Eskişehir Anadolu Universitetində Heydər Əliyevin anım tədbiri keçirilib - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən Anadolu Universitetində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası və Eskişehir Azərbaycanlılar Dərnəyinin birgə əməkdaşlığı, Eskişehir Anadolu Universiteti və Heydər Əliyev adına Tərbiq və Araşdırma Mərkəzinin ev sahibliyi ilə baş tutan tədbir Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca ili ölkənin Dövlət himnləri səsləndirilib.

Tədbir iştirakçılarını salamlayan Anadolu Universiteti rektoru Prof. Dr. Fuad Erdal çıxışına Heydər Əliyevi ehtiramla yad etməklə başlyıb. Qardaş dövlətlərimizin dərin əməkdaşlıq əlaqələrində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev ölkəmizin çox mürəkkəb dövründə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi naminə fədakar və xilaskar missiyasından danışıb. Böyük öndərin vəfatının 20-ci ildönümünün ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu dövrə təsadüf etdiyini bildirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın və Xankəndinin işğaldan qurtulması ilə bağlı çıxışlarını xatırladaraq qeyd edib ki, Qarabağın azad edilməsi ümummilli lider Heydər Əliyevin arzusu və vəsiyyəti idi. O, gəncləri güclü təhsilə yiyələnməyə və ümummilli liderin dediyi kimi, "bir millət, iki dövlət" olan ölkələrimizə ləyaqətlə xidmət etməyə çağırıb.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə tədbirin təşkilinə görə Anadolu Universiteti və Eskişehir Azərbaycanlılar Dərnəyinə minnətdarlığını bildirib.

Sonra Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini və diaspor quruculuğu haqqında fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib. Bilkənd Universitetinin müəllimi Prof. Dr. Əmrullah Məmmədov və Anadolu Universitetinin nəzdindəki Heydər Əliyev adına Tətbiq və Araşdırma Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılırın dahi şəxsiyyətə həsr olunmuş məruzələri dinlənilib.

Qeyd edək ki, anım tədbiri çərçivəsində Diaspora İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini V.Hacıyevin Anadolu Universitetinin rektoru F.Erdalla görüşü keçirilib. Görüş zamanı universitetin Eskişehir Azərbaycanlılar Dərnəyi ilə əməkdaşlığı yüksək qiymətləndirilib və bu dəstəyə görə minnətdarlıq ifadə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31