir münaqişə azaldı. Azərbaycan münaqişələrin həlli, eləcə də, münaqişə sonrası bərpa üzrə unikal təcrübəyə malikdir", - deyə o bildirib.
Bundan başqa, Kayrat Sarıbay AQEM-in qarşıdakı nazirlər müşavirəsinin payızda Bakıda keçiriləcəyini qeyd edib.
"AQEM dinamik şəkildə inkişaf edir, ona tələb var və böyük perspektivə malikdir. Azərbaycanın AQEM-də sədrliyi çox effektiv olacaq. Azərbaycan bir çox təşkilatlarda uğurla sədrlik edib", - o deyib.
Onun sözlərinə görə, Azərbaycanın bütün AQEM üzv dövlətlərinin maraqları ilə eyni olan öz milli maraqları da var.
Kayrat Sarıbay qeyd edib ki, Azərbaycan AQEM-in yaradılmasının ilk tərəfdarları arasında olmaqla, ilk AQEM sənədini qəbul etmiş 15 ölkədən biridir.
"Azərbaycanın sədrliyi 30 il əvvəl Qazaxıstan tərəfindən irəli sürülmüş təşəbbüsü daha da inkişaf etdirməyə imkan verəcək", - deyə o əlavə edib.