Dünya azərbaycanlılarının təşkilatlanması sürətlənir

Yeni-yeni diaspor təşkilatlarının yaranması bu prosesə təkan verir

Bu gün dünyanın müxtəlif  ölkələrində yüzlərlə  Azərbaycan icma və birlikləri fəaliyyət göstərməkdədir. Sevindirici hal ondan ibarətdir ki, diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir. Hələ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmamışdan əvvəl formalaşmış və ayrı-ayrılıqda fəaliyyət göstərən çoxsaylı  cəmiyyət və birliklər tarixi Vətən  naminə bir araya gələrək  Azərbaycan federal birlikləri yaratmağa başladılar. Onların sırasında Ümumrusiya Azərbaycan Konqresi, Ukrayna Azərbaycanlıları Konqresi, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, Almaniya Azərbaycan Cəmiyyətləri Federasiyası,  İsveç- Azərbaycan Federasiyası, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Azərbaycanlılarının "Turan" Konqresi və Qırğızıstanda fəaliyyət göstərən "Azəri" İctimai Birliyini qeyd etmək olar.  Ümumiyyətlə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yarandığı gündən yeni cəmiyyət və birliklərin yaradılmasına diqqət yetirməkdədir.  Bunun nəticəsidir ki,  Belorus Azərbaycan İcmaları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Özbəkistan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası, Azərbaycan-Norveç Assosasiyası öz qüvvələrini  bir mərkəzdə birləşdirmək niyyəti ilə  bu sıraya qatılmışlar.  Federal birliklərin fəaliyyətini gücləndirmək, çevikliyini artırmaq məqsədilə ötən müddət ərzində onların regional təşkilatları da təsis edilmişdir. Bu gün Rusiya Federasiyasının  əksər subyektində ÜmumRusiya Azərbaycanlıları Konqresinin   regional təşkilatı uğurla fəaliyyət göstərir. Həmin  regional təşkilatların fəaliyyətini əlaqələndirmək, onlar arasında əlaqələri tənzimləmək məqsədilə Rusiya Federasiyasının Federal dairələrində ÜmumRusiya Azərbaycanlıları Konqresinin Dairə Şuraları yaradılmışdır. Hazırda özündə ÜmumRusiya Azərbaycanlıları Konqresinin regional təşkilatlarıını birləşdirən Privoljsk, Ural,  Şimal-Qərb,  Sibir və Uzaq Şərq Dairə Şuraları  təsis edilərək uğurla fəaliyyət göstərirlər. Bundan başqa,  ÜmumRusiya Azərbaycanlıları Konqresinin Rusiyada mövcud olan digər  Azərbaycan diaspor təşkilatlarının birləşdirilməsi istiqamətində də fəaliyyətini genişləndirməkdədir. Bu qurumların fəaliyyətlərinin əlaqələndirilməsi və həmvətənlərimiz arasında həmrəyliyin möhkəmləndirilməsi, onların maraqlarının müdafiə olunmasının təminatı  məqsədilə Azərbaycan diaspor təşkilatlarının  Koordinasiya Şurası  da təsis edilmişdir.

Aparılmış məqsədyönlü işlər nəticəsində yalnız 2004-cü ildə Avropada və  MDB məkanında o cümlədən, Özbəkistan, Qırğızıstan, Norveç,  Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə    və Birləşmiş Ştatlarda  40-a yaxın  yeni Azərbaycan icmaları  yaradılmışdır. 2003-cü il, aprel ayında  Almaniya Federativ Respublikasının Maynts şəhərində Dünya Azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I Forumu çağırıldı.  29 ölkədən 170 nümayəndənin qatıldığı  forumda Vətənin taleyüklü məsələləri ətrafında əhatəli  fikir mübadiləsi aparılmış,  bir ölkə daxilində ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan icma və təşkilatlarının ümumvətən mənafeyi naminə vahid federasiya, konqres, bir mərkəzdə birləşməsi tədqirəlayiq hesab edilmişdir. Forumda səslənmiş əsas təkliflərdən biri  Avropa məkanında fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin vahid bir təşkilatda birləşdirilməsi ilə bağlı idi.  Bunun da nəticəsi olaraq forum çərçivəsində  MDB məkanındakı diaspor təşkilat rəhbərlərinin təşəbbüsü ilə bu regionda  məskunlaşmış həmvətənlərimizin ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsinə, onların arasında mənəvi, siyasi birliyin və ideya həmrəyliyinin yaradılmasına xidmət edən "Müstəqil Dövlətlər  Birliyi Ölkələri Azərbaycan İctimai Birliklərinin Əlaqələndirmə Şurası"ı  yaradıldı və beləliklə də bu yöndə  ilk addım atılmış oldu.

