Litvadakı Azərbaycan diasporu ermənipərəst diplomatlara qarşı təbliğat işlərini davam etdirir

Dünyanın müxtəlif bölgələrində, ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən erməni lobbisi zaman-zaman öz çirkin əməllərini işə salaraq Azərbaycana qarşı təxribatçı addımlar atır, ölkəmiz barədə mənfi rəy formalaşdırır. Bir çox hallarda isə həmin ölkələrdəki ermənipərəst dairələrlə işbirliyinə girərək Azərbaycanın maraqlarına zidd olan addımların atılmasına səy göstərilir. Sevindirici hal isə ondan ibarətdir ki, bu kimi təxribatçı hərəkətlər və antiAzərbaycan meyillərinin qarşısı qısa zamanda həmin ölkələrdəki Azərbaycan diaspor tərəfindən alınır. Bu günlərdə bu cür anoloji hallardan biri Litva Respublikasında qeyd alınıb.

Litvadakı Azərbaycan diasporu Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri və Qarabağ silahlı münaqişəsi ilə bağlı internetdə yayılan gizli telefon danışıqlarına sərt münasibət bildirib. Litva azərbaycanlıları cəmiyyəti və Litva-Azərbaycan Assosiasiyası tərəfindən bu qalmaqallı olayların astarının üzə çıxarılması, habelə ikibaşlı siyasət yürüdən bəzi Litva dövlət qurumları təmsilçilərinin ifşa edilməsi, Azərbaycana qarşı burada fəaliyyət göstərən panerməni təbliğat qüvvələrin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması üçün və ictimai fikrin düzgün istiqamətdə yönəldilməsi məqsədilə bir sıra əks təbliğat işləri, maarifləndirmə aksiyaları həyata keçirilir və yerli mətbuat silsilə məqalələr dərc etdirilir. Litva azərbaycanlıları cəmiyyətinin sədri, Litva-Azərbaycan Assosiasiyasının həmtəsisçisi Mahir Həmzəyev bildirir ki, bu tədbirləri çərçivəsində Litvanın www.balsas.lt xəbərlər portalında litvalı tarixçi və etnoloq, Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas Melyanasın "Əgər diplomat Dağlıq Qarabağa "Arsax" deyirsə, biz də ona diplomat yox, korazehin deməliyik" adlı litvaca tənqidi məqaləsi dərc olunub. Məqalə Litva diplomatlarının Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi barədə apardıqları gizli telefon danışıqları ilə bağlı hazırda yaşanan qalmaqallı olaylara, eləcə də Litvanın Macarıstandakı səfiri Renatas Yuşkanın və Litva Xarici işlər nazirliyində çalışan ermənipərəst dövlət qulluqçularının iç üzlərinin açılmasına, Litva Respublikasının Seymində qondarma "Dağlıq Qarabağla parlament dostluq qrupunun" yaradılması təşəbbüsünü qaldırmış ermənipərəst iş adamları və onların maliyyə dəstəyi sayəsində fəaliyyət göstərən muzdlu Litva millət vəkillərinin ifşa olunmasına, həmçinin "Arsax" toponimi və "Arsax əyaləti" barədə həqiqətlərin Litvada yayımlanmasına həsr edilib. Vilnüsdə litvaca buraxılan nüfuzlu "Litva xəbərləri" ("Lietuvos zinios") qəzetinin 7 avqust 2013-cü il tarixində çıxmış sayında digər litvalı tarixçi, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Arvidas Banyulisin "Profillər: peşəkarlar və yaxud naşılar?" başlıqlı məqaləsi çap edilib. Tarixi səpkidə yazılmış bu məqalədə müəllif SSRİ rəhbərliyi tərəfindən Ermənistan və Litva ərazilərinin müxtəlif yollarla genişləndirilməsinin, Azərbaycan torpaqlarının isə "qayçılanması"nın əsl səbəblərini araşdırır və tarixi paralellər aparır, ictimai-siyasi nəticələr çıxardır və bundan qaynaqlanan geosiyasi müddəalar əsasında Azərbaycan sərhədlərinin birtərəfli qaydada ermənilərin xeyrinə dəyişdirilməsini təsdiq edən faktları çox dürüst və inandırıcı bir şəkildə Litva ictimaiyyətinə təqdim edir. "Litva xəbərləri" qəzetinin 9 avqust 2013-cü ildə buraxılmış sayında isə tanınmış ictimai-mədəni xadim, Litva Mədəniyyət nazirinin sabiq müavini, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Donatas Valançyauskasın "Barokko dövrü üslubunda əhvalat" adlı siyasi pamflet janrında yazılmış əsəri çap olunub. Bu əsərdə ermənipərəst Litva diplomatı Renatas Yuşka Qarabağ münaqişəsi ilə bağlı çıxartdığı hoqqalara və orta əsrlərin səlib müharibələri ruhunda açıqladığı fikirlərə görə ictimai qınaq obyektinə çevrilib. Sonda R. Yuşkanın ermənipərəst fəaliyyəti nəticəsində Litva diplomatiyasına gətirdiyi ləkəyə görə vəzifəsindən istefa verməsi tələbi irəli sürülüb.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31