“Azərbaycan diasporunun güclənməsi gənclərimizin gələcəyindən, onların birliyindən çox asılıdır”

Afil Hüseynov: " Çalışırıq ki, onları bir araya toplayaq, bir-birinə daha da yaxınlaşdıraq”

"Deyəsən məqsədimizə yavaş-yavaş nail oluruq"

Azərbaycan diaspor təşkilatları sırasında ən geniş şəbəkəli və çoxsaylı üzvü olan təşkilatlardan biri ÜmumRusiya Azərbaycanlıları Konqresidir ki, hazırda sözügedən konqresin təkcə şimal qonşumuzun mərkəzi şəhərləri deyil, eləcə də ən ucqar vilayətləri, ayrı-ayrı subyektlərində də regional təşkilatları mövcuddur. ÜmumRusiya Azərbaycanlıları Konqresinin regional təşkilatları sırasında Murmansk vilayət bölməsi də öz aktivliyi ilə seçilir. Hazırda ÜmumRusiya Azərbaycanlıları Konqresi Murmansk vilayəti bölmısinə dəyərli soydaşımız Afil Hüseynov rəhbərlik edir. Azərbaycanı Rusiya Federasiyasının Murmanks vilayətində layiqli təmsil edən həmvətənlərimizdən biri olan Afil Hüseynov 1966-cı ildə Şərur rayonunun Kərimbəyli kəndində dünyaya gəlib. A.S.Qriboyedov adına Moskva Beynəlxalq əlaqələr və İqtisadiyyat İnstitutunun hüquqşünaslıq fakültəsini bitirən Afil Hüseynov ÜAK-ın regional təşkilatına rəhbərlik etməklə paralel olaraq hazırda sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. Lobbiçilik işi ilə də  məşğul olan Afil Hüseynov vilayətin yerli icra orqanları ilə də yaxından əməkdaşlıq edir, rəsmi dairələrdə Azərbaycanı layiqincə  təmsil edir. Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin sədri olan soydaşımız  həmçinin Murmansk vilayəti İctimai Palatasının üzvü, Murmansk vilayətinin qubernatoru yanında Milli Məsələlər üzrə Məşvərət Şurasının üzvüdür. Bir neçə vəzifəni icra etməkdə heç bir çətinlik çəkmədiyini deyən Afil Hüseynov bütün fəaliyyəti boyunca Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını diqqətə çatdırıb. Soydaşımız bildirib ki, icra etdiyi bir vəzifə digərini daha effektli icra etməyə şərait yaradır: "Məsələn, mənim, yerli icra strukturlarında təmsil olunmağım, oradakı əlaqələrim ÜmumRusiya Azərbaycanlıları Konqresinin Murmansk bölməsinin sədri kimi işlərimi daha səmərəli həyata keçirməyə imkan verir. Yəni Murmanskda yaşayan soydaşlarımızın problemlərini həll etməkdə bir növ mənə kömək olur". Afil Hüseynov qeyd edib ki,  hazırda onun yaşadığı vilayətdə on minə, Murmansk şəhərinin özündə isə altı minə yaxın azərbaycanlı yaşayır: "Bu soydaşlarımız bizə ən müxtəlif - qeydiyyat, iş, mənzil, hətta məişət problemləri ilə belə müraciət edirlər. Mən də diaspora rəhbəri olaraq, əlaqələrimdən istifadə edib hər cür yardım göstərməyə çalışıram. Əsasən də gənc nəslə dəstək olmağı özümə borc bilirəm. Hesab edirəm ki, Murmanskda Azərbaycan diasporunun güclənməsi gənclərimizin gələcəyindən, onların birliyindən çox asılıdır. İndiki gənclik ağıllı, istedadlı, təhsilli və eyni zamanda çox aktivdir. Biz çalışırıq ki, onları bir araya toplayaq, bir-birinə daha da yaxınlaşdıraq. Deyəsən məqsədimizə yavaş-yavaş nail oluruq. Təxminən on il əvvəl bir-birini tanımayan Murmanskın azərbaycanlı gəncləri aparıdığımız işlərin nəticəsində artıq öz aralarında ünsiyyət yaradıblar. Onlar birlikdə həm əylənirlər, həm də maariflənirlər. Murmanskda gənclərimizin diskotekası var ki, hər şənbə günü orada görüşüb, əylənir, sohbət edir və fikir mübadiləsi aparırlar. Gənclərimizin ayrıca birliyi də fəaliyyət göstərir ki, burada artıq onlar müxtəlif mövzularda forumlar, tədbirlər keçirir, Azərbaycanı təbliğ edirlər". Afil