“Azərbaycan diasporu Belarusda ən fəal diasporlardan biridir”

“Amma onu da vurğulamaq lazımdır ki, gənclər arasında bu istiqamətdə müsbət dəyişikliklər müşahidə edilir”

Azərbaycan diasporunun uğurlu fəaliyyət göstərdiyi ölkələrdən biri də Belarus Respublikasıdır. Bu gün Belarusda onlarla diaspor təşkilatımız mövcuddur ki, onlardan ən önəmli və aktivi isə Belarus-Azərbaycan İcmaları Konqresidir. Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi qurumun yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə danışıb.

-Natiq müəllim, rəhbərlik etdiyiniz Belarus Azərbaycan İcmaları Konqresi nə zamandan fəaliyyət göstərir?

-Yaxın tarixə nəzər salsaq görərik ki, Belarus Respublikasının Azərbaycan İcması 1989-cu ildə Minskdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılıb.
Bizim təşkilat diaspor təşkilatı kimi Belarus Respublikasında rəsmi qeydiyyatdan keçmiş ilk təşkilatlardan biri idi. 1997-ci ildən.bu günə qədər biz diaspor təşkilatı olaraq Belarus Respublikasında fəaliyyət göstəririk, 2003-cü ildə təşkilatımız adını dəyişdi və Belarus-Azərbaycan İcmaları Konqresi adlanmağa başlandı.  Hazırda Belarus-Azərbaycan İcmaları Konqresinə mən rəhbərlik edirəm. Onu da qeyd edim ki, diaspora sahəsində  göstərdiyim fəaliyyətə görə dövlət başçısı cənab İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edilmişəm.

-Belarus-Azərbaycan İcmaları Konqresinin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

-Belarus-Azərbaycan İcmaları Konqresinin əsas məqsədi  Azərbaycan və Belarus  Respublikasının xalqları arasında mədəni və sosial əlaqələrin hərtərəfli inkişafına və möhkəmlənməsinə kömək etməkdir. Həmçinin konqres iki xalqın milli ənənələrinin təşviqi, sənətkarlıq, vokal və xoreoqrafiya sənətinin inkişaf etdirilməsi, milli dil, mədəniyyət və mənəvi dəyərlərin təbliği sahəsində çalışır. Onu da qeyd etmək yerinə düşər ki,  Belarus-Azərbaycan İcmaları Konqresinin Minsk, Qrodno, Bobruisk, Brest, Mogilev, Qomel, Vitebsk, Orşa, Zlobin və Polotsk vilayətlərində regional ofisləri fəaliyyət göstərir. Həmin regional ofislərin də xeyli sayda azərbaycanlı üzvü var.

-Konqres rəhbəri olaraq Belarusda Azərbaycan diasporunun hazırkı durumunu necə qiymətləndirirsiniz? 

-Etiraf etmək lazımdır ki, Azərbaycan diasporu Belarus Respublikasında ən fəal diasporlardan biridir.

-Belarusda təxminın nə qədər azərbaycanlı yaşayır və soydaşlarımızın Belarus cəmiyyətinə inteqrasiyası hansı səviyyyədədir?

- Soydaşlarımızın Belarus cəmiyyətinə inteqrasiyasının güclü olduğunu deyə bilmərəm. Amma onu da vurğulamaq lazımdır ki, gənclər arasında bu istiqamətdə müsbət dəyişikliklər müşahidə edilir. Yəni müəyyən mənada inkişaf var.

-Belarus-Azərbaycan İcmaları Konqresi olaraq Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemini bu ölkə ictimaiyyətinə tam mənada çatdıra bilirsinizmi? 

-Əlbəttə ki, diaspor təşkilatlarının, eləcə də bizim konqresin əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə yaşadığımız ölkədə fikir formalaşdırmaq, ölkəmizin haqlı mövqeyini onların diqqətinə çatdırmaqdır. Eyni zamanda konqres olaraq digər fəaliyət istiqamətlərimizə Azərbaycan Respublikasının iqtisadi inkişaf tempi və ölkəmizin regional lider kimi rolunun gücləndiyi, eləcə də digər bütün reallıqları Belarus xalqına məlumatlandırmaq daxildir.
 

-Bəs Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?

