“Azərbaycanlılar artıq Rusiyada öz yerlərini tapıblar” - Nazim İbrahimov
“Demək olar ki, soydaşlarımızın hamısı bu ölkədə qanuni vəziyyətdə yaşayırlar”
5 Sentyabr 2013 17:44 DiasporaRusiya Federasiyasında miqrantlara qarşı həyata keçirilən tədbirlərin bu ölkədə yaşayan soydaşlarımız üçün də problemə yol açacağı istisna edilmir. Hətta miqrantlara qarşı qanunların sərtləşdiriləcəyindən sonra Rusiya Federasiyasında xırda bizneslə məşöul olan azərbaycanlıların böyük bir qisminin məcburiyyət qarşısında qalaraq Vətənə qayıdacağı istisna edilmir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə belə düşünmür. Jurnalistlərə verdiyi müsahibədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, Rusiya Federasiyasında yaşayan azərbaycanlıların böyük əksəriyyəti bu ölkədə öz yerlərini tapıb və o mühitə uyğunlaşıblar. Eyni zamanda soydaşlarımız Rusiya Federasiyasının qanunlarına da hörmətlə yanaşaraq müvafiq sənədləşmə işlərini zamanında həyata keçirirlər. Komitə sədrinin sözlərinə görə, bu səbəbdən Rusiyada miqrantlara qarşı həyata keçiriləcək tədbirlər bu ölkədə yaşayan azərbaycanlılar üçün o qədər də ciddi problem yaratmayacaq. Nazim İbrahimov Bakıda keçirilən Ali Səviyyəli Toplantı və dünya dövlətləri tərəfindən Azərbaycana olan maraq barədə də danışıb.
-Nazim müəllim, Rusiya Federasiyasında miqrantlarla bağlı həyata keçrilən tədbirlər bu ölkədə yaşayan azərbaycanlılar üçün hansısa problemlərə yol aça bilərmi?
-Hesab edirəm ki, hər bir ölkədə yaşayan insanlar həmin dövlətin qanunları çərçivəsində o dövlətin qanunlarına hörmət edərək yaşamalıdırlar. Əgər bir ölkədə baş verən hər hansı bir proseslər qanuniləşdirilirsə, bu çox normal bir haldır. Bu azərbaycanlılara qarşı yönəlmiş bir proses deyil. Hətta hesab edirəm ki, bu prosesin icrası nəticəsində Rusiya Federasiyasında yaşayan azərbaycanlılara qarşı heç bir problem yaratmayacaq. Çünki Rusiya Federasiyasında miqrasiya məsələləri hazırda o qədər də ürəkaçan deyil. Çünki Vyetnam, Çin Xalq Respublikası, eləcə də Asiya regionunda yerləşən ölkələrdən minlərlə, hətta milyonlarla Rusiya Federasiyasına miqrasiya edən insanlar var. Heç şübhəsiz ki, onların da müəyyən qayda-qanuna uyğunlaşıb yaşamasına ehtiyac var. Azərbaycanlılar artıq Rusiya Federasiyasında öz yerlərini tapıblar. Demək olar ki, soydaşlarımızın hamısı bu ölkədə qanuni vəziyyətdə yaşayırlar. Əgər hansısa azərbaycanlı qanundan kənar fəaliyyət göstərir və ya qanuna uyğunlaşa bilmirsə həmin şəxsə də yardım etməliyik ki, tez bir zamanda Rusiya Federasiyasının qanunlarına uyğun olaraq orada yaşasın.
-Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən keçirilən reydlər zamanı azərbaycanlılar da hədəfə çevrilirlərmi?
-Əlbəttə ki, müəyyən reydlər olanda seçim edə bilmirlər. Yaxud onun tacik, özbək, azərbaycanlı olduğu bilinmir. Ancaq hesab edirəm ki, bu tək-tək hallardır. Bunu ümumən azərbaycanlılara qarşı olan bir kampaniya kimi düşünmək düzgün deyil.
-Bakıda keçirilən Ali Səviyyəli Toplantını necə dəyərləndirirsiniz?
