”Azərbaycanlılar Danimarkanın ictimai siyasi həyatında fəal iştirak edirlər”

Səfər Sadiqi: ”Çalışmışıq ki, Danimarkada və xüsusilə Kopenhagendə yaşayan bütün azərbaycanlıları öz təşkilatımızda birləşdirək”

" Demək olar ki, buna artıq nail olmuşuq"

Avropa məkanında uğurlu və məqsədyönlü şəkildə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də "Vətən" Cəmiyyətidir. 2007-ci ilin fevral ayından Hillerod şəhərində fəaliyyətə başlayan "Vətən" Cəmiyyətinin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. Həmçinin, Azərbaycan xalqının başına gətirilən bəlalar, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalı, 1 milyon insanın qaçqın və məcburu  köçkün həyatı yaşamaq məcburiyyətində qalması,  Dağlıq  Qarabağ  münaqişəsinin nizamlanması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilən 4 qətnamənin tələblərinin ermənilərin yerinə yetirməməsi barədə danimarkalıların məlumatlandırılmasıdır. Onu da qeyd etmək yerinə düşər ki, cəmiyyət 6 illik fəaliyyəti dövründə qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsi, xüsusilə Azərbaycanın bu Avropa ölkəsində təbliği istiqamətində xeyli işlər görüb. "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi də "OLAYLAR"-a verdiyi müsahibədə rəhbərlik etdiyi təşkilatın bu günə qədər gördüyü işlər, üzləşdiyi problemlər, eləcə də qarşıya qoyulan yeni-yeni vəzifələr barədə danışıb. Səfər Sadiqi Danimarkadakı Azərbaycan diasporunun vəziyyəti, burada yaşayan soydaşlarımızın Danimarkanın ictimai-siyasi həyatına inteqrasiyası istiqamətindəki fəaliyyətlərinə də toxunub.

-Səfər bəy, Türkdilli Ölkələrin Diaspor Təşkilatlarının Bakı Forumunda qəbul edilən qərarların icrası istiqamətində, eləcə də Danimarkadakı digər türkdilli xalqların diasporları ilə əlaqələrin qurulması istiqamətində "Vətən" Cəmiyyəti olaraq hansı addımlar atır, tədbirlər görürsünüz?

-Turkdilli Ölkələrin Diaspora Təşkilatlarının Baki Forumu artıq öz müsbət nəticələrini verib. Biz forumda qırğız, qazax diaspora nümayəndələri ilə yaxından tanış olduq.  Forum zamanı  onların iş təcrübəsi ilə maraqlandıq, həmçinin Danimarkadakı  fəaliyyətimiz barədə onlara məlumat verdik. Onların köməkliyi ilə Avropada olan qırğız və qazax diaspora nümayəndələri ilə əlaqə qurmağa çalışırıq.  Bizim cəmiyyət təxminən iki il öncə  Danimarkada Türk dilli cəmiyyətlərin birliyini yaratmaq təşəbbüsü ilə çıxış edib. Yaxın vaxtlarda Türkdilli cəmiyyətlərin təsis konfransını keçirməyi qarşımıza məqsəd qoymuşuq.

-"Vətən" Cəmiyyəti olaraq sizin digər diaspor təşkilatları ilə əlaqələriniz hansı səviyyədədir?

-Danimarkada fəaliyyət göstərən cəmiyyətlərlə sıx əlaqəmiz var.   Danimarka Türk Federasiyası, Türkmən Konqresi, Uyğur Cəmiyyəti ilə birgə tədbirlər təşkil edirik. Həmçinin bizim təşkil etdiyimiz 20 yanvar, Xocalı soyqırımı və Qarabağın işğalı ilə bağlı etiraz mitinqlərimizdə bizə dəstək olurlar.  Qonşu İsveçdən Xəzər Cəmiyyəti ilə əlaqəmiz daha da möhkəmdi. Onların təşkil etdiyi bir çox tədbirlərdə iştirak edir, onlarla birlikdə layihələr hazırlayıb həyata keçiririk.  Bundan başqa çecen və gürcü cəmiyyətləri ilə də əlaqə saxlayırıq. Bu da bizim cəmiyyətimizin fəallığının göstəricisidir.