-2010-cu ildə Belarus Dövlət Pedaqoji Universitetinin əsasında. "Azərbaycan mədəniyyəti və dili Mərkəzi." yaradılıb. Mərkəzdə uşaqlara Azərbaycan, Azərbaycan dili, tarixi və mədəniyyəti öyrədilir.  Həmçinin mərkəzdə bazar günü məktəbi də fəaliyyət göstərir. Bundan başqa uzun illərdir ki,  "Belarus-Azərbaycan İcmaları Konqresi Azərbaycan pop ulduzlarının iştirakı ilə konsertlər keçirir. Belarus-Azərbaycan İcmaları Konqresi olaraq bu ölkədə  bütün milli və dini bayram günlərini qeyd edirik. Həmçinin Belarus Respublikasında  keçirilən bütün festival və digər mədəni tədbirlərdə yaxından iştirak edirik. Çoxmillətli Belarus Respublikasında Azərbaycan diasporu olaraq bu kimi tədbirlərdən kənarda qalmırıq. Azərbaycan və Belarus arasında müntəzəm olaraq birgə tədbirlər keçirilir. Cəmiyyətimiz Belarusda ənənəvi olaraq təşkil olunan milli mədəniyyətlərin ilk festivalında da fəal iştirak edir. Bu illər ərzində, festivalın qalibləri sırasında  bir çox müğənnilər və Azərbaycan diasporunun musiqiçiləri də olub. Bunların sırasında Günəş Abbasov, Alice Zelenkeviç, Rəşid Əmiraslanova və digərlərinin adlarını qeyd etmək mümkündür.
 

-Belarusda təhsil alan azərbaycanlı gənclərin potensialından istifadə edirsinizmi və gənclərlə iş necə qurulur?

-Belarus-Azərbaycan İcmaları Konqresinin fəal gənclərdən ibarət bir şöbəsi fəaliyyət göstərir. Həmin gənclərin müxtəlif istiqamətlərlə, eləcə də  xeyriyyəçilik sahəsində müntəzəm şəkildə tədbirləri həyata keçirilir. Məlumat üçün qeyd edim ki, konqresin gənclər şöbəsinə Elvira İmanova rəhbərlik edir.
Ümumilikdə bizim konqresin bütün məqsəd və vəzifələri Azərbaycan və Belarus Respublikası arasında ikitərəfli dostluq münasibətlərinin inkişafına yönəlib. Bu gün yüksək səviyyədə olan Azərbaycan-Belarus münasibətləri iki ölkənin hökuməti, dövlət başçıları tərəfindən müəyyən edilir.
 

-Belarus-Azərbaycan İcmaları Konqresinin bu ölkənin rəsmi qurumları ilə əlaqələri hansı səviyyədədir?

-Konqresimiz Belarus Respublikasının, həmçinin Azərbaycan Respublikasının nümayəndə heyətlərinin tərkibində bütün dövlət səviyyəli ikitərəfli görüşlərdə iştirak edir. Həmçinin Azərbaycan icmasının fəalı Belarus Nazirlər Soveti yanında etnik və dini işlər üzrə Komitəsinin, Mədəniyyət Nazirliyinin himayəsi altında keçirilən tədbirlərdə də iştirak edir.

-Yaxın vaxtlarda rəhbərlik etdiyiniz konqres Belarusda Azərbaycanla əlaqəli hansı tədbirləri keçirməyi nəzərdə tutub?

-Bir məqamı qeyd edim ki, Belarus-Azərbaycan İcmaları Konqres öz fəaliyyətində xeyriyəçiliklə də məşğuldur. Belə ki, uşaq və qocalar evləri, xəstəxanalara  yardım edir, müxtəlif xeyriyyə tədbirlərində iştirak edirik. Eyni zamanda bir çox  Sovet İttifaqı qəhrəmanı olan azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsi istiqamətində fəaliyyət göstəririk. Bunların sırasında Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov, Mogilevdə Aslan Vəzirovun büstlərini qeyd etmək yerinə düşər. Hazırda isə Minskdə Sovet İttifaqı qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünün ucaldılması istiqamətində çalışırıq. Onu da deyim ki, qəhrəmanın büstü dizayn mərhələsindədir.

-Bəs Belarusdakı erməni diasporu bu ölkədəki Azərbaycan diasporunun fəaliyyətinə hər hansı bir formada mane olmağa çalışırmı?

-Tam səmimi şəkildə bildirmək istəyirəm ki,  Belarusdakı Azərbaycan diasporunun fəaliyyətinə ermənilər tərəfindən heç bir təsir yoxdu.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31