Azərbaycan bizim qürur mənbəyimizdir

Mövlud Turan: “Güclü lobbi qüdrətli ölkə deməkdir”

Bu gün dünyanın bir sıra ölkələrində olduğu kimi Rusiya Federasiyasında da təhsil alan azərbaycanlı gənclər diaspor işində yaxından iştirak edərək Azərbaycanın təbliği, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz dəstəklərini verirlər. Belə gənclərdən biri də Moskva İndustrial Universtetində hüquq üzrə təhsil alan Mövlud Turandır. Həmyerlimiz şimal qonşumuzda təhsil alan azərbaycanlı gənclərin diaspor sahəsindəki aktivliyindən danışıb. Bildirib ki, Rusiya Federasiyasının paytaxtı Moskvada yaşayan və təhsil alan azərbaycanlı gənclər bir az aktivlik göstərirlər: "Başqa şəhərlərdə isə irəliləyiş zəif gedir. Ufa da AMOB adlı diaspor təşkilatı fəaliyyətdə olub. Həmin təşkilatı Mikayıl Əliyev adlı soydaşımız yaratmışdı. Amma o, sonra Bakıya qayıtdı. Bu səbəbdən həmin təşkilatın fəaliyyəti bir qədər zəiflədi. Eyni zamanda burada zəif də olsa, Azərbaycan mədəniyyət mərkəzi fəaliyyət göstərir". Soydaşımız deyir ki, xaricdəki gənclərimizin şəbəkələşməsi üçün yeni hərəkat formalaşdırmaq lazımdır: "Biz bunu istəyirik. Yaradacağımız qurumun adı Yeni Nəfəs Hərəkatı olacaq. Xatırladım ki, Azərbaycanda "Yeni Nəfəs" adlı gənclər təşkilatı var. Çox güman ki, onlar hərəkatın gənclər qolu olacaq. Bu yeni yaranan hərəkatın 11 nəfər 25-35 yaş arası intellektual insanlardan ibarət rəhbərliyi olacaq. Fərqli tərəf odur ki, başlanğıcda 8 ölkədə təhsil alan gənclərdən ibarət nümayəndəlik olacaq". Mövlud Turan bildirib ki, yaradılacaq təşkilat siyasi və dini işlərə qarışmayacaq: "Bu yaxınlarda Bakıda olarkən hərəkatın rəhbərliyi ilə görüşümüz oldu. Görüşdə hələ ki Avropanın 6 dövləti, Türkiyə və Rusiyanın müxtəlif şəhərləri, Kipr, Gürcüstan, Qazaxıstan, Qırğızıstanı əhatə edən bu gənclər şəbəkəsinin formalaşması ilə bağlı fikir mübadiləsi apardıq. Başladığımız işə qoşulan gənclərin, xüsusilə xaricdə təhsil alan tələbələrin sayı artır. Onu da deyim ki, tək mən deyil, bir çox dostlarımız artıq dəstəklərini ifadə ediblər. Yaradacağımız təşkilat gənclərimizə vətəndaş cəmiyyətinin fəal üzvü olmağı və azərbaycançılıq təbliğini aşılayacaq. Qeyd edim ki, bir sıra məqamlarla əlaqədar olaraq bu haqda ictimaiyyətə məlumat vermirdik. İndi açıqlamaq qərarına gəldik ki, şəbəkədə olmaq istəyən gənclər müraciət edə bilər". Mövlud Turan qeyd edib ki, indiki mərhələdə formalaşma, daha çox ölkəni əhatə edə biləcək şəbəkənin qurulması prosesi gedir: "Hələ ki, başqa heç nə deyə bilmərəm, inşallah, zaman göstərəcək. Onu da vurğulayım ki, hərəkatda qadınlar, ziyalılar və digər cins, yaş kateqoriyasına görə şuralar formalaşır. Hərəkatın Azərbaycanın regionlarında nümayəndələri, o cümlədən müxtəlif regional departamentləri formalaşacaq. Bütün bu dediklərim istiqamətində bir neçə aydır fərdi danışıqlar başlayıb. Yekunlaşan kimi böyük qüvvə ilə təqdimat həyata keçiriləcək". Soydaşımız Rusiya Federasiyasındakı digər diaspor təşkilatları ilə əlaqələrdən də söhbət açıb. Bildirib ki, Türkiyə və Avropada bəzi diaspor fəaliyyətində olan insanlarla dostluğu var: "Eyni zamanda  İranda yaşayan soydaşlarımızla mütəmadi əlaqə saxlayıram. Ümumiyətlə qeyd edim ki, mənim həyatımın şah damar mövzusu olan azərbaycançılıq sevgisi elə orta məktəb illərindən başlayır. 2-ci sinifdə oxuyarkən Azərbaycanın tarixi xəritələrini çəkərdim, 5-ci sinifdə bizə "Ata Yurdu" adlı dərslik tədris olundu. Mən həmin dərsliyi sevə-sevə oxuyardım. Deməyim odur ki, Azərbaycan bizim qürur mənbəyimizdir". Turan Mövlud xaricdə təhsil alan azərbaycanlı gənclərə dövlət tərəfindən yaradılan şərait barədə də danışıb: "Bu gün minlərlə gəncimiz dünyanın müxtəlif ölkələrində ali təhsil alır. Bu gənclərimiz ölkəmizin gələcəyi üçün hazırlanan intellektul bazasıdır. Bu həm də gələcəkdə öz vətəndaşlarımız vasitəsilə xarici təcrübənin ölkəmizdə tətbiqi deməkdir. Məhz buna görə də xaricdə təhsil almaq üçün gedən gənclərimizdə Vətənə, dövlətə sevgi qat-qat güclü olmalıdır. Çünki onlar xaricdə əsl vətənpərvər gənc kimi Azərbaycanı təmsil etməlidirlər. Azərbaycana necə bağlı olduqlarını isə təhsillərini bitirib Vətənə döndükdən sonra göstərməlidirlər. Ümumiyyətlə,  gənclərin xaricdə təhsil alması Azərbaycanın gələcəyi üçün böyük perspektiv və imkanlar yaradacaq. Yenilənən dünyada biz də modernləşəcək və inkişaf edəcəyik. Güclü lobbimiz yaranacaq ki, bu, ölkəmiz üçün çox vacibdir. Beləcə biz həqiqətlərimizi dünya ictimaiyyətinə daha asan şəkildə çatdıracağıq. Güclü lobbi qüdrətli ölkə deməkdir. Ən başlıcası bu, gənclərin Azərbaycana dönmələri üçün iş imkanlarının yaradılmasıdır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31