“Estoniyadakı diasporumuz güclü və mütəşəkkildir”
Tural Şirinov: “Diasporun rolunu və nailiyyətlərini çox pozitiv qiymətləndirirəm”
5 Avqust 2013 19:22 Diaspora"Bu gün azərbaycanlılar Avropa cəmiyyətinə inteqrasiya edirlər və bu bizi olduqca sevindirir"
Bu gün özünün inkişaf dövrünü yaşayan Azərbaycan diasporu öz kadr potensialını da getdikcə gücləndirir. Dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi bu prosesi bir qədər də sürətləndirir. Paralel olaraq müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da fərdi qaydada diaspor sahəsinə öz dəstəklərini nümayiş etdirirlər ki, bu da nəticədə ümumi işin xeyrinə olur. Sevindrici hal ondan ibarətdir ki, fərdi qaydada diaspor hərəkatına dəstək verən dəyərli soydaşlarımızın sayı ildən-ilə artır. Belə şəxslərdən biri də Estoniyada yaşayan soydaşımız Tural Şirinovdur. Hazırda Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü kimi fəaliyyət göstərsə də, lakin bu vaxta qədər soydaşımız malik olduğu imkanlardan maksimum dərəcədə istifadə edərək Estoniyada Azərbaycanın təbliği istiqamətində davamlı fəaliyyət göstərib. "OLAYLAR"-a verdiyi müsahibədə Tural Şirinov Estoniyada Azərbaycan diasporunun vəziyyəti, soydaşlarımızın bu ölkənin həyatına inteqrasiyası istiqamətində atılan addımlar, eləcə də estonların Azərbaycan dövləti və xalqına olan münasibətindən danışıb. Tural Şirinov Azərbaycan diasporunun güclü və mütəşəkkil bir qüvvəyə çevrildiyini də vurğulayıb.
-Tural bəy, təxminən neçə ildir ki, Estoniyada yaşayırsınız və bu ölkədə əsasən hansı fəaliyyətlə məşğulsunuz?
-Əvvəlcə onu qeyd edim ki, Azərbaycanda doğulmuşam, əslən Naxçıvandanam. Lakin lap uşaqlıqdan Estoniyada böyümüşəm, məktəbi və universiteti burada bitirmişəm. Uşaqlıqdan Eston cəmiyyətinə qaynayıb-qarışmışam və tələbəlik illərində yerli estonlar arasında yaşamışam. Onlar böyük maraqla mənim milli mənsubluğuma baxır, məndən Azərbaycan haqqında və bizim ənənələr haqqında maraqlanırdılar. Çünki bizim estonlarla çoxlu orta məxrəclərimiz var. Məsələn Sovet Ittifaqı, ümumi bir ölkə və s. Estonlar həmişə böyük maraqla bizim millətə baxır, hörmətlə yanaşır və bizim ölkə ilə dostluq əlaqələrinin yaradılmasına dərin maraq göstərirlər. Bu ölkə mənim xoşuma gəlir. Olduqca sakit, təmizdir. Lakin əfsuslar olsun ki, iqlimi heç də bizi həmişə sevindirmir. Adam daha çox günəş istəyir. Xüsusilə də Azərbaycandan Estoniyaya qayıtdıqda. Mənim fərdi biznesim var və paralel olaraq burada oxuyuram. Lakin unutmaq lazım deyil ki, biz vətəndən uzaqda olduqda yaddan çıxarmamalıyıq ki, biz həm də vətən naminə çalışırıq. Tədbirdən tədbirə deyil, hər gün.
-Siz, eyni zamanda bir diaspor nümayəndəsi də hesab edilirsiniz. Estoniyada Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirərdiniz?
