İsveç Azərbaycanlıları Konqresinin diaspor fəaliyyəti uğurlu nəticələr verir
26 İyul 2013 17:06 DiasporaÇoxsaylı Azərbaycan diaspor təşkilatlarının fəaliyyət göstərdiyi Avropa ölkələrindən biri də İsveçdir. Əvvəla onu qeyd etmək yerinə düşər ki, İsveçdə yaşayan soydaşlarımızın təqribi sayı 30 min nəfərə çatır. Tarixə nəzər saldıqda aydın olur ki, Azərbaycandan İsveçə mühacirət XIX əsrin sonu - XX əsrin əvvəllərindən başlayıb. Əsasən Cənubi Azərbaycandan bu ölkəyə köçən azərbaycanlılar artıq XX əsrin ortalarında burada icmalarını yarada biliblər. Hazırda çoxsaylı media orqanları və təşkilatlarının fəaliyyət göstərdiyi İsveçdə soydaşlarımız fəal təbliğat işi apara bilirlər. İsveçdə Azərbaycanla bağlı bir çox tarixi sənədlərə və məlumatlara rast gəlmək mümkündür. Xüsusilə, Upsala Universitetində Azərbaycan ədəbiyyatı, folkloru və tarixinə aid onlarla sənəd və material var. Azərbaycanlılar İsveçin bir cox şəhərlərində məskunlaşıblar. İsveçin "Gundəlik xəbərlər" qəzetində verilən məlumata gorə, təkcə 2002-2003-cu illərdə İsveç vətəndaşlığına 1000-dən cox azərbaycanlı daxil olub. İsveçdə əsasən cənubi azərbaycanlılar çoxluq təşkil edir. Onların əksəriyyəti 20 ildən çoxdur İsveçdə yaşayır və bu ölkənin cəmiyyətinə artıq uyğunlaşıb. Azərbaycan Respublikasından olan miqrantlar, əsasən, son illər ərzində İsveçə mühacirət ediblər. Azərbaycanın dəstəyinə ehtiyaclarını gizlətməyən İsveç azərbaycanlıları informasiya sahəsində bir qədər fəaldırlar. "Tribun", "Varlıq", "Azərbaycan", "Araz" və sairə qəzet və jurnallar nəşr edirlər. Həmçinin İsveç Parlamentində "Azərbaycan dostları" qrupu mövcuddur. Xocalı faciəsinin 17- ci il dönümündə Manaf Səbabinin təşəbbüsü ilə İsveç parlamentinin uç nəfər üzvü Azərbaycanda səfərdə olmuşdu. Onlar Xocalı faciəsinin nəticələri ilə, yurd-yuvalarından didərgin duşmuş qaçqın və məcburi köçkünlərin qeyri-insani yaşayış şəraitləri ilə tanış olub, bütün bunlar haqqında İsveç və Avropa parlamentlərində məsələ qaldıracaqlarını bildiriblər.
Bu gün Isveçdə uğurlu fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri də İsveç Azərbaycanlıları Konqresidir. Məlumat üçün qeyd edək ki, İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı 2010-cu ilin iyununda İsveçin paytaxtı Stokholm şəhərində keçirilib.Tədbir "Radisson Blue Royal Viking" otelinin konfrans salonunda 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə baş tutub. İsveç Krallığında fəaliyyət göstərən bir neçə diaspor təşkilatının bu qurumu yaratmaqda məqsədi Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaqdan ibarət olub. Eyni zamanda vahid diaspor təşkilatı bu yolla Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemləri birlikdə çözmək istədiyini bildirib. Konqresin təsis qurultayında Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Rafael İbrahimov, Türkiyə və Gürcüstanın bu ölkədəki səfirliklərinin nümayəndələri, İsveç Türk Federasiyasının təmsilçiləri, İsveç Krallığının milli azlıqlarla İş üzrə dövlət qurumunun nümayəndəsi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, İsveç Türk Federasiyasının sədri Hesen Dölek, İsveç milli azlıqlarla İş üzrə dövlət qurumunun məsul işçisi Janne Holstrom da çıxış ediblər. Qurultayda Emil Mirzəyev İsveç Azərbaycanlıları Konqresinin sədri seçilib.