Hüseynovun sözlərinə görə, tədbirlər əsasən  Azərbaycan üçün əlamətdar olan tarixləri, milli bayramlarımızla əlaqədar əlamətdar günləri özündə ehtiva edir: " Məsələn, hər il mütləq 20 Yanvar, Xocalı, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü faciələrinin ildönümlərinə həsr olunmuş anım tədbirlərini yüksək səviyyədə keçiririk. Bununla dərdimizi həm yerli əhaliyə çatdırır, təbliğ edirik, həm də azərbaycanlı gənclərin milli faciələrimizdən xəbərdar olması, bu tarixləri unutmaması üçün müəyyən işlər görmüş oluruq. Hesab edirəm ki, Azərbaycan tarixinin bu səhifələrini vətəndən kənarda böyüməkdə olan gənc nəslimizin yaddaşına həkk etmək lazımdır ki, sabah onlar istədiyimiz səviyyədə təbliğat apara bilsinlər. Biz milli bayramlarımızın keçirilməsinə də xüsusi önəm veririk. Ümumiyyətlə, harada yaşamağımızdan asılı olmayaraq milli adət-ənənələrimizi yaşatmaq bizim borcumuzdur. Bütün bu tədbirlərimizə - istər anım mərasimi olsun, istər bayram şənliyi - biz Murmanskda yaşayan digər millətlərin, eləcə də ictimaiyyətin nümayəndələrini də dəvət edirik. Hazırda vilayətdə altmışa yaxın millətin nümayəndəsi yaşayır. Qeyd edim ki, üzvü olduğum Murmansk vilayəti İctimai Palatasında da paralel olaraq təbliğat işləri görürük". Afil Hüseynov yaşadığı bölgədə mövcud olan digər diaspor təşkilatları və onlarla mümkün əməkdaşlıqdan da söhbət açıb: " Bu yaxınlarda Murmanskda millətlərarası forum keçirdik. Məncə bu tədbir özü digər diaspor təşkilatları ilə isti əlaqələrimizin bariz nümunəsidir. Amma Murmanskdakı digər millətlərin nümayəndələri etiraf edir ki, hər hansı problem ortaya çıxanda və ya bir məlumat almaq lazım gəldikdə azərbaycanlılara müraciət edir, onlardan öyrənirik. Biz işimizi layiqli görməyə çalışırıq". Həmyerlimiz Murmanskda yaşayan azərbaycanlıların Rusiya siyasətinə inteqrasiyasına olan marağı barədə də danışıb: "Mən özüm həm bizneslə məşğulam, həm də dövlət qurumunda çalışıram və istəyirəm ki, bu, bir və ya bir neçə adamla məhdudlaşmasın. Orada yaşayan gənclərimizə göstərdiyim xüsusi dəstəyin əsas səbəbi də məhz budur ki, onlar tədricən vilayətin ictimi-siyasi həyatında öz yerini tuta bilsin. Bu, onların gələcəkdə hətta siyasətdə yer ala biləcəyinə böyük zəmin yaradır. Sizə maraqlı bir fakt deyim: şəhərin beş il əvvəlki qubernatoruna dedik ki, ruslar kütləvi şəkildə Murmanskı tərk edir, azərbaycanlıların sayı isə çoxalır. Qubernator isə belə cavab verdi ki, belə davam etsə, şəhəri sizə saxlayıb buradan getməli olacağıq. Mən dedim, etiraz etmirəm, biz özümüz də idarə edə bilərik. Əlbəttə, bu, qubernatorla aramızda bir zarafat idi. Amma mən bu barədə ciddi düşünürəm və bütün səylərimi də bu istiqamətə yönəltmişəm. Orada yaşayan hər bir təhsilli gəncimizi şəhərin ən yuxarı qurumlarına, məsələn, vilayət dumasına və s. inteqrasiya etdirmək fikrindəyəm. Biz də yeni fəaliyyətə başlamışıq, ictimai birliyimiz 2008-ci ildə yaradılıb. Bu az müddətdə qeyd etdiyim kimi kifayət qədər işlər görmüşük. Mənim niyyətim odur ki, Murmanskda yaşayan hər bir azərbaycanlı, xüsusən də gənclərimiz özünü vətəndən uzaqda yox, elə Azərbaycandakı kimi hiss etsin. Düzdür, əvvəllər gənclərimiz Azərbaycan dilini bilmirdilər, ünsiyyətdə çətinlik çəkirdilər. Amma artıq bu məsələni demək olar həll etmisik, Artıq dili öyrəniblər və ünsiyyət problemi geridə qalıb. Müqayisə edəndə indi vəziyyət daha yaxşıdır".
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31