-Bilirsiniz, diaspora artıq şəklini dəyişib. Əgər əvvəl 10 təşkilata malik olmaq dəbdə idisə və bunu Bakıda yüksək qiymətləndirirdilərsə, lakin indi zəmanə artıq dəyişib və Bakıda hər bir vətənpərvəri ayrılıqda dəyərləndirirlər. O zaman sistem başqa cür qurulmuşdu, indi isə internet zəmanəsidir. Sizin heç bir təşkilatınız olmaya bilər, lakin vətən üçün çox şey edə bilərsiniz. Çünki hamıya məlum olduğu kimi əsas keyfiyyətdir. Bəli, mən Estoniyadakı Azərbaycan diasporunun üzvüyəm və diaspora üzvü kimi Estoniyada və onun kənarlarında müxtəlif tədbirlərdə iştirak edirəm. Bizim Estoniyadakı diasporumuz güclü və mütəşəkkildir və bütün bunlar haqqında mən öz məqalələrimdə və internet məkanında bir neçə dəfə qeyd etmişəm. Bizdə çox məşhur azərbaycanlılar var. Mələsən, Estoniya parlamentinin deputati Eldar Əfəndiyev, məşhur azərbaycanlı idmançılar. Və yaxud biznes adamları, yazıçılar, hüquqşünaslar. Onlar hamısı bizim fəxrimizdir. Mən bizim diasporun rolunu və nailiyyətlərini çox pozitiv qiymətləndirirəm. Çünki olduqca çoxlu müsbət işlər görülüb, Estoniyada çoxsaylı tədbirlər həyata keçirilib və onlardan sonuncusu Avropada öz reytinqinə və keyfiyyətinə görə ən yaxşı olan Estoniyada 10 may tarixində "CAHAN HOLDING"in sponsorluğu ilə həyata keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyi idi.
-Bəs Estoniyada təhsil alan azərbaycanlı tələbələr diaspor fəaliyyətinə maraqlıdırlarmı və onların potensialından diaspor təşkilatları istifadə edirmi? Ümumiyyətlə, siz özünüz hansısa diaspor təşkilatında təmsil olunursunuzmu?
-Mən özüm bu yaxınlarda Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü olmuşam və sonuncu dəfə İstanbulda toplantıda olmuşam. Təşkilat güclüdür və bizim təşkilatın üzvləri dünyanın hər yerindədir. Biz fəxrlə təşviqatla məşğul olur və yaşadığımız ölkədə Azərbaycanın nüfuzunu qaldırırıq. Tələbələrə gəlincə, mənim Azərbaycandan olan tələbələrlə əlaqəm cox yoxdur. Onlar tərəfindən Estoniyada elə bir fəaliyyətlərini müşahidə etmirəm və belə bir fikrin tərəfdarıyam ki, diasporun rolu tələbələrin rolundan olduqca böyükdür. Çünki onlar buraya təhsil almağa gəldikdə bu ölkəni yaxşı tanımırlar və çətin ki, bu ölkədə 20 ildən artıq yaşayanlar, yerli mentaliteti, müsbət və mənfi cəhətləri bilənlər qədər işlər görə bilsinlər. Lakin ümid edirəm ki, buraya təhsil üçün gəlib burada əliboş dayanmayıb Azərbaycan əleyhinə siyasət aparan erməni lobbisini diqqətdən kənarda qoymayacaqlar.
-Estoniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında birlik və bərabərlik varmı, onlara əksər məsələlərdə eyni mövqedən çıxış edirmlərmi? Sizcə, Azərbaycan diasporunun daha ciddi uğurlara imza atması üçün hansı forma və vasitələrdən, mübarizə üsullarından istifadə etmək lazımdır?
