Diasporun inkişafında KİV-lərin rolu

Azərbaycan diasporunun formalaşıb inkişaf etməsi, onların gördükləri işlərin cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin də rolu danilmazdir. Xüsusilə, diaspor təşkilatlarının malik olduğu ayrı-ayrı qəzet və jurnallar, internet portalları bu istiqamətdə fəallıq göstərirlər. Hazırda Rusiya Federasiyası, Ukrayna, Belorus, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, İngiltərə, Norveç,  Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirliklərində, Türkiyə, Birləşmiş Ştatlar, İsveç və Fransada Azərbaycan icma və birliklərin nəzdində  çoxlu sayda qəzet,   jurnal  və radio studiyası fəaliyyət göstərir. Rusiyada "İnter - Azərbaycan" televiziyası ölkəmiz haqqında həqiqətlərin yayılmasındı, milli-mədəni dəyərlərimizin təbliğində fəal rol oynamaqdadır. 

Azərbaycan diasporunun mətbu orqanları olan Umumrusiya Azərbaycan Konqresinin  "Azerbaydjanskiy Konress", Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının "Azerros2, Ukrayna Azərbaycanlıları Konqresinin "Qolos Azerbaydjana", Belorus Azərbaycanlıları Konqresinin "Qobustan", Moldova Azərbaycanlıları Konqresinin "Araz", Gürcüstan Azərbaycanlılarının "Yeni Yol, Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin "Ziya", Dnepropetrovsk Azərbaycanlıları Liqasının "Oqni Azerbaydjana", İsveçin Azərbaycan Dərnəyinin "Azərbaycan",  Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət Mərkəzinin  "Yeni Körpü", ÜmumRusiya Azərbaycanlıları Konqresinin Voronej regional təşkilatının "Birllik" və sair  jurnalları vasitəsilə ölkəmiz haqqında məlumatlar müntəzəm olaraq soydaşlarımıza çatdırılır. 2004-cü ildən etibarən "Belçika Azərbaycan Evi"   cəmiyyətinin ayda iki dəfə çıxan "EU Xəbər" qəzeti nəşr edilməyə başlamışdır.  "Avropaya addım-addım" devizi ilə çıxan bu qəzetin əsas məqsədi Avropada Azərbaycanla bağlı və ölkəmizdə baş verən mühüm hadisələrin həmvətənlərimizə və Avropa oxucularına  çatdırılmasında yardımçı olmaqdan ibarətdir. Niderlan Krallığının Amsterdam şəhərində fəaliyyət göstərən "Azərbaycan-Niderland"  Cəmiyyəti 2004-cü ildə öz mətbu orqanı olan "Benilüks" qəzetinin nəşrinə başlamışdır. Azərbaycan dilində nəşr olunan bu qəzet oxuculara Niderland və Azərbaycanda baş verən hadisələrdən xəbər verir.  2004-cü ildən Fransada nəşrə başlamış Gənclik Tələbə Asossiasiyasının "Körpü Le Pond" jurnalının da  məramı   soydaşlarımız arasında milli-mənəvi dəyərlərimizin təbliği və ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət etməkdən ibarətdir. Qazaxıstan Respublikasının Astana şəhərində fəaliyyət göstərən "Xəzər" İctimai Birliyinin orqanı olan "Ekspress-Turan" qəzeti də eyni missiyanı yerinə yetirir. İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyinin 2004-cü ildən etibarən "Azərbaycan dünyası" adlı jurnal nəşr edilməyə başlamışdır.

Estoniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Avropa  Türkdilli və Qafqaz Xalqları Assosiasiyasının birgə nəşri olan "Türk və Qafqaz Dünyası2 jurnalı  da Azərbaycan diasporunun təbliğat ruporu kimi uğurla fəaliyyət göstərməkdədir. Kanada Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi isə "Kanada Türk2 qəzetinin "Qafqazın səsi" səhifələrində vaxtaşırı çıxışlar edir. Elektron kütləvi informasiya vasitələrində təbliğat işinin düzgün qurulması sahəsində də iş aparılır.  Belə ki, Paris şəhərinin "Kuhtuazi" radiosunun efirində Azərbaycan haqqında verlişlər üçün bir saat vaxt ayrılmışdır. Azərbaycana həsr edilmiş bu proqram bir saat ərzində cümə günü səhər və axşam saatlarında, təkrar olaraq isə şənbə günü gecə saat 23-də dinləmək mümkündür. Fransada fəaliyyət göstərən "Azərbaycan Evi"nin uzun zaman çalışması nəticəsində əldə olunan bu imkandan istifadə etməklə Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, tarixi və milli dəyərlərinin Fransa ictimayyətinə çatdırılması xeyli asanlaşacaqdır. Dünya Azərbaycanlıları Konqresinin İsveçrə bölməsinin təşəbbüsü və dəstəyi sayəsində isə "Azərbaycanın səsi" radiosunun 2004-cü ildən fəaliyyətə başlaması bu sahədə qazanılmış nailiyyətlərdən biri kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31