Azərbaycan diasporunun quruculuq fəaliyyəti digər ölkələrin fəaliyyətindən üstün keyfiyyətlərə malikdir
8 Mart 13:43 Diasporaİstiqamət: diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Hər bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir ki, bu baxımdan diaspor fəaliyyəti olduqca vacib sayılır.
Siyasi ekspert Aydın Quliyev də bildirir ki, diaspor quruculuğu hər bir dövlətin əsas fəaliyyət istiqamətlərindən biridir:
"Hətta bəzi xalqların, dövlətlərin timsalında belə bir amil var ki, milli dövlətin yaranmasında əsas rolu diaspor qurumları və diaspor oynayıb. Amma bu, Azərbaycanda başqa cürə getdi. Çünki 1991-ci ildə Azərbaycan müstəqillik əldə edəndə bizim dünyada ayrıca azərbaycanlılar diasporu deyilən bir anlayış yox idi. Düzdür, dünyada azərbaycanlılar var idi, amma azərbaycanlılar diaspor şəklində formalaşmamışdılar və dünyada Azərbaycan diasporunun formalaşması da, bir qayda olaraq müstəqil Azərbaycan dövlətinin elan olunmasından sonra başladı və bizim bu gün dünyadakı diasporumuzu birmənalı şəkildə Azərbaycan dövlətinin işinin böyük nəticələrindən biri saymaq olar. Beləliklə, dünya miqyasındakı Azərbaycan diasporu və müstəqil Azərbaycan dövləti 50 milyonluq xalqımızın dünyada, bölgədə mövqeyini müəyyən edən iki əsas faktor və gücə çevrilib.
Əslində bu gün bizim böyük diasporumuz da məhz dövlətin himayəsi altındadır, dövlətin dəstəyi altındadır. Bu cəhətdən də Azərbaycanda diaspor quruculuğu fərqlənir. Bəzi adını çəkmək istəmədiyim başqa xalqların dövlətləri də, diasporları da var. Amma onların diasporları dövlətin üzərində nəzarət edir və dövləti təsir altında saxlayırlar. Bu cəhətdən də Azərbaycan fərqli və pozitiv bir xüsusiyyətə malikdir, üstün keyfiyyətə malikdir. Bu da ondan ibarətdir ki, Azərbaycan dövləti və Azərbaycan diasporu bir-birinə üzvü şəkildə bağlıdır. Azərbaycan diasporu öz gücünü Azərbaycan dövlətindən alsa da, amma Azərbaycan dövlətinin üzərində diasporun heç bir üstünlüyü yoxdur. Əksinə, diasporun dünya miqyasındakı fəaliyyətini Azərbaycan dövləti, müvafiq Azərbaycan dövlətinin qurumu idarə edir. Bu, dünyada unikal bir təzahürlərdən biridir ki, həm dövlətlə diaspor arasında çox böyük bağlılıq var, həm də dövlət diasporun fəaliyyətini tam şəkildə yönəldir və idarə edir. Məsələn, biz baxsaq, bu gün Ermənistan dövləti və Ermənistan diasporunun münasibətlərinə, burada Azərbaycandan çox fərqli, həm də neqativ görüntülər var. Bu ondan ibarətdir ki, Ermənistan dövlətinin əslində formalaşması tam şəkildə erməni diasporunun nəzarəti, təsiri və yönəltməsi altında baş verdi. Xaricdə çox varlı erməni diasporu var və onlar Ermənistan dövlətinin qurulmasında, yaradılmasında və təcavüzkar siyasətə yönəldilməsində böyük rol oynadılar.
Diqqətlə baxanda erməni dövləti və erməni diasporunun münasibətlərində həmişə müxtəlif mərhələlər, fasilələr olub. 1990-cı illərdə müstəqil erməni dövləti yarananda, bu dövlətin yaradılma prosesinin üzərində varlı erməni diasporunun və erməni lobbisinin böyük təsirləri olub. Sonra Paşinyan hakimiyyətə gələndən sonra diasporun rolunu sıfıra endirdi, diaspor təşkilatlarına dövlətin dəstəyini kəsdi, hətta diasporla məşğul olan Ermənistandakı dövlət qurumunu belə ləğv elədi və uzun müddət diasporla erməni dövlətinin arasında əlaqəsizlik, rabitəsizlik yarandı. Amma bu cəhətdən Azərbaycan tam hesablanmış, məntiqli bir model içindədir. Bizim Azərbaycan dövləti ilə diasporumuzun arasında həmişə dinamik inkişafı edən münasibət olub, burada heç vaxt fasilə yaranmayıb və Azərbaycan dövləti diasporun fəaliyyəti üzərində özünün metodiki və azərbaycançılıq ideologiyası əsasında nəzarətini, yönəldici fəaliyyətini davam etdirib.
Bunlar, əlbəttə, Azərbaycan diaspor quruculuğunun mühüm əlamətləri, keyfiyyətləridir və Azərbaycan diaspor quruculuğunu başqa ölkələrin diaspor quruculuğundan fərqləndirir. Tam cəsarətlə demək olar ki, bu gün Azərbaycan diasporunun quruculuğu fəaliyyəti erməni diasporunun və ümumiyyətlə, digər ölkələrin, xalqların diasporlarının fəaliyyətindən əhəmiyyətli dərəcədə fərqlənir və üstün keyfiyyətlərə malikdir.
Azərbaycan diasporu ilə Azərbaycan dövlətinin birliyi bizim Vətən müharibəsində qələbəmizin ən böyük motivlərindən birinə çevrildi və bu işdə həm dövlətin, həm də diasporun əsas ideoloji platforma kimi üstünlük verdiyi azərbaycançılıq ideologiyası öz rolunu oynadı.
Azərbaycan diasporunun bu gün fəaliyyətinin gücləndirilməsi yönümündə dövlət səviyyəsində iş aparılır. Bu gün əvvəlki dövrlərdə mövcud olan bəzi neqativ cəhətlərin artıq sıradan çıxdığını görürük. Məsələn, bizim diasporla xaricdəki diplomatik korpuslarımızın əlaqələrinin qurulması yönümündə aparılan işin nəticələri var. Artıq xoşagəlməyən hallara rast gəlinmir və xaricdə müəyyən tədbirlərin həyata keçirilməsində diasporun və dövlət qurumlarının birgə anlaşıqlı fəaliyyətini görürük. Azərbaycan diasporunun gücü, dünyada bizim Qarabağla bağlı, arxada qoyduğumuz Vətən müharibəsi ilə bağlı ərazi bütövlüyümüzün təmin olunması uğrunda apardığımız müharibənin həqiqətlərinin dünya miqyasında təbliğ olunmasında da diasporun böyük rolu var.
Bir sözlə, həm Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında diasporumuzun aktiv iştirakını görürük, həm Azərbaycan dövlətinin bugünkü inkişaf səviyyəsinin, dünyada tanıdılması yönümündə diasporun fəaliyyətinin iştirakını görürük, həm də Azərbaycan diasporunun Azərbaycan dövlətinə və Azərbaycan xalqına bağlılığını hər ötən il inkişaf edərək gücləndiyinin şahidi oluruq. Beləliklə, Azərbaycan xalqı bu gün, əslində həm regional, həm də beynəlxalq münasibətlərdə iki böyük gücə söykənir. Birinci, Azərbaycan dövləti, ikinci, Azərbaycan dövlətinin himayəsi və dəstəyi altında fəaliyyət göstərən Azərbaycan diasporu. Bu iki amil Azərbaycan xalqının dünyada gücünü müəyyən edən iki böyük faktordur".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.