-Artıq on illərdir ki, Azərbaycanın həyatında bütün istiqamətlərdə olan inkişaf, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, dövlətimizin siyasi həyatında olan inkişaf, iqtisadiyyatın sürətli dərəcədə inkişafı ölkəmizi bütün dünyada hər kəsin marağına səbəb olacaq dövlətə çevirib. Azərbaycanın paytaxtı Bakı şəhəri də beynəlxalq bir mərkəzə çevrilməkdədir. Ona görə də bir neçə illərdir ki, Azərbaycanın paytaxtında çox böyük beynəlxalq tədbirlər keçirilir. Dünyanın çox tanınmiş siyasi xadimləri, dünya iqtisadiyyatında sözü olan insanlar, ümumiyyətlə dünyada ictimai səviyyədə yüksək səviyyədə olan insanlar Bakı şəhərində keçirilən beynəlxalq tədbirlərə çox məmnunluqla qatılırlar. Bakı şəhərinin gələcəkdə böyük bir beynəlxalq mərkəz olaraq dünyanın fikir mərkəzinə çevrildiyi artıq göz qabağındadır. Məlum olduğu kimi bu ilin may ayında Bakı şəhərində Birinci Qafqaz Forumu keçirildi. 60-dan çox ölkənin birinci şəxsləri, keçmiş prezidentləri, baş nazirləri, öz ölkələrində çox böyük nüfuz sahibi olan insanların iştirakı ilə keçirilən həmin tədbir bir daha göstərdi ki, bundan sonra Bakı şəhərində bu kimi tədbirlər tez-tez olacaq. Bu tədbir də gələn il keçiriləcək növbəti foruma hazırlıq məqsədilə keçirilən bir toplantıdır. Dünyanın bir çox ölkələrin sabiq liderlərinin, prezidentlərinin iştirak etdiyi bu toplantı həm Nizami Gəncəvi adına Mərkəzin gələcək fəaliyyətinə, həm də Bakı şəhərində gələn il keçiriləcək böyük bir tədbirə hazırlıq məqsədi daşıyır. Məlumat üçün deyim ki, Birinci Qafqaz Forumunda cənab prezident İlham Əliyevin çıxışı forum iştirakçılarının çox böyük marağına səbəb olmuşdu. Forumdan sonra onların söylədiyi fikirlər belə deməyə əsas verir. Dövlət başçısının söyləmiş olduğu fikirlər, dünyada baş verən proseslərə yanaşma tərzi, eləcə də cənab prezidentin ideyaları iştirakçıların hər biri üçün o qədər maraq kəsb edib ki, bundan sonra Azərbaycan prezidentinin şəxsi himayəsi altında keçirilən bütün tədbirlər dünyada çox böyük marağa səbəb olur. Hər kəs Bakı şəhərinə gəlib prezidentimizi, onun fikirlərini eşitmək istəyir. Həmçinin Azərbaycanda baş verən proseslərlə daha yaxından tanış olmaq istəyirlər. Hesab edirəm ki, Bakıda keçirilən bu tədbir dünyada bizə qarşı olan ikili standartlara çox tutarlı bir cavabdır. Azərbaycanın tanıdılması, ölkəmizdə yürüdülən siyasətin nə qədər müdrik, tolerant, Azərbaycan milləti və dövlətçiliyinə xidmət etdiyini görmək baxımından da bu kimi tədbirlərin mühüm əhəmiyyəti var. O da məlumdur ki, hazırda müsəlman dünyasında çox böyük bir qarışıqlıq, xaos var. Müsəlman ölkələrinin əkksəriyyətində çox böyük qırğınlar törədilir, xaos, dövlət çevrilişləri baş verir. Belə bir şəraitdə yeganə müsəlman dövləti olaraq bu qədər stabil inkişaf edən Azərbaycan artıq dünyanın bu sahədə də diqqətinə səbəb olur ki, müsəlman dünyasında da sabitlik, inkişaf, yüksək dərəcədə dini dözümlülük, tolerantlıq ola bilər. Bunun üçünsə yalnız düzgün siyasət yeritmək lazımdır. Bu siyasəti də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev həyata keçirir. Cənab prezidentin yürütdüyü bu müdrik siyasət həqiqətən də Azərbaycanı çox maraqlı, cəlbedici bir dövlətə çevirib. Bura gələn ər kəs bundan məmnundur. Azərbaycanda baş verən proseslər, inkişaf onları yaxşı mənada heyrətə gətirir. Aradan cəmi bir neçə ay keçməsinə baxmayaraq hər dəfə Bakı şəhərinə gələndə oaytaxtımızın bu qədər dəyişdiyi həmin insanları çox təccübləndirir. Bu da bizim üçün böyük şərəfdir. Həqiqətən fəxr edə bilərik ki, belə bir düzgün siyasət nəticəsində Azərbaycan Respublikası qısa müddət ərzində beynəlxalq aləmdə öz yerini tutacaq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir