Dünya azərbaycanlıları Prezidentə yazır: “Bizə verdiyiniz dəstək, qayğı və dəyər üçün Sizə minnətdarıq!”
29 Dekabr 2023 14:54 DiasporaDünya azərbaycanlıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü, Həmrəylik Günü və Yeni il münasibətilə təbriklər ünvanlayıb.
Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok Prezident İlham Əliyevə ünvanladığı səmimi məktubda 1973-cü ildən kamança və tarda çaldığını, son 50 il ərzində dünyanın müxtəlif konsert salonlarında təqdimat keçirdiyini vurğulayan cəmiyyət sədri Azərbaycanın nailiyyətləri ilə əlaqədar Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən təşəkkür etmək istədiyini bildirib: "Sizi doğum gününüz münasibətilə təbrik edirəm və bu əlamətdar günün həyatınızda hələ çox olmasını arzulayıram. Fürsətdən istifadə edərək, ölkənizin suverenliyinin tam bərpası münasibətilə Sizi təbrik etmək istəyirəm. Şuşanın işğaldan azad olunduğunu öyrəndiyimiz gün həyatımın ən xoşbəxt günlərindən biri oldu".
Rusiyanın Krasnodar diyarının Soçi şəhərindəki "Dostluq" Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri İlqar Səlimovun adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün ilk dəfə olaraq ölkəmizin suverenliyinin tam bərpa olunduğu şəkildə qeyd ediləcəyi vurğulanıb: "Biz çox şadıq ki, Azərbaycanımıza Sizin kimi Prezident rəhbərlik edir. İndi biz dünyanın tanınmış dövlətiyik. Sizin rəhbərliyiniz altında ölkəmiz daha da inkişaf edəcək və böyük nailiyyətlər qazanacaq. Biz tamamilə əminik ki, bu seçkilərdə xalqımız yekdilliklə Sizə - qalib ordunun Ali Baş Komandanına səs verəcək. Sizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımızın rifahı və tərəqqisi naminə işlərinizdə uğurlar arzulayırıq. Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə də təbrik edirik".
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin sədri Leyla Əmrahova, icraçı direktoru Rəna Hüseynova və İdarə Heyətinin üzvləri adından dövlət başçımıza Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğıya görə dövlət başçımıza xüsusi minnətdarlıq bildirilib: "Qürurla qeyd etmək istəyirik ki, mərkəzimizin açılış tarixi Sizin doğum gününüzə təsadüf edib. Bu əlamətdar tarixin məsuliyyəti və şərəfi bizə motivasiya verir. Azərbaycan bizim mənəvi vətənimizdir. Sizin xalqımız və mədəniyyətimiz üçün göstərmiş olduğunuz xidmətləri dəstəkləyirik və fəxr edirik. Bizə verdiyiniz dəstək, qayğı və dəyər üçün Sizə minnətdarıq! Qüdrətinizdən güc alırıq!" Məktubda Gürcüstanda yaşayan və səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının 7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkilərində sevinc, fərəh hissi ilə iştirak edəcəyi və xalqımızın işıqlı gələcəyinə səs verəcəyi diqqətə çatdırılıb.
Niderlandda fəaliyyət göstərən Niderland-Azərbaycan "Odlar Yurdu" Cəmiyyətinin sədri Frəngiz Bağırova adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda xoş arzular, minnətdarlıq və dəstək ifadə edilib: "Çox hörmətli Prezident! Bizə həsrətində olduğumuz, tarixdə görünməyən qələbə sevincini yaşatdığınız üçün dərin minnətdarlığımızı bildirirəm. Yaşasın Ali Baş Komandan! Biz həmişə Sizinləyik!"
Rusiyanın "Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" şəhər ictimai təşkilatının sədri Vaqif Məmişovun adından dövlət başçımıza ünvanlanan məktubda Sankt-Peterburqda yaşayan azərbaycanlıların hər zaman Prezident İlham Əliyevin yanında olduğu və onu dəstəklədiyi bildirilib: "İndi dünyanın hər yerindən çoxlu sayda təbriklər alırsınız, şəxsim və "Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti" şəhər ictimai təşkilatı adından biz də bu təbriklərə qoşuluruq. Siz milyonlarla soydaşımızın arzusunu gerçəkləşdirmisiniz. Əsası qüdrətli lider Heydər Əliyev tərəfindən qoyulan ənənələri davam etdirməklə ölkədən kənarda yaşayan soydaşlarımızın daim qayğısına qalırsınız. Rusiyada yaşayan azərbaycanlılara göstərdiyiniz diqqət, hər bir uğurunuz bizə böyük sevinc bəxş edir. Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, sülh, firavanlıq və Azərbaycan dövlətinin və xalqının rifahı naminə nailiyyətlər əldə etməyi arzulayırıq. Biz hər zaman Sizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik!".
Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən "Khari Bülbül" Azərbaycan Mədəniyyət Evinin təbrik məktubunda ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması naminə göstərdiyi misilsiz və fədakar xidmətlərinə görə Prezidentə dərin minnətdarlıq bildirilib: "Sizə qarşıya qoyduğunuz məqsədlərə çatmaqda tükənməz enerji və əzmkarlıq arzulayırıq, rəhbərliyinizin bundan sonra da millətin tərəqqisinə töhfələrini verəcəyinə əminik! Bütün dünya azərbaycanlıları kimi, 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkilərində birmənalı olaraq Sizin namizədliyinizi dəstəkləyəcəyik".
Rusiyanın Ulyanosk vilayəti qubernatorunun milli məsələlər üzrə müşaviri, "Ulyanovsk regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının sədri İslam Hüseynovun təbrik məktubunda bildirilib ki, Prezident İlham Əliyevin səriştəli və müdrik rəhbərliyiniz altında Azərbaycan əminliklə çiçəklənir və inkişaf edir: "Sizə bütün məqsədlərinizə çatmaqda uğurlar, cansağlığı, firavanlıq, tükənməz enerji və güc arzulayırıq".
Niderlandda fəaliyyət göstərən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin sədri Kəmalə Cəlilovanın adından təbrik məktubunda Prezidentə dəstək ifadə olunub: "Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayırıq. Qarşıdan gələn prezident seçkilərində dünyanın 35 ölkəsindən 100-ə yaxın lider xanım "Biz birlikdə güclüyük!" şüarı ilə Sizi dəstəkləyir".
Rusiyanın "İvanovo vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti" regional ictimai təşkilatının sədri Asif Məmmədov dünya azərbaycanlılarının Prezident İlham Əliyevlə fəxr etdiyini bildirib: "Parlaq liderlik keyfiyyətləriniz, idarəçilik istedadınız və fədakar əməyiniz sayəsində ölkəmizin inkişaf strategiyasını müəyyənləşdirmisiniz. Sizi bütün dünyada görkəmli, cəsarətli, müdrik dövlət xadimi və qüdrətli siyasətçi olan atanızın layiqli davamçısı kimi qəbul edirlər. Bu əlamətdar gündə səmimi-qəlbdən Sizə möhkəm cansağlığı, sevinc, əla əhval-ruhiyyə Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".
Rusiyanın Sverdlovsk vilayətinin "Ural-Azərbaycan" Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatının sədri Şahin Şıxlinskinin təbrik məktubunda qeyd edilib ki, xaricdə yaşayan soydaşlarımız Prezidentin daxili və xarici siyasətini, bütün qərarlarını dəstəkləyən Azərbaycan xalqının ruh və qüdrət birliyinə görə qürur və fərəh hissi keçirir: "Hər bir azərbaycanlı üçün əlamətdar gün olan doğum gününüz münasibətilə Sizi təbrik etmək istəyirik. Sizin insani keyfiyyətləriniz, siyasi iradəniz, təşəbbüskarlığınız, enerjiniz, peşəkarlığınız xalqın və dövlət başçılarının yüksək qiymətini qazanıb. Ölkəmizin əmin əllərdə olduğunu bilən Azərbaycan xalqı sakit yaşaya bilər. Siz Azərbaycan xalqını xoşbəxtliyə çatdırmısınız! Qürur duyur, inanır, ümid edir, sevirik! Yaşasın müstəqil Azərbaycan! Yaşasın Ali Baş Komandan!"
Bremen Azərbaycan Mədəniyyət Evinin İdarə Heyəti adından ünvanlanan təbrik məktubunda xoş arzular ifadə edilib: "Sizi doğum günü münasibətilə Almaniya Federativ Respublikasının Bremen əyalətində yaşayan azərbaycanlıların icması adından səmimi-qəlbdən təbrik edirik. Sizə cansağlığı, uğurlar və yeni qələbələr arzulayırıq".
Rusiyanın Kirov vilayətində fəaliyyət göstərən "Birlik" Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyevin məktubunda qeyd olunub ki, Kirov vilayətində fəaliyyət göstərən Azərbaycan diasporu dövlət başçımızın siyasi kursunu dəstəkləyir: "Sizin apardığınız düzgün siyasət nəticəsində bu gün müstəqil Azərbaycan dövləti bütün azərbaycanlılar üçün güc mənbəyi olub. Son 200 ildə Azərbaycanın itirilən, işğal olunan torpaqlarını geri alan sərkərdə olaraq tariximizə adınız qızıl hərflərlə düşüb. Buna görə də hazırda dünya azərbaycanlıları Sizin "dəmir yumruq" ətrafında bir araya gəlib. İnanırıq ki, 2024-cü il 7 fevral tarixli növbədənkənar prezident seçkilərində ən yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Prezidenti seçiləcəksiniz".