Xaricdəki azərbaycanlı tələbələrin diaspora sahəsində fəaliyyəti
Bu fəaliyyəti Azərbaycan diasporunun uğurlu inkişafında öz müsbət nəticələrini göstərməkdədir
30 Avqust 2013 16:25 DiasporaAzərbaycan diasporunun inkişaf etməsi və yeni-yeni texnologiyalardan yararlanmasında dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin də xidmətləri danılmazdır. Xüsusilə, həmin gənclər arasında dövlətin xətti ilə xarici ölkələrə təhsil almağa gedən tələbələrı qeyd etmək yerinə düşər. Təhsil aldıqları ölkələrdəki Azərbaycan diaspor təşkilatları ilə sıx ünsiyyət quran və onlarla əlaqəli şəkildə fəaliyyət göstərən tələbələrimiz istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlması, istər Dağlıq Qarabağ problemi barədə obyektiv rəyin formalaşdırılması, istərsə də zəngin tarixi-mədəni irsimizin təbliğ olunmasında fəal iştirak edirlər. Sevindirici hal isə ondan ibarətdir ki, Azərbaycan dövləti də öz növbəsində xaricdə təhsil alan tələbələrə, onların uğurlu fəaliyyətinə xüsusi diqqət yetirir, onların fəaliyyətini situmullaşdıran addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin müvafiq strukturları da xaricdə təhsil alan tələbələrlə əlaqələrin qurulmasına və işgüzar münasibətlərin yaradılmasına xüsusi önəm verir. Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini də qeyd etmək yerinə düşər. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyətə başladığı ilk tədbirini məhz xarici ölkələrdə təhsil alan gənclərlə keçirmiş və bu görüşdə qaldırılan problem və təkliflər komitənin fəaliyyətində nəzərə alınmışdır. Bu gün xarici ölkələrdəki azərbaycanlı gənclər təhsil aldıqları dövlətlərdə müxtəlif səpkili dərnək və birliklər yaradır, digər soydaşlarımızı da buraya cəlb etməklə, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin bir araya gəlməsi, təşkilatlanması işinə yardım etmiş olurlar. Bu təşəbbüs və fəaliyyət Komitə tərəfindən tam dəstəklənir və onların təkşkilatlanması üçün hər cür yardım göstərir. İlk illərdə müxtəlif ölkələrdə yaradılan bu cəmiyyətlərdən İstanbulda "Xəzər" klubu, Ankarada "Araz" topluluğu Tələbə Birliyi, İzmirdə "Azərbaycanlı Tələbələr Birliyi", Strasdurqda "Azərbaycanlı Tələbələr Assosiasiyası, Almaniyanın Essen şəhərində "Azərbaycanlı Akademiklər Birliyi", Sankt-Peterburqda "Azərbaycanlı Gənclər İttifaqı", Vyana şəhərində "Azərbaycanlıların Akademik Birliyi", Buxarestdə "Azərbaycan mədəniyyət və Gənclər Assosiasiyası", Moskva "Azərbaycanlı Tələbə Gənclər" cəmiyyəti Ümumrusiya Azərbaycan Konqresinin və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının "Tələbə və gənclərlə iş üzrə xüsusi komisiyaları" və sair adlarını çəkmək olar. Müsbət cəhətlərdən biri ondan ibarətdir ki, xarici ölkələrdə təhsil alan tələbələrin icma və dərnəklər şəkilində təşkilatlanması hazırda da davam edir. Məhz bu prosesin davamlı xarakter almasının nəticəsidir ki, Birləşmiş Ştatların Sent-Luis şəhərində təhsil alan gənclərimiz "Azərbaycanlı Tələbələr Cəmiyyəti", Polşada "Azərbaycan informasiya Mərkəzi", Çexiyanın Burno şəhərində "Çexiya-Azərbaycan Tələbələrinin Dostluq" Cəmiyyəti kimi təşkilatların yaradılması istiqamətində işlər görülmüş və Diasporla İş üzrə Dövlət Komitəsinin də dəstəyi nəticəsində adlarını qeyd etdiyimiz təşkilat və cəmiyyətlər təsis edilmişdi. Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, xaricdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılan yeni təşkilat və cəmiyyətlər Diasporla İş üzrə Dövlət Komitəsi, həmçinin Azəbaycan dövlətinin müvafiq qurumları qarşısında maraqlı təkliflərlə də çıxış etmişlər. Belə ki, Polşada yaranmış tələbə təşkilatlarından biri Qərbi və Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələrin Qurultayının çağırılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ünvanlamış və təklif Dövlət Komitəsi tərəfindən müsbət dəyərləndirilmişdi.. Diasporla İş üzrə Dövlət Komitəsinin bir sıra ölkələrdə iri miqyaslı tədbirlərin keçirilməsində tələbə cəmiyyətlərinin imkanları daxilində göstərdikləri fəallıq da təqdirəlayiq hesab edilməlidir. Belə ki, Almaniyanın Mayts şəhərində Dünya Azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I Forumunun, Strasburqda "Novruz bayramı" şənliklərinin keçirilməsində, İstanbul şəhərində "31 Mart Azərbaycanlıların soyqırımı Günü"nə həsr edilmiş yürüş-mitinqin təşkilində, Sankt-Peterburq şəhərində "Ümummillilider Heydər Əliyevin yubileyi"nə