2003-cü ilin may ayında Türkiyənin İzmir şəhərində keçirilən  "Azərbaycan diasporu: perspektivlər və reallıqlar" mövzusunda dünya azərbaycanlıları diaspor təşkilatı rəhbərlərinin növbəti konfransı zamanı Avropada fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi məsələsi bir daha gündəmə gətirildi. Bu  ideyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq,  2004-cü   il, aprel ayının 17-də    Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı keçirildi. Avropa Azərbaycanlıları Konqresinin  yüksək səviyyədə keçirilmiş  təsis konfransında  dünyanın 28 ölkəsindən 50-dən artıq  diaspor təşkilatlarından  264 nümayəndə qatılmışdı. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belarus, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya, Polşa, Estoniya və Almaniyadakı Azərbaycan icmalarının nümayəndələri, Türkiyə Böyük Millət Məclisi, Almaniya Bundestaqının üzvləri, eyni zamanda Azərbaycan Respublikasının nümayəndə heyəti  - Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Xarici Ölkələrdə Yaşayan  Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin  sədri Nazim İbrahimov, ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Hüseynağa Sadıqov iştirak edirdilər. Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir  iştirakçılarına təbrik məktubu oxundu. Avropa Azərbaycanlıları Konqresinin  təsis konfransı yalnız Avropa azərbaycanlılarının vahid təşkilatda birləşdirilməsini təsbit edən qərarların qəbulu ilə deyil, həm də Azərbaycan həqiqətlərinin, respublikamızın qarşılaşdığı problemlər, ölkəmizin nailiyyətləri və perspektivləri ilə bağlı reallıqların bütün Avropa ictimaiyyətinə çatdırılması ilə də yadda qaldı. Xüsusi tapşırıqların icrasını təmin etmək məqsədilə Avropa Azərbaycanlıları Konqresi öz nəzdində  mətbuat bölməsi və komitələr yaratmaq səlahiyyətinə,  müxtəlif mövzulara aid konfranslar, diskussiyalar, mətbuat üçün birifinqlər, kurslar, seminarlar, məruzələr, sərgilər, musiqili tədbirlər, təhsillə əlaqəli səfərlər təşkil etmək imkanına malikdir.  Azərbaycan xalqının XX əsrdə yaşadığı facilər, məpuz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, topaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktların Avropa ictimaiyyətinə, burada fəaliyyət göstərən müxtəlif təşkilatlara obyektiv şəkildə çatdırılması Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətində prioritet məsələlər sırasında dayanırdı. Kifayət qədər səmərəli müzakirələr şəraitində keçmiş  təsis konfransının sonunda 50-dən artıq icma və birliklərin iştirakı ilə rəsmi razılıq protokolu imzalanmış və tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdu.

