Diasporla İş üzrə Dövlət Komitəsinin hüquq və vəzifələrinin məqsədyönlü şəkildə icrası

Diaspora sahəsində yeni nailiyyətlərə yol açır

Müstəqillik illərində diaspor sahəsində əldə etdiyimiz uğurların artmasına təsir göstərən amillərdən biri də sırf bu sahə ilə məşğul olan dövlət qurumunun yaradılması idi. Ümumilli lider Heydər Əliyevin 2002-ci il, iyulun 5-də imzalamış olduğu müvafiq sənəd əsasında yaradılan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sonradan prezident İlham Əliyevin imzalamış olduğu sərəncamla Diasporla İş üzrə Dövlət Komitəsi adlandı. Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizlə sıx əlaqəli şəkildə işləyən Diasporla İş üzrə Dövlət Komitəsinin əsas məqsəd və vəzifələrinin təfsiri Azərbaycan Respublikası Prezidentinin 2009-ci il 14 may tarixli 95 saylı Fərmanı ilə təsdiq edilmiş "Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də öz əksini tapmışdır. Əsasnaməyə görə, Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, onlarla əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatların bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin əsasnaməsinə görə komitənin əsas vəzifələri xaricdə yaşayan azərbaycanlılara, onların yaratdıqları qurumlara, kütləvi informasiya vasitələrinə beynəlxalq hüquq normaları çərçivəsində öz tarixi Vətəni ilə əlaqə yaratmaq, ana dilini, milli-mənəvi dəyərləri mənimsəmək, yaşatmaq və inkişaf etdirmək, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini öyrənmək məqsədi ilə müxtəlif yönlü təşkilati, informasiya, maddi və mənəvi yardım göstərmək, Azərbaycan Respublikasında həyata keçirilən müstəqil, hüquqi və dünyəvi dövlət, demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişaf haqqında xarici ölkələrdə yaşayan həmvətənləri, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını məlumatlandırmaq, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək daxildir. Bununla yanaşı Diasporla İş üzrə Dövlət Komitəsi digər icra hakimiyyəti orqanlarının diaspor işi ilə bağlı fəaliyyətini əlaqələndirir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin edir, dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirir, onların Azərbaycan Respublikasının vətəndaşları və xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin edir. Xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, mədəni-maarif təşkilatlarına, kitabxana, arxiv, muzey, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə digər dövlət orqanları ilə birgə yardım göstərmək, xaricdə yaşayan həmvətənləri Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb etmək, onların Azərbaycanın iqtisadiyyatına investisiya qoyması və ölkə ərazisində sərbəst surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün əlverişli şərait yaratmaq, xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin, habelə onların əməkdaşlıq etdiyi digər diaspor təşkilatlarının Azərbaycan Respublikası ilə əlaqələrinin qurulmasına və inkişafına kömək göstərmək də Dövlət Komitəsinin vəzifələri sırasındadır. Komitə xaricdə yaşayan azərbaycanlıların öz milli və vətəndaşlıq hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətə beynəlxalq sənədlərdə təsbit olunmuş insan haqlarının müdafiəsi və qorunması prinsipinə uyğun olaraq dəstək verir, bu məqsədlə azərbaycanlıların sıx yaşadığı dövlətlərin aidiyyəti strukturları ilə səmərəli iş mexanizmi qurur və problemlərin həllinə kömək göstərir. Eyni zamanda xaricdə yaşayan azərbaycanlıların keçirdikləri mühüm tədbirlərdə Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakına kömək göstərmək, Azərbaycan Respublikasının beynəlxalq aləmdə təbliğ edilməsi və mənafelərinin müdafiəsi işində Azərbaycana ənənəvi müsbət münasibəti olan diasporların imkanlarından istifadə etmək, diasporla iş sahəsinə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək, qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək, diaspor işinin təşkili sahəsində kadr hazırlığını təmin etmək kimi istiqamətlərdə də fəaliyyət göstərir. Komitənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək, onun fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, xaricdə yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumları ilə əməkdaşlığın inkişafı sahəsində görülmüş işlər haqqında vaxtaşırı hesabatlar, illik məruzələr hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək kimi vəzifələr də Diasporla İş üzrə Dövlət Komitəsinin icra etdiyi məsələlər sırasındadır.  Xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə yardım etmək, azərbaycanlıların ayrı-ayrı beynəlxalq təşkilatlarda təmsil olunmasına, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsinə kömək etmək, xaricdə yaşayan azərbaycanlıların problemləri, eləcə də Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı dəyirmi masalar, seminarlar və konfranslar keçirmək,azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlər həyata keçirmək, onların sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərini öyrənmək və həllinə dair Azərbaycan Respublikasının dövlət strukturları, eləcə də Xarici İşlər Nazirliyinin vasitəsi ilə müvafiq xarici dövlətlər qarşısında təkliflər irəli sürmək, soydaşlarımızın  yığcam yaşadıqları ölkələrdə və regionlarda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri ilə birgə ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasını və fəaliyyətini təşkil etmək, xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor nümayəndələrinin Azərbaycan dövlətinə və onun vətəndaşlarına maddi, mənəvi və humanitar yardımını təşkil etmək və aidiyyəti üzrə istiqamətləndirmək kimi istiqamətlərdə Dövlət Komitəsi müntəzəm olaraq dünyanın müxtəlif ölkələrində tədbirlər keçirir. Respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə xarici ölkələrdə yaşayan azərbaycanlıların və onların ictimai birliklərinin, habelə zərurət yarandıqda, Azərbaycana dost münasibət bəsləyən digər xalqların diaspor qurumlarının iştirakına kömək etmək, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının tədris müəssisələrində təhsil almasına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına yardım etmək, azərbaycanlılar, onların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək kimi məsələlər də qeyd olunan məqsəd və vəzifələrə aiddir.

Diasporla İş üzrə Dövlət Komitəsinin hüquqlarına gəlincə isə diasporla iş sahəsinə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və onların hazırlanmasında iştirak etmək, diasporla iş sahəsi üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüs irəli sürmək, diasporla iş sahəsi üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq, xaricdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini təmin etmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək kimi məsələlər daxildir. Bundan başqa xarici dövlətlərin diasporla işin təşkili və aparılması sahəsində təcrübəsini öyrənmək, ümumiləşdirmək və qabaqcıl təcrübənin tətbiq olunmasını təmin etmək,fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq, təkliflər vermək, xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə bağlı informasiya və nəşr fəaliyyətini həyata keçirmək, internet saytı yaratmaq və ondan istifadə etmək, diasporla iş aparmaq məqsədi ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə Xarici İşlər Nazirliyi tərəfindən təyin olunan işçilər haqqında təqdimat vermək Dövlət Komitəsinin hüquqları çərçivəsindədir. Həmçinin Dövlət Komitəsi bu hüquqlar çərçivəsində xaricdə yaşayan azərbaycanlılar, onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə iş üzrə komissiyalar, koordinasiya və ekspert şuraları, işçi qrupları yaradır, diasporla iş sahəsində mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür, müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb edir, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31