“Ermənilər regionda yeni bir təhlükə mənbəyinə çevriləcək” - MÜSAHİBƏ

Samir Adıgözəlli: “Vanda mərkəzləşən ermənilər ətraf vilayətlərə də gizlicə təsir etməyə başlayıblar”

"Van Akdamar kilsəsində keçirilmiş ayində ABŞ konsulunun iştirakı əsassız iddialara bir dəstək nümunəsidir"

Son vaxtlar ermənilərin Türkiyənin Van vilayətində aktivliyi müşahidə edilir. Bu vilayətdə süni şəkildə sayı artırılan ermənilərin getdikcə Vanın yerli idarəetmə orqanlarına da təsir etdikləri vurğulanır. Bu günlərdə Vanda səfərdə olan Dünya Azərbaycanlıları Konqresinin İcra Aparatının rəhbəri, Beynəlxalq Diaspora Mərkəzinin sədr müavini Samir Adıgözəlli Vana mümkün erməni təsiri, bu vilayətdə yaşayan azərbaycanlıları gözləyən təhlükələr barədə danışıb.

-Samir bəy, bu günlərdə Türkiyənin Van vilayətində səfərdə oldunuz. Səfərdən təəssüratlarınız necədir və doğurdanmı Vanda deyildiyi kimi ermənilərin sayı sürətlə artır?

-Məlumunuz olduğu kimi bu il sentyabrın 8-də erməni kilsəsi tərəfindən Türkiyənin Van şəhərində yerləşən Akdamar kilsəsində ayin keçirilib. 98 ildən sonra ilk dəfə olaraq gerçəkləşən bu ayində ermənilər Van suyu ilə vaftiz edilib. Bu ayini keçirmək üçün ermənilər illərdir Türkiyənin bu bölgəsində fəaliyyət aparmaqdadır. Hələ bir neçə il bundan əvvəl ermənilər Van şəhərinin mərkəzi küçələrindən olan Bahçıvan məhəlləsində ikimərtəbəli bir evi bərpa edərək kilsəyə çeviriblər. Əldə etdiyimiz məlumatlara əsasən hansı ki, həmin ev, uzun illər erməni missionerlik fəaliyyəti üçün istifadə edilib. Ermənilərin ayin keçirmə mərasiminə etiraz əlaməti olaraq Beynəlxalq Diaspor Mərkəzi (BDM) Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) ilə birgə Vanda etiraz aksiyası həyata keçirdi. Polis tərəfindən Akdamar adasına buraxılmasaq da, adanın göründüyü ərazidə aksiyamızı keçirməyə nail olduq. Bununla bərabər bir neçə aydır ermənilərin Vana gəlişi ilə bağlı təşkilatımızın etiraz tədbirləri keçirəcəyi haqqında Türkiyə mətbuatında çoxsaylı çıxışlarımız olub. Bunun nəticəsi olaraq ayin üçün böyük erməni qrupunun Vana gəlişinin qarşısı alındı. Ermənilər tərəfindən verilən açıqlamalarda da etiraz aksiyalarından ehtiyatlandıqlarını və buna görə də kiçik bir qrupla Vana gəldiklərini bildiriblər. Erməni ayinində Birləşmiş Ştatların Adanadakı Baş konsulunun iştirak etməsi bölgə üçün yeni bir təhlükənin yaranmasından xəbər verir. Türkiyəyə qarşı ərazi iddiasında olan ermənilərin 98 ildən sonra Van Akdamar kilsəsində keçirilmiş ayində ABŞ konsulunun orada iştirakı əsassız iddialara bir dəstək nümunəsidir. Ümumiyyətlə, Türkiyənin Şərq və Cənub-Şərq bölgəsində erməni diasporunun fəallaşması açıq müstəviyə keçməkdədir. Bu bölgədə ermənilər saylarını və kimliklərini gizlətməkdədirlər. Təkcə Van şəhərində əlli minə yaxın erməninin olduğu bildirilir. Onlar burada kürd kimliyi altında yaşayırlar.

-Ermənilərin Vanda sayının artmasına təsir edən müsbət amillər hansılardır və bu hansı yolla baş verir?

-Van bölgəsində ermənilərin həm sayının artması, həm də fəallaşmasının əsas amillərindən biri burada PKK terror təşkilatının siyasi qanadı olan BDP-nin təsirinin yüksək olması və bələdiyyə başqanlığına onların rəhbərlik etməsidir. Digər bir amil isə Vanın İranla sərhəd bölgə olması, İrandakı ermənilərin bu bölgəyə tez-tez səfərləri və diaspor fəaliyyətinin aparılmasıdır. Bununla bərabər Qərb ölkələrinin Türkiyəyə qarşı son illər təziqlərinin daha da artması tarixdə olduğu kimi xristian təəssübkeşliyinin təməlidir. Mən hələ bir ay öncə bu bölgədə səfərdə oldum və bir sıra araşdırmalar apardım. Təəssüratlarım ürəkaçan olmadığı kimi, həm də gələcək baxımdan təhlükəlidir. Tarixdə bütün erməni cinayətlərinin başında duran erməni kilsəsi bölgədə (Van başda olmaqla, Bitlis, Muş, Ağrı, Ardahan, Qars, İğdır) missionerlik fəaliyyətini genişləndirməkdədir. Vanı mərkəz olaraq qəbul edən ermənilər burada özlərini möhkəmləndirdikdən sonra regionda yeni bir təhlükə mənbəyinə çevriləcəklər. Əllərini-qolarını sallayaraq rahat bir şəkildə Vana səfərlər edən ermənilərdən fərqli olaraq, bizim nümayəndə heyətini aparan maşın karvanı həm polis tərəfindən saxlanılaraq yoxlamadan keçirilir, həm də havadan helikopterlərlə nəzarətdə saxlanılırdıq. Doğrudur, türk polisi bizimlə hörmət və nəzakətlə rəftar etdi və hətta, çoxsaylı Azərbaycan və Türkiyə bayraqlarının dalğalanması və maşın karvanını bəzəməsindən qürurlandıqlarını bildirdilər. Bir növ Vanda hökm sürən sindromu qırmış olduq.