həsr edilmiş təntənəli bayram tədbirinin, Türkiyənin İzmir şəhərində "Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 85 illiyi yubileyi"nə həsr edilmiş bayram tədbirlərinin təşkilində, Fransada "20 Yanvar" və "Xocalı soyqırımı" ilə bağlı tədbirlərin keçirilməsində tələbə cəmiyyətləri fəal iştirak etmişlər. Müsbət məqamlardan biri isə odur ki, Diasporla İş üzrə Dövlət Komitəsi xüsusi diqqəti xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan dilinin qorunub saxlanılmasına və yeni nəslin bu işə qoşulmasına yönəltmişdir ki, bu prosesdə də xaricdə təhsil alan tələbələrin imkanlarından istifadə edilib.. Bir sıra ölkələrdə Azərbaycan dilində "Bazar günü" məktəblərinin açılması, onların dərs vəsailərii ilə təmin istiqamətində ötən müddət ərzində məqsədyönlü işlər görülmüşdür. Belə ki, Ukrayna Azərbaycanlıları Konqresi həmin ölkənin müxtəlif şəhərlərində onlarla, Ümumrusiya Azərbaycan Konqresi isə 20-yə yaxın belə məktəb açmışdır. Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən məktəb isə dövlət tərəfindən maliyyələşdirilir. İlk illərdə Moskvada fəaliyyət göstərən etnomədəniyyət komponentli ümumtəhsil məktəbində 360 azərbaycanlı təhsil alırdısa, artıq bu say nəzərəçarpacaq dərəcədə artıb. Eyni zamanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Kiyev Milli Universiteti, Fransa Şərq Mədəniyyətləri və Dilləri İnstitutu və digər mötəbər elm-təhsil mərkəzlərində Azərbaycan dilinin tədrisi həyata keçirilib ki, bud a təqdirəlayiq hal hesab edilə bilər. Bundan başqa Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyəti nəticəsində Qazaxıstan Respublikasının Almatı, Astana, Karaqanda, Petropavlovsk, Taldı Kurqan, Qırğızıstanın Kant, İsveçin Stokholm, Höteborq, Almaniyanın Essen, Berlin, Norveçin Stokolm, Moldaviyanın Kişinyov şəhərlərində "Bazar Günü" məktəblərinin açılmasına nail olunmuşdur. Özbəkistanın paytaxtı Daşkənd şəhərində milli arxitektura üslubunda inşası başa çatmış "Azərbaycan Evi"ndə isə idman mərkəzi, kitabxana və ana dili kursları fəaliyyət göstərir. Təhsil Nazirliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin əlaqəli şəkildə fəaliyyəti nəticəsində azərbaycanlıların kompakt halda yaşadıqları bölgələrdə - Gürcüstanda, Rusiyanın regionlarında olan Azərbaycan məktəblərinə, eləcə də digər MDB ölkələrində fəaliyyət göstərən "Bazar günü" məktəblərinin birgə tədris proqramları, metodik vəsaitlər, dərsliklərlə təminatı ildən-ilə gücləndirilir, soydaşlarımızın övladlarının dil, ədəbiyyat, tarix və mədəniyyətlə bağlı ədəbiyyatla təminatı yolları yaxşılaşdırılır. İsveçin ASA Xalq Universitetinin təşkil etdiyi Azərbaycan dili kurslarının dinləyiciləri üçün isə Bakıda Nəsimi adına Dilçilik İnstitutunda, Dillər Universitetində, Tibb Universitetində mühazirələr təşkil olunmuş, Bakının tarixi yerlərinə gəzintilər və teatr tamaşalarına baxış təşkil edilmişdir.
Qeyd edilən bu amillər xaricdə təhsil alan azərbaycanlı tələbələrin öz ana dillərini unutmamasına, onların Vətənə, millətə bağlılığının artırılmasına öz müsbət təsirini göstərir. Qeyd edilməli müsbət məqamlardan biri isə ondan ibarətdir ki, artıq bu işlə təkcə Diasporla İş üzrə Dövlət Komitəsi və dövlətin ayrı-ayrı müvafiq strukturları deyil, bu sahədə yaradılmış qeyri-hökumət təşkilatları da fəaliyyət göstərir. Bu mənada Dünya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər. 2012-ci ilin mart ayında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində öz təsis toplantısını keçirən Dünya Azərbaycanlı Gənclər Birliyi fəaliyyət göstərdiyi bir ildən artıq müddət ərzində yuxarıda qeyd edilən istiqamətlərdə dəyərli layihələr reallaşdırıb. Sözügedən birlik xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələri öz ətrafında birləşdirib onların diaspor həyatında rolu və fəaliyyətini stimullaşdırmaqla, Azərbaycan mədəniyyəti, incəsənətini də layiqincə təbliğ edir. Təkcə bir faktı, dünyanın məşhur muzeyləri və elm, mədəniyyət məkəzlərində "Azərbaycan guşəsi" açılması layihəsi Dünya Azərbaycanlı Gənclər Birliyinin uğurlu və məqsədyönlü fəaliyyətinin göstəricisi sayıla bilər. Bütün bunlar onu deməyə əsas verir ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin səyi və uğurlu fəaliyyəti nəticəsində Azərbaycan diasporunun potensialı, fəaliyyət istiqamətləri artır ki, bu da yaxın gələcəkdə daha böyük uğurlara imza atacağımızdan xəbər verir.
Süleyman İsmayılbəyli