Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malikdir

"Türk Dövlətləri Təşkilatının "Fəlakət-fövqəladə halların idarə olunması və humanitar yardım" mövzusu ilə bağlı Zirvə görüşünün Ankarada keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutmuşdur. Əvvəlcədən əldə olunmuş razılaşmalara uyğun olaraq, bu dəfəki Zirvə görüşü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməliydi. Qardaş ölkədə baş vermiş dağıdıcı zəlzələdən sonra, Türk Dövlətlərinin qardaş Türkiyənin yanında olması, maddi və mənəvi yardımların göstərilməsi, son dərəcə əhəmiyyətli məsələdir". Bu fikirləri "OLAYLAR"-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, göstərdiyi yardımın miqyasına, xilasedicilərin, həkimlərin, texniki heyətin sayına görə Azərbaycanın ön sıralarda olması və hörmətli Rəcəb Tayyib Ərdoğanın öz çıxışında Prezident İlham Əliyevə təşəkkür etməsi, ölkəmiz adına hər birimizdə qürur hissi yaşatdı:

"Zirvə görüşündə Təşkilatın bütün üzvləri ilə yanaşı, ilk dəfə Quzey Kıprız Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın iştirak etməsi, Türk dünyasının bütövləşməsi istiqamətində atılmış yeni addım oldu. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan Prezidentlərinin, Macarıstanın Baş Naziri Viktor Orbanın, Türkmənistanın Xalq Maslahatı sədrinin bəyanatlarında səslənən fikirlər bir daha əminlik yaradır ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rola malikdir. Təşkilat yeni bir güc mərkəzinə çevrilmişdir".

Nəsib Məhəməliyev qeyd edib ki, yaxın gələcəkdə Təşkilata bir sıra dövlətlərin qoşulacağına şübhə yoxdur:

"Etiraf etməliyik ki, 1992-ci ildə yaranmasına baxmayaraq, türkdilli dövlətlərin sammitləri, Zirvə görüşləri obyektiv və əksər hallarda subyektiv səbəblər üzündən inteqrasiya proseslərində ləngimələr, qarşılıqlı inamsızlıq müşahidə olunurdu. Lakin, 44 günlük müharibədən sonra Azərbaycanın təkbaşına dünya erməniliyinə qalib gəlməsi və torpaqlarını işğaldan azad etməsi, Təşkilatın Mərkəzi Asiyadan olan üzvləri arasında özünəinam hissi formalaşdı. Xarici təsirlərə qarşı daha qətiyyətli dirəniş nümayiş etdirildi. Heç şübhəsiz, Təşkilatın bu səviyyəyə çatmasında aparıcı rol Azərbaycana, şəxsən Prezident İlham Əliyevə məxsusdur. Məhz, cənab Prezidentin təşəbbüsü ilə, Pandemiya zamanı Türk Dövlətləri Başçılarının videoformatda konfransı keçirildi".

Millət vəkilinin sözlərinə görə, pandemiyadan sonra baş verən geosiyasi proseslər, yeni dünya nizamının formalaşdırması Türk Dövlətləri Təşkilatı üzvlərinin xarici siyasətlərini uzlaşdırmağı, vahid mövqedən çıxış etmələrini şərtləndirir: "Coğrafi cəhətdən ən əlverişli ərazilərdə yerləşən və geniş iqtisadi potensialı, təbii sərvətləri ilə zəngin ölkələrimiz, Şərqlə Qərb arasında ən əlverişli nəqliyyat-logistik imkanlara malikdir. Rusiya-Ukrayna müharibəsi fonunda Çindən başlanan və Avropaya qədər uzanan Orta Xətt marşrutu Təşkilat üzvlərinin hər birinin tranzit imkanlarını artırır, iqtisadi divident gətirir. Avropa ölkələrinin enerji təminatında əhəmiyyətli pay olurlar".

Nəsib Məhəməliyev diqqətə çatdırıb ki, Zirvə görüşünün nəticəsi olaraq Ankara Bəyannaməsi imzalandı:

"Bundan sonra hər il fevral ayının 6-ı Təşkilata üzv dövlətlər arasında Həmrəylik Günü olaraq qeyd ediləcəkdir. Qərara alındı ki, iqtisadi, mədəni, təhlükəsizlik, energetika , nəqliyyat-logistika məsələlərində əməkdaşlıq dərinləşdirilməlidir.  Bütün bunlar, Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, hər tərəfli inkişafı ilə nəticələnəcək, qlobal güc mərkəzinə çevirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31