“Türkiyədə diaspora daha güclüdür”

Elmir Səfərli: “Ama bu hələ tam demək deyil”

"Türkiyədə etdiyimiz fəaliyyətləri bir neçə dəfə artırmağımız lazımdır"

Azərbaycan diasporunun inkişaf etməsi, onun yeni texnologiya və mübarizə üsullarından yararlanmasında dünyanın müxtəlif ölkələində təhsil alan azərbaycanlı gənclərin də müstəsna xidməti var. Hər bir soydaşımız təhsil aldığı universitetdə Azərbaycan dövləti ilə yanaşı, onun diaspor təşkilatını da təmsil etmiş olur. Azərbaycanlı tələbələrin təhsil aldığı xarici ölkələr sırasında qardaş Türkiyə Cümhuriyyəti xüsusi rola malikdir desək yanılmarıq. Bu ölkəyə oxumağa gedən gənclərimizin sayının çoxluğu həm də Türkiyədə gənc, yeni nəsil Azərbaycan diasporunun formalaşması deməkdir. Qardaş ölkədə yaşayan azərbaycanlı gənclərdən biri də Elmir Səfərlidir. Məlumat üçün qeyd edək ki, Elmir Səfərli 1987-ci ildə Cəbrayıl rayonunda anadan olub..2004-cü ildə Azərbaycan Respubikası Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanında yüksək bal toplayaraq ödənişsiz əsaslarla təqaüdlü olaraq Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyə Respublikası İstanbul Universiteti Türk Dünyası Araştırmaları Vəqfinin anlaşmalı şəkildə birgə fakültəsi olan Türk Dünyası İşlətmə Fakültəsinə daxil olub. Universitetdə təhsil aldığım müddətdə respublikanın bir sıra universitet və fakültələrində ``Azərbaycan Respublikasının 2005 - 2007 ci illərdə büdcə analizi``,`` Comparison of economic system in CIS countries``,``Corporate finance and economy``, ``Network deciding  models-short way problems`` mövzularında, o cümlədən marketinq, statistik proqramlar və tətbiqi, beynəlxalq finans və inteqrasiya sahələri  üzrə seminar və təlimlər verib. Elmir Səfərli bildirir ki, fakültədə oxuduğu müddətdə bir sıra beynəlxalq ve yerli konfranslarda, o cümlədən Amerika Dövlət Departamenti Yardım Fondunun və Beynəlxalq Respublikaçılar İnstitutunun birgə layihəsi olan ``Liderlik`` layihəsində, Türkiyənin İstanbul şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının gənclər üzrə ``İstanbul İnternational Model of United Nations - Free trade zones`` layihəsində, Almaniyanin Fridrix Nauman Fondunun təşkil etdiyi Dünya Ticarət Təşkilatı layihəsində iştirak edərək Azərbaycan Respublikasını təmsil edib və müvafiq sertifikat və diplomlarla təltif olunub. Eyni zamanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Universitetlərində Boloniya Prosesinin tətbiqi layihəsində aparıcı koordinator - treyner olaraq fəaliyyət göstərib. 2008-ci ildə təhsil aldığı fakültəni müvəffəqiyyətlə başa vuran soydaşımız Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin xarici ölkələrdə magistratura pilləsi üzrə təhsillə bağlı keçirdiyi imtahanlarda ən yüksək nəticələri göstərərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə təhsil üzrə Dövlət Təqaüdü ilə Türkiyə Respublikası İzmir Şəhəri Dokuz Eylul Universitetinin İngilizce İşletme Fakültəsinə - MBA (Master of Business Administration) daxil olub.. 5 illik təhsilimi 1 il 8 aya başa vuran Elmir Səfərli Böyük Britaniya və Şimali İrlandiya Krallığında doktrantura pilləsini qazanıb. Lakin müəyyən səbəblərdən  təhsilimi dondurub 2011-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Xaricdə təhsil üzrə Dövlət Təqaüdü ilə yenidən Türkiyə Respublikası İzmir şəhəri Dokuz Eylul Universitetində  İngilizce İşletme ve Finans fakültəsində  doktrantura  (iqtisadi elmlər üzrə fəlsəfə doktorluğu) pilləsinə - PhD in Business and Finance daxil olub. Həmyerlimiz hazırda elmi işçi olaraq fəaliyyətimi davam etdirir. Təhsil aldığı istənilən ölkədə Azərbaycanın təbliği, onun tanıdılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırlması istiqamətində davamlı fəaliyyət göstərən Elmir Səfərli zəngin tarixi-mədəni irsimizin də aktiv təbliğatçılarındandır. O, qeyd edir ki, əməkdaşlıq etdiyi təşkilatlar vasitəsilə fəaliyyətdən başqa həmişə fərdi şəkildə ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində müəyyən işlər görməyə çalışıb. Elmir Səfərli bildirir ki, elmi işçi olaraq fəaliyyət göstərdiyi və təhsil aldığı universitetdə hər zaman araşdırmalarımı Azərbaycan üzərində etməyə çalışıb: "Bununla bir növ professorların, universitetin müəllim tələbə heyətinin diqqətini cəlb etməyi hədəfləmişəm. Demək olar ki, istədiyimə nail oluram. Mən hər dəfə hansısa bir araşdırmanı etdiyimdə, universitetdə o araşdırmanın mühazirəsinin təqdimatını edirəm. Bu zaman akademik fəaliyyət göstərən insanların böyük maraqla o araşdırmanı oxuyub Azərbaycanı daha yaxından  tanımağa çalışdıqlarının şahidi oluram. Bundan başqa,Xocalı soyqırımı ərəfəsində mən özüm şəxsən Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğana və Türkiyə Böyük Millət Məclisinin 550 millət vəkilinə Xocalı soyqırımının parlamentdə tanınması üçün öz yaşadığım səmimi hisslərimi məktub şəklində  ünvanlamışdım. Həmin məktub da Türkiyənin və Azərbaycanın demək olar ki, bütün mətbuat orqanlarında çap olunmuşdu" Qardaş ölkədəki Azərbaycan diasporunun vəziyyətinə gəlincə gənc soydaşımızın sözlərinə görə, əksər ölkələrdə lobbiçilik və diaspora fəaliyyətləri səfirlikliklər, diaspora təşkilatları və o ölkədə yaşayan həmvətənlərimiz tərəfindən həyata keçirilir: "Milli bayramlar, Azərbaycan adət ənənələri, millətin, dövlətin unudulmaz yarası olan Qarabağ problemi və eləcə də, dövlətlər arasında olan iqtisadi, siyasi, sosial və ictimai münasibətlərin gücləndirilməsi yönündə müxtəlif üsullarla tədbirlər  həyata keçirilir. Bəzən insanlar elə düşünürlər ki, Türkiyə dili, dini, adət ənənəsi bir olan qardaş ölkədir və burda diaspor və lobbiçilik fəaliyyətlərinə o qədər də önəm vermək lazım deyil. Ama mən bu fikirlə qətiyyən razılaşmıram.Əksinə, bizim Türkiyədə etdiyimiz fəaliyyətləri bir neçə dəfə artırmağımız lazımdır.  Digər ölkələrə nəzərən təbii ki, Türkiyədə diaspora daha güclüdür. Ama bu hələ tam demək deyil.  Türkiyə Respublikası böyük dövlətdir. Və bu ölkədə onlarla xalq yaşayır bu dövlətdə.Bu xalqların nümayəndələrinə Azərbaycanla bağlı həqiqətləri çatdırmaq üçün mütləq bir şəkildə fəaliyyətimizi daha da gücləndirməliyik. İstər Türkiyə olsun, istər Avropa, Amerika, istərsə də  uzaq şərq ölkələri olsun, xaricdə yaşayan həmyerlilirəmiz arasında müxtəlif fikirdə olanları var. Amma önəmli nöqtə odur ki, Azərbaycanla bağlı hər hansısa bir tədbir, bir göstəriş, nümayiş və ya toplantı olduğunda bu insanlar fikirlərindən asılı olmayaraq bir arada toplanmağı bacarırlar. Çünki önəmli olan vətən həqiqətlərinin dünyaya tanıdılması,   haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasıdır". Elmir Səfərli Azərbaycan və türk diaspor  təşkilatlarının erməni məsləsinin qabardılmasında birgə fəaliyyətlərindən də söz açıb: " Bu bir faktdır ki, Türkiyədə Osmanlı imperiyasının dövründən çoxsaylı ermənilər yaşayır. Onlar da daim təşkilatlanmış şəkildə uydurma həqiqətlərini Türkiyədə gündəmə gətirməyə çalışırlar. Məsələn tez tez ``Hepimiz ermeniyiz`` ``Ermeni soykırımını tanı`` kimi şuarlarla yürüşlər, mitinqlər keçirərək ictimaiyyətin nəzərini cəlb etməyə çalışırlar. Amma mən deyərdim ki, türk xalqının böyük əksəriyyəti bunu qəbul etmir. Əksinə, belə bir hadisələrlə rastlaşdıqlarında o dəqiqə Qarabağda, Xocalıda, Şuşada, Ağdamda həlak olan minlərlə şəhidimizin haqqını tələb edir, həmin hadisələrin məhz ermənilər tərəfindən törədildiyini qabardırlar. 2012-ci ildə İstanbulda keçirdiyimiz 400.000 nəfərlik böyük mitinq ``Hepimiz Ermeniyiz`` deyənlərə bir cavab oldu. Bütün dünya anladı ki, türkün gücü nədir. Qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları daim əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Müxtəlif regionlarda tədbirlər, aksiyalar keçirərək birliyimizin gücünü ortaya qoymağa çalışırlar". Soydaşımız  diaspor təşkilatları ilə əməkdaşlığın da yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, həm Türkiyədə, həm də dünyanın bir çox ölkələrində çalışan diaspor təşkilatları ilə əməkdaşlıq edirlər: "Bir çox ölkələrdə, eləcə də Türkiyədə silsilə tədbirlər həyata keçiririk. Çalışırıq ki, bacardığımız qədər yeni insanları özümüzə tərəf çəkə bilək. Eyni zamanda həqiqətləri, tarixi faktları olduğu kimi qanun çərçivəsində insanların diqqətinə çatdıra bilək". Türkiyədəki azərbaycanlı tələbələrin fəallıq dərəcəsinə gəlincə Elmir Səfərli qeyd edib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin böyük əksəriyyəti Türkiyə Respublikasında təhsil alır: "İstər İstanbulda, istər İzmirdə, istərsə də Ankarada və  Türkiyənin digər şəhərlərində yaşayan tələbələr həqiqətən bacardıqları qədər faəllıq göstərməyə çalışırlar. Tələbələrimiz universitetlərdə, beynəlxalq tədbirlərdə, səfirliklərdə, sivil və dövlət təşkilatlarında müxtəlif tədbirlər həyata keçirərək Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ problemini, önəmli strateji məsələləri qabardaraq dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışırlar. Məsələn, bu il Xocalı soyqırımı ilə əlaqədar İzmirdə təhsil alan azərbaycanlı tələbələr olaraq şəhərin mərkəzi hissəsi olan Cümhuriyyət Meydanında insanlardan ibarət Hocalı sözünü yazdıq. Bu bütün Türkiyə mediasında böyük əks səda doğurdu. Aksiyamız kənardan gəlib keçən insanların marağını o qədər çəkmişdi ki, özləri könüllü olaraq bu aksiyaya qatılır və dəstək olurdular".
Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31