Avropa Azərbaycanlıranın vahid bir təşkilatda birləşdirilməsi digər qitələrdə də eyni profilli qurumların yaradılması üçün müsbət pressedent yaratdı. Dünya azərbaycanlılarını vahid təşkilatda birləşdirməyə xidmət edən bu işin davamı olaraq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Asiyada fəaliyyət göstərən diaspor təşkilatlarını bir araya gətirmək istiqamətində tədbirlər həyata keçirməyə başladı. Bu məqsədlə  2004-cü ilin may ayının 28-də  Türkiyə Respublikasının  İsgəndərun şəhərində bu ölkədə fəaliyyət göstərən  18 Azərbaycan icma və birliklərini özündə birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmişdir. Konfransın işində  Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri  Nazim İbrahimov, Azərbaycan Respublikasının  mədəniyyət naziri Polad Bülbüloğlu, ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Bahəddin Kaya, Türkiyə Cümhuriyyəti tərəfindən Hatay vilayətinin valisi Abdul Kadır Sarı, İsgəndərun  şəhər Bələdiyyəsinin başqanı Mete Aslan, Ceyhan, Dördyol və Payas bələdiyyə başqanları Hüseyn Sözlü, Bilgahan Aksoy, Bəkir Altan, Ceyhan şəhər kaymakamı Selmi Yurdaer  və eyni zamanda Rusiya və Almaniyada fəaliyyət göstərən diaspor təşkilatları nümayəndələri də iştirak edirdilər. Konfransın əvvəlində  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir  iştirakçılarına təbrik məktubu oxundu və bundan sonra müxtəlif mövzularla bağlı məruzələr dinlənildi. Aparılmış müzakirəlirn yekunu olaraq qətnamə qəbul edildi. Qətnamədə  Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası qardaş Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan  bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirməyi qarşısına məqsəd qoyduğu qeyd olunur. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması ilə bağlı rəsmi razılıq protokolunu   qardaş ölkənin 18  şəhərində - Ankara, Adana, Antaliya, Aydın, Balıkesir, Bursa, Çanakkale, İstanbul, İzmir, İzmit, İqdır, Manisa, Muğla, Tre, İsgəndərun və  Dördyol  Azərbaycan Kültür və Dayanışma Mərkəzlərinin  rəhbərləri  imzalanmış və   Türkiyədə fəaliyyət göstərən  digər Azərbaycan dərnək və qurumlarını  da  Federasiya  ətrafında sıx birləşməyə çağımışlar. Tədbirin sonunda Azərbaycan Prezidentinə ünvanlanmış müraciətdə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və onun siyasi varisi kimi cənab İlham Əliyevin müvəffəqiyyətlə davam etdirməkdə olduğu Azərbaycançılıq ideyalarının gerçəkləşdirilməsi işinə öz töhfəsini verməyə çalışacağı bəyan edilmişdir. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması tam qətiyyətlə söyləməyə əsas verirdi ki, ötən dövr ərzində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı cəmiyyət və dərnəklərin bir araya gətirilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi  istiqamətində müəyyən  addımlar atılmaqdadır. 2004-cü ilin oktyabr ayında Ümumrusiya Azərbaycan Konqresinin II Qurultayının keçirilməsi isə  diaspor quruculuğu tariximizin ən mühüm hadisələrindən biri olmuşdur. 2005-ci ilin birinci yarısında Türk Azərbaycan Dərnəkləri Federasiyasının I qurultayı, Ümumqazaxıstan Azərbaycanlılarının və Gürcüstan Azərbaycanlılarının  təsis qurultayları keçirildi. Dövlət Komitəsinin bundan başqa qarşısına qoyduğu  əsas məqsədlərdən biri də Amerika və Asiya  Azərbaycanlıları Konqreslərinin  təsis edilməsinə nail olmaq idi. Bu proses qitələr üzrə yekunlaşdıqdan sonra Dünya Azərbaycanlılarının vahid bir təşkilatını yaratmaq ideyasının həyata keçirilməsi sahəsində qəti addımlar atıldı. Artıq bu ideyanın gerçəkləşməsinə doğru gedilir. Bu proses çoxşaxəlidir və yalnız bir amala - Dünya Azərbaycanlılarının təşkilatlandırılmasına, onların mənəvi-ideoloji birliyinin təmin olunmasına yönəldilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31