-Danimarkada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyası qaneedici sayıla bilərmi?

-"Vətən" Cəmiyyəti olaraq Danimarkada artıq 2007-ci ildən fəaliyyət göstəririk. Bu müddətdə çalışmışıq ki, Danimarkada və xüsusilə Kopenhagendə yaşayan bütün azərbaycanlıları öz təşkilatımızda birləşdirək. Demək olar ki, buna artıq nail olmuşuq. Sevindirici haldır ki,  gənclərimiz  Danimarkanın ictimai həyatında fəal iştirak edirlər. Gənclərimiz hamısı təhsil müəssisələrində oxuyur, öz biliklərini artırır və istədikləri sənətə sahib olurlar. Həmçinin Danimarka Ordusunda xidmət edirlər.  Danimarkada yaşayan azərbaycanlılar artıq Danimarka ictimaiyyətində aktiv rol oynayırlar.  Azərbaycanlılar arasında iş adamları, kompyüter və proqramlaşdırma üzrə mütəxəssislər, rəssam, dizayner, maliyyə sahəsi üzrə mütəxəssislər və həkimlərimizi xüsusi qeyd etmək istərdim.  Bu baxımdan Glostrup Hospitalının və Kopenhagen Universitetinin professoru Mesud Aşinanı  göstərmək olar. Cəmiyyətimizin İdarə Heyətinin üzvü Mehriban Əliyeva və mən Danimarkada iqtidarda olan Sosial Demokrat Pariyasının üzvüyük.  Ümumiyyətlə azərbaycanlılar Danimarkanın ictimai siyasi həyatında fəal iştirak edirlər. Bu da soydaşlarımızın Danimarka ictimayyətinə inteqrasiyasının müsbət nəticəsidir.

-Ötən müddət ərzində Danimarkada fəaliyyət göstərən Azərbaycan diasporu daxilində nə kimi müsbət dəyişikliklər baş verib?

-"Vətən" Cəmiyyətinin təşəbbüsü və   Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kopenhagendə  ilk dəfə "Azərbaycan Evi" fəaliyyətə başladı.  "Azərbaycan Evi"nin nəzdində həftə sonu "Ana dili məktəbi" açılıb. Bununla yanaşı gələcəkdə musiqi və şahmat məktəblərinin açılması nəzərdə tutulub. Kopenhagendə  "Ana dili məktəbi"nin  açılması Danimarkada anadan olmuş uşaqların öz dillərində yazıb, oxuması, öz tarixini və mədəniyyətini bilməkdə əsas rol oynayacaqdır. Bu da gənclərimizə vətənləri Azərbaycan barədə danimarkalıların suallarına  ətraflı cavab verməyə imkan yaradacaq.

-"Vətən" Cəmiyyətinin yaxin vaxtlar və gələcəkdə  nəzərdə tutduğu tədbirlər hansılardır?

-"Vətən" Cəmiyyəti hər zaman Azərbaycanı tanıtmaq məqsədi ilə bir çox tədbirlər keçirir. Ən son tədbirimiz, Ramazan ayında Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evi"ndə  iftar süfrəsi acmağımiz oldu. İftar süfrəsində azərbaycanlılarla yanaşı, danimarkalılar, türklər, türkmənlər və uyğurlar da iştirak edirdilər. Havaların isti keçməsini nəzərə alaraq dəniz sahilində pikniklər təşkil edirik. Gələn aydan isə "Cirtdan " uşaq studiyasi öz fəaliyyətinə başlayacaq.  Hər il oldugu kimi 20 yanvar, Xocalı faciəsi,  Novruz bayramı, Respublika Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Yeni il bayramını keçiririk. Gələcəkdə Danimarka Parlamentində "Xocalı soyqırımı"nı  müzakirəyə cixarmağı qarşımıza məqsəd qoymuşuq. Bunun çox da asan bir iş olmadığını bilirik. İstərdim ki,  Azərbaycan diasporasi bu istiqamətdə güclərini birləşdirib, fəaliyyət göstərdikləri ölkənin parlament səviyyəsində Xocalı soyqrımını  müzakirəyə çıxara bilsinlər.

-"Vətən" Cəmiyyəti Azərbaycan mədəniyyətinin təbliği sahəsində Danimarkada nə kimi işlər görür?

-Düzünü deyim ki, siz bizim yaralı yerimizə toxundunuz.  Azərbaycan mədəniyyətini biz əsasən  Novruz  bayramında, Kopenhagen bələdiyyəsinin təşkil etdiyi "Inteqrasiya Gün"ündə  və başqa tədbirlərdə təbliğ etməyə çalışırıq. Yaralı yerimiz Azərbaycandan müğənnilər dəvət edə bilməməyimizdi.  Amma hər bir imkandan istifadə etməyə çalışırıq. Azərbaycanın xalq artisti  Mənsum Ibrahimovun  başçılığı ilə  " Qarabağ " qrupu Danimarkada təşkil olunmuş " Womex " festivalında iştirak edirdi.  Bu fürsətdən  istifadə edib Kopenhagendə Mənsum Ibrahimov və "Qarabağ " qrupunun konsertini  təşkil etdik. Konsert danimarkalıları heyran qoymuşdu. Danimarkalı jurnalist sevincini Azərbaycan bayrağını öpməklə bildirdi. Cəmiyyətimizin maliyyə imkanının zəif olmasından Azərbaycandan müğənniləri dəvət edə bilmirik.  Bundan başqa Azərbaycanın milli paltarlarına ehtiyacımız böyükdü. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində görüşdə olub bununla bağlı müraciət etmişəm. Çox təssuflər olsun ki, bu məsələdə Mədəniyyət və Turizm Nazirliyindən müsbət cavab  ala bilməmişəm.  Bu il Kopenhagen Bələdiyyəsinin  təşkil etdiyi "Inteqrasiya Gunu"ndə ermənilər oz milli paltarlarında çıxış etdilər.  Bizim uşaqlar isə öz adi paltarlarında səhnəyə çıxdılar. İndi özünüz deyin,  danimarkalıların marağına və diqqətinə nə ilə nail olmaq olar?  Adi paltarlarla, yoxsa milli geyimlərlə? Ümumiyyətlə Vətən Cəmiyyətinin fəaliyyəti zamanı Mədəniyyət və Turizm Nazirliyindən bir dəfə də olsun Azərbaycanın təbliği üçün heç bir köməklik almamışıq. Ümid edirik ki, sizin qəzet vasitəsilə Mədəniyyət və Turizm Nazirliyi bu nöqsanı aradan qaldırar.

- Hazırda Kopenhagendə fəaliyyət göstərən "Ana dili məktəbi"nin   fəaliyyəti, onun əyani  vəsaitlərlə təminatı hansı səviyyədədir?

-Əvəla onu qeyd edim ki, Kopenhagendə fəaliyyət göstərən "Azərbaycan Evi"nin  nəzdində "Ana dili məktəbi"nin  açılışı Danimarkada yaşayan azərbaycanlıların sevincinə səbəb olub. "Ana dili məktəbi"ndə şagirdlər üçün   birinci sinifdən,  onuncu sinifə qədər  bütün kitablar və əlavə olaraq on səkkiz cilddə uşaq ensklopediyası Azərbaycan Təhsil Nazirliyi tərəfindən Vətən Cəmiyyətinə hədiyyə olunub. İngiltərədə fəaliyyət göstərən Azərbaycan səfirliyi tərəfindən isə "Ana dili məktəbi"nə uşaqların istifadəsi üçün iki kompyüter və bir printer bağışlanıb.  "Azərbaycan Evi"nin  fəaliyyəti üçün Azərbaycan Diasporla Iş üzrə Dövlət Komitəsindən hər zaman dəstək alırıq. Ümumiyyətlə uşaqlarımızın həftə sonu məktəbində təhsil alması qçqn hər bir şəraitimiz var. Bu şəraiti bizlər üçün yaratdıqlarına görə Azərbaycan dövlətinə minnətdarıq.  Bu da heç şübhəsiz ki, gələcəkdə  Azərbaycanın tarixini, mədəniyyətini və torpaqlarının işğala məruz qaldığını təbliğ etməkdə bizi ruhlandırır. Eyni zamanda biz bununla arxamızda güclü bir ölkənin olduğunu hiss edirik.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31