Azərbaycan gəncliyi diasporamızın daha da güclənməsində aktiv rol almağa başlayıb

Gülsel Səfərova: “Gənclər lobbi və diaspor işində böyük uğurlara imza ata bilərlər”

"Möhkəm olub bu şərəfli yolu davam etdirməliyik"

Son illər gənclərimizin diaspora həyatında rolu, onların bu istiqamətdəki fəaliyyəti özünün aktiv fazasına qədəm qoyub. Xüsusilə, keçən ilin mart ayında Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis edilməsindən sonra gənclərimizin bu sahədə yaxından iştirakı üçün yeni bir zəmin, stimul yaranıb. Sevindirici haldır ki, paralel olaraq ayrı-ayrı gənclər təşkilatları və birliklər də öz uğurlu fəaliyyətləri ilə diaspora hərəkatına töhfələrini verirlər. Belə təşkilatlardan biri də Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatıdır. Sözügedən təşkilat mütəmadi olaraq Avropaya təşkil etdiyi səfərlər zamanı Azərbaycanın təbliği ilə məşğul olur, ölkəmizin üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Avropa məkanında obyektiv rəy formalaşdırmağa çalışır. "OLAYLAR"-a verdiyi müsahibədə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova rəhbərlik etdiyi qurumun Azərbaycanın təbliği istiqamətində həyata keçirəcəyi layihələr və tədbirlər, eləcə də diaspora sahəsində gənclərin akivliyindən danışıb. Gülsel Səfərova son zamanlar Azərbaycan diasporu daxilində parçalanma yaratmağa yönələn cəhdlərdən də söhbət açıb. Bildirib ki, Azərbaycan ildən-ilə inkişaf edib gücləndikcə müəyyən xarici dairələr ölkəmizin bu uğurunu qısqanclıqla qarşılayır və müəyyən mənfi mövqelər sərgiləyirlər.

-Gülsel xanım, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı olaraq Avropa ölkələrinə mütəmadi olaraq səfərlər edirsiniz. Səfər zamanı Sizdə hansı təssürat yaranır, Avropa məkanında Azərbaycan diasporunun vəziyyəti necədir?

-Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı olaraq il ərzində Avropanın 20-30 ölkəsinə səfər edirik və həmin dövlətlərdə ölkəmizi təmsil edirik. Səfər etdiyimiz ölkələrdə keçirilən tədbirlərdə çalışırıq ki, Azərbaycanın uğurlarından, inkişafından və reallıqlarından danışaq. Hesab edirəm ki, son 10 ildə Avropada Azərbaycanın tanıtımı siyasi və mədəni sahədə güclənib. Hər il getdiyimiz tədbirlərədə bizə olan müsbət münasibətdən bunu müşahidə edirik. Bu bir danılmaz faktdır ki, Azərbaycan gənc dövlətdir və diasporası da gəncdir. Lakin buna baxmayaraq diaspora ilə bağlı artıq dövlət, aidiyyatı qurumlar və vətəndaş cəmiyyəti vəhdətdə fəaliyyət göstərir. Azərbaycan Gənclərinin qurultayının keçirilməsi, gənclərin xaricdə təhsil proqramlarında iştirakı, gənclər proqramlarına əsasən təşkilatların beynəlxlaq layihələrdə iştirakı üzünmüddətli diaspora və lobbiçilik strategiyasına ünvanlanmışdır. Bu baxımdan bugün atılan hər bir addım gələcəyə hesablanmış bir fəaliyyətdir.

-Sizcə, Azərbaycan gəncləri diaspora həyatında hansı səviyyədə iştirak edirlər və gənclərin potensialından yetərincə istifadə edilirmi?

-Bü gun Azərbaycan gəncliyi ölkəmizin bütün sferalarında fəaliyyət göstərirlər. Ölkəmizdə həyata keçirilən gənclər və gəncləşmə siyasəti onların siyasi, mədəni və sosial həyatda aktiv iştiraklarına ünvanlanıb. Azərbaycan gəncliyi diasporamızın daha da güclənməsində aktiv rol almağa başlayıb. Düzünü desək hələ də qənaətbəxş hesab etmək olmaz. Çünki gəncliyimiz potensiallıdır və intellektualdır. Belə olan halda gənclər lobbi və diaspor işində böyük uğurlara imza ata bilərlər. Bunun üçün dövlətmiz, xüsusən ölkə başçısı cənab İlham Əliyev tərəfindən xüsusi diqqət vardır.

-Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı olaraq Azərbaycanın Avropa məkanında daha çox tanıdılması və təbliğ edilməsi, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında hansı addımları atırsınız?

-Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı fəaliyyəti müddətində Azərbaycanın Avropa məkanında tanıdılması istiqmətdində gənclərin iştirakı ilə ciddi addımlar atmışdır. Belə ki, təşkilatımız Avropanın ən böyük fransız şəbəkələrindən biri sayılan AMSED-e tam hüquqlu üzvdür. Bu şəbəkəyə 50-dən çox ölkələr daxildir. Biz təşkilat olaraq Cənub Qafqazdan ən fəal təşkilat kimi bu şəbəkədə yer almışıq. Bir ay öncə 10 Avropa ölkəsindən (Fransa, Almanya, İtaliya, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniya, Polşa və Azərbaycan ) ibarət Bakıda Beynəlxalq Gənc Siyasətçilər Məktəbi layihəsini həyata keçirdik. Eyni zamanda belə bir   məktəbi təsis etdik. Tədbir çərçivəsində ölkəmizin siyasi və mədəni mənzərəsi barədə geniş sessiyalar keçirildi. Bu ilin sentyabr ayında isə  Böyük Britaniyanın paytaxtı London şəhərində "Azərbaycanın Avropaya İnteqrasiyasl Modeli" Forumunu keçirməyə hazırlaşırıq. Layihənin hədəf qrupu britaniyalılardır. Qeyd edim ki, eyni adda tədbir Azərbaycan Gənclərinin Avropya İnteqrasiyası Təşkilatı keçən il Fransanın paytaxtı Parisdə həyata keçirildi. Burada əsas mqsəd  ölkəmizin reallıqları ilə bağlı məlumatları avropalılara çatdırmaq, enerji təhlükəsizliyi, Ermənistan- Azərbaycan, Daqlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar verməkdir. Bundan başqa Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı çərçivəsində fəaliyyət göstərən aktiv təşkilatlardandır. Avropanın müxtəlif ölkələrində bu proqramda iştirak edir və ölkəmizi təmsil edir.

-Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı olaraq Azərbaycan diasporunun daha böyük uğurlara imza atması üçün nələri təklif edərdiniz?

-Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi ilə bağlı silsilə tədbirlər çoxalmalıdır. Tam olaraq  bu cür olmasa da, müxtəlif mədəni və ya sosial layihələr keçirməklə bu münaqişəyə dair haqlı mövqeyi nümayiş etdirmək olar. Biz avropalını maraqlandırmalıyıq, düşündürməliyik. Bunun üçün ilk növbədə avropalılarla dostlaşmalıyıq və mədəniyyətimizi onlara təqdim etməliyik. Bu cür tanıtım və arada yaranmış qarşılıqlı hörmətdən sonra bu müqanişə barədə reallıqlara keçid almalıyıq. Azərbaycan dövləti bu münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması üçün bütün diplomatik vasitələrdən istifadə edir, Azərbaycanın hərbi büdcəsini gücləndirilir, müxtəlif proqramlar vasitəsilə gəncliyimizə bu həqiqətləri çatdırmaq üçün şərait yaradılır.

-Sizcə, Azərbaycan diasporunda çatışmayan əsas cəhətlər nədən ibarətdir və mövcud problemləri aradan qaldırmaq üçün hansı addımlar atmaq lazımdır?

-Bu bir danılmaz faktdır ki, bizim disporamız yenidir, formalaşmaqdadır. Belə olan halda təbii ki, maneələrin və çətinliklərin olması labüddür. Azərbaycanlıların daha da aktiv birgə fəaliyyət göstərməsində motivasiya və təşəbbüskarlığı qənaətbəxş deyildir. Bü gun biz əgər güclü dövlətin möhkəm diasporundan danişmaq istəyiriksə ilk növbədə azərbaycanlı insanından başlamalıyıq. Hər bir xaricdə yaşayan azərbaycanlı həmin ölkənin ilk növbədə qeyri-rəsmi  səfiridir, təbliğatçısıdır və carçısıdır. Bu baxımdan milli maraqların qorunması istiqamətində həmrəy fəaliyyət mütləqdir. Cənab prezident İlham Əliyev tədbirlərin birində çıxışı zamanı söyləmişdir "Mən 9 milyon deyil 50 milyonluq azərbaycanlıların prezidentiyəm". Bu o deməkdir ki, xaricdə yaşayan azərbaycanlılar hər zaman qüdrətli Azərbaycana və onun başçısı cənab İlham Əliyeva arxalana bilərlər. Azərbaycanlılar xaricdə bir-biri ilə əlaqəli və həmrəy çalışmalı, bütün çətinliklərə baxmayaraq milli maraqlar naminə çalışmalıdırlar.

-Müxtəlif ölkələrdə diasporumuz daxilində parçalanma yaratmağa yönələn cəhdləri necə dəyərləndirirsiniz və bu kimi mənfi hallar haradan qaynaqlanır?

- Azərbaycan dinamik şəkildə inkişaf edir, regionda lider dövlətə çevrilib. Belə olan halda Azərbaycana qarşı qisqanclıqla yanaşan ölkərin sayı təbii olaraq artır. Xaricdə bunun təzahürü diaporu parçalamaq və eyni zamanda azərbaycanlılar arasında nifaq salmaqla müşayət olunur. Buna görə də azərbaycanlılarımız buna məhəl qoymamalı və ölkənin maraqları naminə həmrəylik nümayiş etdirməlidirlər. Unutmaq lazım deyilı ki, ölkəmiz inkişaf etdikcə bu tendensiyalar artacaqdır. Odur ki, möhkəm olub bu şərəfli yolu davam etdirməliyik.
Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31