-Vanda gedən bu mənfi tendensiya Vana yaxın olan digər vilayətlərə də keçə bilərmi və ermənilər həmin vilayətlərdə də arta bilərlərmi?

-Yuxarıda qeyd etdiyim kimi Vanda mərkəzləşən ermənilər ətraf vilayətlərə də gizlicə təsir etməyə başlayıblar. Vandakı Bahçıvan məhəlləsindəki kilsəyə ətraf şəhərlərdən gənclər gətirilir, onlar istiqamətləndirilərək missionerlik fəaliyyəti üçün məskunlaşdıqları yerlərə göndərilirlər. Erməni kilsəsinin heç bir zaman məqsədi Allaha ibadət olmamışdır. Soyqırım cinayətləri və müharibənin baş ideoloqu olan, "Böyük Ermənistan" xülyasının gerçəkləşməsi istiqamətində çalışan erməni kilsəsi terror yuvasıdır. Akdamar kilsəsinə ermənilərin iddia etməsi tamamilə növbəti bir əsassız fikirdir. Bu kilsə tarixən xristian peçənək türklərinə aiddir. Alimlərimizi bu istiqamətdə araşdırmalar aparmağa və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çağırıram.

-Bildiyimiz qədər Vanda minlərlə azərbaycanlı da yaşayır. Bu mənfi amil soydaşlarımız üçün nə dərəcədə təhlükə yaradır?

-Vanın 8 böyük kəndi əslən Azərbaycan türklərinin yaşadığı kəndlərdir. Vanda iki yüz minə yaxın azərbaycanlının yaşadığı bildirilir. Hər iki səfərimdə bir qrup soydaşlarımızla görüşdüm. Hər halda onların çətin bir bölgədə yaşadıqlarını, və bir çox problemlərlə qarşı-qarşıya olduqlarını açıqca sezdim. Deyək ki, İqdırda yaşayan azərbaycanlı ilə Vanda yaşayan azərbaycanlını müqayisə etdiyimiz zaman nə qədər böyük bir fərqin olduğunu görməkdəyik. PKK-nın siyasi qanadının və ermənilərin bu bölgədə fəallaşması soydaşlarımız, daha dəqiq desək ümumtürk toplumu üçün yeni bir təhlükənin başlanğıcını hiss etdirir. Mən bu haqda Türkiyə mətbuatına da fikirlərimi bildirdim. Ümumiyyətlə Van, Qars və İqdır vilayətləri Azərbaycan üçün həssas bir bölgədir. Azərbaycan dövləti bu haqda düşünməli və təxirəsalınmaz bir sıra addımlar atılmalıdır. Bu məsələlər bir QHT-nin, diaspor təşkilatının fəaliyyətləri çərçivəsində həll olunacaq bir şeylər deyil. Elə məsələlər var ki, onları mətbuata açıqlamaq olmur. Mütləq bunlar nəzərə alınmalıdır.

-Sizcə, böyüməkdə olan təhlükənin qarşısını necə almaq olar?

-Hesab edirəm ki, bu suala yuxarıda cavab verdim. Biz, Azərbaycan olaraq bölgənin həssaslığını başa düşməli və soydaşlarımıza sahib çıxmalıyıq. Azərbaycan iş adamları bu bölgədə yatırımlar etməlidir. Elmi-mədəni fəaliyyətlərimiz yox dərəcəsindədir, bunlar artırılmalıdır. Adını qeyd etdiyim Van, Qars və İqdır vilayətlərindəki əslən azərbaycanlı iş adamlarına şəraitlər yaradılmalıdır. Azərbaycan dövləti, fondları tərəfindən bu ərazidə bir sıra layihələr həyata keçirilməlidir. Bu bölgədə yaşayan soydaşlarımız Azərbaycan davası üçün canlarını belə fəda ediblər. İndi də erməni saxtakarlığına, Azərbaycana qarşı çirkin təbliğatlarına qarşı öz mübarizliyini davam etdirirlər. Bizim də borcumuz İqdırda, Qarsda, Vanda yaşayan bütün soydaşlarımıza sahib çıxmaqdır. Erməni saxtakarlığına qarşı Azərbaycan və Türkiyə diasporu birgə çalışmalıdır.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31