-Mən həmişə demişəm və bir daha təkrarlayıram ki, birgə işləmək, birgə olmaq lazımdır. Bir-birimizə problemlər yaratmağa son qoymalıyıq. Bizim səhvimiz ondadır ki, biz hələ də əfsuslar olsun ki, birləşə bilmirik və hər kəs öz versiyasını yeridir. Baxmayaraq ki, məqsədlər də birdir, lakin elə azərbaycanlılar da tapılır ki, gizli şəkildə Azərbaycana ziyan vururlar. Lakin bütün bu çətinliklərə baxmayaraq biz irəliləyirik. Əsas odur ki, bizi Azərbaycan dəstəkləyir. Mənim yadımdadır, bir dəfə Leyla Əliyevanın internetdə çıxışına baxırdım. Leyla xanım orada Heydər Əliyevə xain çıxanlardan, onların yaxın adamlar olmasından, buna baxmayaraq onun doğma Azərbaycan naminə bütün çətinliklərə sinə gəldiyindən və ayaq üstə möhkəm qaldığından danışırdı. Biz onu heç vaxt unutmayacağıq, bizim üçün o, qəhrəman və liderdir! Mən istərdim ki, hamı onun kimi olsun, bizim ümummilli liderimiz Heydər Əliyev kimi açıq qəlbli vətənpərvər olsunlar. Diasporun güclü olması üçün ilk öncə nə etdiyimizi və nəyin naminə etdiyimizi başa düşmək lazımdır. Bunu dərin qəlbdən başa düşmək və qarşıya məqsəd qoymaq lazımdır. Axı məqsəd olmazsa, nəticə də olmaz. Düşünmədən hərəkət etmək olmaz və xüsusilə də vətən üçün nə isə etmək istəyən, yeni başlayan vətənpərvərlər üçün, Azərbaycan mətbuatını gündəlik oxumaq, təhlillər etmək, tarixi öyrənmək lazımdır. Yalnız bundan sonra siz təşviqat mexanizmini öyrənəcək, vətən naminə çalışa bilərsiniz. Bunun üçün universitetlərdən başlamaq olar. Orada Azərbaycan axşamları keçirmək, ölkənin yerli və əsl sakinlərini dəvət etmək və bizim ölkə ilə tanış etmək olar. Onlar Azərbaycanla tanış olduqdan sonra öz ağrımız və Ermənistan tərəfindən torpaqlarımızın işğalı haqqında danışmaq olar. Bunu tədricən etmək lazımdır, yalnız onlarla dost olduqdan sonra. Bir çoxlarının səhvi ondan ibarətdir ki, onlar dərhal siyasət haqqında danışmağa cəhd edir və bu, bəzən insanları qorxudur. Buna görə də Azərbaycan mədəniyyəti, mətbəxi, musiqisi axşamları keçirmək və yalnız etimadı qazanmaqla Qarabağ haqqında danışmaq olar.
-Estoniyada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası, seçkili orqanlarda iştirakı hansı səviyyədədir?
- Bu gün azərbaycanlılar Avropa cəmiyyətinə inteqrasiya edirlər və bu bizi olduqca sevindirir. Bizim gənclər günbəgün dəyişir. Çünki əksəriyyətinin ünsiyyət çevrəsi yerli estonlar və ruslardır Onlarla bizim olduqca gözəl və dost münasibətlərimiz var. Bizim diaspora seçkilərdə iştirak edir, səs hüququna malikdir və Estoniyada baş verən bütün proseslərdə iştirak edirlər. Bir daha qeyd etmək istərdim ki, tezliklə Azərbaycanda prezident seçkiləridir və hər şeydən əlavə Azərbaycan əleyhinə məqalə və çıxışlar gözləmək olar. Çünki erməni lobbisi boş-boşuna dayanmayıb və hər dəfə onlardan müxtəlif səpkili əclaflıqlar gözləmək olar. Biz əlbəttə ki, İlham Əliyevdən başqa digər namizədi görmürük və böyük məmuniyyətlə Prezident İlham Əliyevi seçkilərdə qalib kimi görmək istəyirik. Buna görə də sosial şəbəkələrdə hər gün müxtəlif qruplarda İlham Əliyevi dəstələmək üçün təşviqatla məşğul oluruq. Çünki bu şəxs ümummilli lider Heydər Əliyevin yolunu davam etdirir, xalq arasında hörmət və etimada malikdir. Buna görə də mən çox əminəm ki, Azərbaycan vətəndaşlarının çoxu İlham Əliyevə səs verəcəklər. Çünki bu günkü Azərbaycan Heydər Əliyev və onun əməyinin nəticəsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir