Azərbaycanın diaspor təşkilatları dünya ölkələri ilə mədəni əlaqələrin inkişafına mühüm töhfələr verirlər
22 Dekabr 2023 12:56 Diasporaİstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Sirr deyil ki, Azərbaycanın diaspor təşkilatları dünya ölkələri ilə mədəni əlaqələrimizin inkişafına mühüm töhfələr verirlər. Bu gün dünyada Azərbaycanı təkcə iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkə kimi deyil, həm də yüksək milli-mənəvi dəyərlərə malik xalq kimi tanıyırlar. Azərbaycanda mütəmadi keçirilən beynəlxalq mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar dünya ilə mədəni əlaqələrimizin gələcək inkişafı üçün geniş perspektivlər açır. Milli mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində son illər Azərbaycan diasporunun fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Azərbaycan diasporunun ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər nəticəsində dünyanın əksər ölkələrində görkəmli elm və mədəniyyət xadimlərimiz barədə dolğun fikir formalaşıb, onların əsərləri geniş təbliğ edilib. O da faktdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni həzm edə bilməyən antiAzərbaycan qüvvələrin fəallığı müşahidə olunmaqdadır. Ermənistanın məğlubiyyətini həzm edə bilməyən bir sıra Avropa dövlətləri ölkəmizə qarşı "səlib yürüşü"nə start veriblər. Azərbaycana qarşı əsassız iddialar irəli sürən, heç bir hüquqi əsası olmayan qərarlar qəbul edən həmin ölkələrin parlamentləri heç şübhəsiz ki, erməni doasporunun təsiri altına düşüblər. Siyasi korrupsiyaya qurşanan bir sıra Avropa parlamentariləri təkcə erməni diasporunun dirijor çubuğu ilə idarə olunmur, həm də ölkələrinin beynəlxalq imicinə xələl gətirmiş olurlar. Etiraf edilməlidir ki, ölkəmizə qarşı aparılan çirkin kampaniyaların qarşısının alınmasında, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmə çatdırılmasında diaspor təşkilatlarımızın misilsiz xidmətləri var. Qətiyyətlə demək olar ki, diaspor təşkilatlarımız tərəddüd etmədən bu kimi halların qarşısının alınmasında bütün hüquqi mexanizmlərdən istifadə etməkdə israrlıdırlar. Xüsusən, 30 il ərzində ermənilərin işğal olunmuş ərazilərimizdə törətdikləri vandalizm aktlarının dünyaya çatdırılması və Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində bərpa edilməsi əsaslı şəkildə Avropa insanına çatdırlır.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib ki, diaspor siyasətində yerli cəmiyyətə inteqrasiya olunmaq ən önəmli addımdır. Lakin bu fəaliyyət hər bir regionun özünəməxsus xüsusiyyətləri nəzərə alındıqda, yerli cəmiyyətin istək və maraqlarına uyğun şəkildə həyata keçirildikdə effektiv nəticə verir. Bu baxımdan peşəkar diaspor işi ilə məşğul olanlar öz fəaliyyət istiqamətlərini konkretləşdirdikdə və strateji hədəflərini müəyyənləşdirdikdə istənilən nəticə əldə edirlər. Buna görə də bu sahədə çalışanların hər biri öz profilini bilməli və davamlı fəaliyyət istiqamətinə görə işini qurmalıdırlar: "Məlumdur ki, Rusiya həyatında Böyük Vətən Müharibəsi çox böyük iz buraxıb. Və bu müharibənin iştirakçılarına, xüsusən qəhrəmanlarına orada xüsusi sayğı göstərilir. Hətta həyatda olanların sayları azaldıqca bir növ onlara daha çox müqəddəs insan kimi baxırlar. Müharibədə əldə edilən qələbədə Azərbaycanın və azərbaycanlıların da payı var deyə, bu istiqamətdə Rusiyada təbliğat və tanıtım aparmaq mühüm əhəmiyyət kəsb edir. Əsasən bu müharibənin qəhrəmanlarnın adı ilə yola çıxıb daha effektiv işlər görmək olar. Onların həyatı, göstərdikləri qəhrəmanlıqlar, ümumiyyətlə, döyüş yolu rus xalqının marağındadır. Hətta indiki günlərdə Rusiyada gənclər arasında milliyyətindən asılı olmayaraq qəhrəmanların təbliğinə çox böyük ehtiyac var. Bugünlərdə Moskvada qvardiya generalı Həzi Aslanovun adına veteran təşkilatıın təsis edilməsi həm yerli hökumət, həm də milli diaspor tərəfindən təqdir olunur. Bununla bağlı Moskvanın Qərb-İnzibati Dairəsinin (QİD) Oçakovo-Matveyevskoye rayonunun Veteranlar Şurasının binasında "İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi" veteran təşkilatının yaradılmasına həsr olunmuş tədbir keçirilib. Təşkilat QİD-in Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımov, Moskva Müharibə Veteranları Komitəsinin İnformasiya Komissiyasının üzvü, QİD-in Azərbaycan Milli-Mədəni Muxtariyyəti sədrinin müavini İrina Silina, "Rusiyanın Əmək Şücaəti" Ümumrusiya İctimai Təşkilatının nümayəndəsi Valentina Dubinina və Hərbi-Kosmik Qüvvələrin veteranı, istefada olan polkovnik Çingiz Qafarov tərəfindən təsis edilib. Tədbirdə Moskvanın Qərb-İnzibati Dairəsinin Oçakovo-Matveyevskoye rayonunun Veteranlar Şurasının sədri, kontr-admiral Sergey Streltsov, general-mayor Valentin Kurnışov, Rusiyanın Ehtiyatda olan Zabitlər İttifaqı sədrinin birinci müavini Anatoli Juravlyov, hərbi veteranlar Yaşar Cəfərov, İlqar Məmmədov və başqaları iştirak ediblər.Tədbir zamanı təşkilatın 2024-cü il üçün fəaliyyət planı qəbul edilib. Təşkilatın Moskva Müharibə Veteranları Komitəsinin tərkibinə daxil olması barədə qərar qəbul olunub. "İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi" adlı veteran təşkilatının yaradılmasının təşəbbüskarı hər iki babası müharibə veteranı, qardaşı Birinci Qarabağ müharibəsi şəhidi olan, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımovdur. Onun kimi uzun müddətdir Rusiyada Azərbaycanın qəhrəmanlarının təbliği istiqamətində fəaliyyət göstərən, doğmaları Sovet İtifaqı Qəhrəmanı və Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, ümumiyyətlə, müharibə veteranı olan saysız diaspor liderləri var".
Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir: "44 günlük Vətən müharibəsinin qəhrəmanları da elə Həzi Aslanovların, Mehdi Hüseynzadələrin, İsrafil Məmmədovların və digər yüzlərlə bu kimi mübariz həmvətənlərimizin nəvə-nəticələridir. Çox böyük strateji hədəfləri olan təşkilatın Moskva Müharibə Veteranları Komitəsinə üz olması isə Rusiyada ən üst səviyyədə Azərbaycan adına tədbirlərin keçirilməsi, qəhrəman Vətən övladlarının tanıtımı üçün geniş imkanlar yaradacaq. Bu da Azərbaycan diasporunun Rusiyada yeni imicinin formalaşmasına, nüfuzunun yerli xalq arasında daha da artmasına əhəmiyyətli dərəcədə təsir edəcək".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.