Rusiya-Ermənistan arasında gizli münasibətlər, alış-verişlər var - Əli Mustafa - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Paşinyanın Sankt-Peterburqa səfəri  ilə bağlı təbii ki, mülahizələr çoxdur. Düşünürəm ki, əvvala Rusiyanın qaz məsələsi ilə bağlı təzyiqləri burda yer aldı."

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib:

"Yəqin ki, Ermənistan Rusiya tərəfindən ciddi şəkildə hədələndi ki, iştirak etməyəcəksə, onda Rusiya Ermənistana qazın verilməsini dayandıra bilər ya da bahalaşdıra bilər. Böyük ehtimalla məsələnin biri bu idi. Digər tərəfdən son günlər Hindistanın Ermənistana satdığı raketlərdən bəhs olunur. Əslində, Hindistan-Rusiya birgə müəssisələrinin istehsalıdır. Ola bilər ki, silah satışı ilə bağlı da hansısa təzyiqlər oldu. Rusiya Ermənistanın nəzərinə çatdırdı ki, əgər görüşdə iştirak etməyəcəksə, onda o silahların, raketlərin Ermənistana verilməsini dayandıra bilər. Birinci hesab edək təzyiq məsələlərini, ikinci silah məsələsinə istinad etsək, anlaşılan odur ki, Rusiya-Ermənistan arasında gizli münasibətlər, alış-verişlər var. Ola bilsin, Paşinyanın KTMT məsələsində israrçı davranışı, hətta mümkündür ki, Rusiya ilə razılaşdırılmış fəaliyyətdir, yaxud da Qərbin dəstəyini almaq, inandırmaq üçün istifadə olunan bir yanaşmadır. Eyni zamanda Paşinyanın Rusiyaya getməsi Qərbə təzyiq elementi kimi də ola bilər. Ermənistan bəlkə də bununla Qərbə demək istəyir ki, mənim istədiyim hər şeyi sən təmin etmirsən, ona görə də istəsəm, yenidən Rusiya ilə yaxınlaşa bilərəm, onun orbitində qala bilərəm. Mümkündür ki, Paşinyanın bu səfəri məsələsində Rusiya Ermənistana hansısa əlavə güzəştlər də vəd edib və bu da o güzəştlərlə əlaqəlidir. Bu ehtimalların hər biri mümkündür. Biz Rusiyanın da, Ermənistanın da dəyərlərə sadiq dövlətlər olmadığını bilirik, onların dostları yox, maraqları var. Müəyyən dövrdən sonra bəzi həqiqətlər ortaya çıxacaq, amma mən istisna etmirəm ki, Ermənistan, yəni konkret Paşinyan höküməti həm Qərb, həm də Rusiya ilə açıq və gizli formada bu və digər sahələrdə əməkdaşlıq edir. Bu səfərin də qeyri-adi bir hadisə kimi təqdim olunmasına lüzum görmürəm."

Siyasi şərhçinin qeyd etdiyinə görə, Güney Qafqazda Türkiyənin nüfuzunun getdikcə artması nə Rusiyanın, nə Ermənistanın maraqlarına cavab vermir. 

"Əslində onlar Azərbaycan məsələsində, Türkiyənin Güney Qafqazda artan nüfuzu məsələsində də uzlaşa bilərlər. Ermənistanın güclənməsi, qorunması Rusiyanın prioritetlərindədir. Sadəcə olaraq indiki Paşinyan hakimiyyəti ilə Rusiyanın problemləri var. Bir dövlət olaraq Ermənistanın formalaşması və bu günə qədər gəlib çıxması Rusiyanın sayəsində mümkün olub. Rusiya-Ermənistan cütlüyünün hər zaman bir araya gəlmək, müttəfiq olmaq şansı var. Üstəlik də son günlərdə Qarabağ separatçı rejiminin, terrorçu rejiminin başçısının açıqlanması da ola bilsin ki, təsadüfi deyil, hətta ola bilsin ki, yenidən Qarabağ məsələsində Rusiya və Ermənistanın hansısa gizli iş birliyi olsun", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31