Yarandığı gündən Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti barədə aktiv işlər görən İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Şərqi Avropada "dondurulmuş" münaqişələrə həsr edilmiş seminarda iştirak ediblər. Müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi olaraq toxunulub. Seminar İsveç beynəlxalq tədqiqatlar institutu tərəfindən təşkil olunub. Tədbirin aparıcı qonaqları qismində insan haqları üzrə keçmiş Avropa Komissarı Tomas Hammerberq, İsveçin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya məsələləri üzrə şöbəsinin müdiri Martin Haqstrem və digərləri iştirak ediblər. Seminarda çıxış edən Martin Haqstrem bildirib ki, İsveç beynəlxalq hüquq normalarından irəli gələrək Şərqi Avropada, işğal edilmiş Azərbaycan torpaqlarındakı qondarma "respublikanı" tanımır. O, həmçinin, bildirib ki, çoxtərəfli "Şərq əməkdaşlığı" layihəsi Azərbaycanla Ermənistan arasında dialoqun qurulmasına töhfəsini verə bilər. Seminarın gedişatında İsveç Azərbaycanlıları Konqresi İsveç beynəlxalq münasibətlər institutunun nəşr etdirdiyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş məqalənin də yer aldığı jurnalla bağlı mövqe ortaya qoyublar. Belə ki, məqalə müəllifi Cənubi Qafqazdakı siyasi prosesləri təsvir etməklə, Dağlıq Qarabağı "xristian Ermənistanın tarixi ərazisi" kimi göstərib. Bu səbəbdən də etirazını bildirən İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri bu kobud səhvlə bağlı təcili addımların atılmasını tələb ediblər. İsveç beynəlxalq münasibətlər institutunun nümayəndələri də öz növbəsində səhvə görə, üzrxahlıq ediblər və tezliklə mövcud məqaləyə dəyişiklik ediləcəyinə söz veriblər.
Bundan başqa İsveç Azərbaycanlıları Konqresi Ermənistan prezidenti Serj Sarkisyanın işğalçı xarakterli fikirlərinə etiraz bildirən bəyanat yayıb. Qurumun üzvləri BMT-ni, ATƏT-i və beynəlxalq vasitəçiləri Ermənistan rəhbərinin bu fikirlərinə kəskin etiraz bildirməyə çağırıblar. Bildirilib ki, Serj Sarkisyanın bəyanatı erməni gəncliyinin yeni nəslində qonşu ölkələrə qarşı nifrətin formalaşmasına xidmət edir və dövlət xadiminə yaraşmayan bir hərəkətdir. ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin davam etdirilməsinə səy göstərdiyi bir vaxtda belə bir bəyanatın səslənməsi Ermənistanın məqsədyönlü şəkildə ATƏT-in Minsk qrupunun səylərinə əngəl törətməyə cəhd etdiyini göstərir. Bəyanatda deyilir ki, biz Azərbaycan və Türkiyə hökumətlərinin xalqların bir-biri ilə sülh şəraitində yaşamağı öyrənməli olmasına dair rəsmi mövqelərini dəstəkləyir və hesab edirik ki, gələcək nəsillərdə də bu ideyanı tərbiyə etmək gərəkdir. Konqres həmçinin beynəlxalq vasitəçiləri Serj Sarkisyanın bəyanatına qarşı etiraz notası ilə çıxış etməyə və Ermənistan rəhbərliyini gələcəkdə bu cür çıxışlardan çəkindirməyə səsləyibdir. Bəyanatda həmçinin BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, NATO, Avropa Parlamenti, İslam Konfransı Təşkilatının Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları və Ermənistanın özünün hərbi qüvvələrini işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın digər 7 rayonunda çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyi qeyd olunur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin diqqətlə izlədiyini qeyd edən İsveç Azərbaycanlıları Konqresi Serj Sarkisyanın bəyanatının Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Federasiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Kazanda keçirilən görüşündən bir ay sonra verilməsindən narahatlığını ifadə edir. İsveç Azərbaycanlıları Konqresi hesab edir ki, Ermənistanın dövlət başçısının bu cür sərt bəyanatları bu ölkə rəhbərliyinin Azərbaycan torpaqlarının işğalı siyasətinə sadiq qaldığını və gələcəkdə Türkiyə Respublikasına qarşı da ərazi iddiaları irəli sürmək niyyətində olduğunu nümayiş etdirir. İsveç Azərbaycanlıları Konqresi Serj Sarkisyanın erməni gənclərini qonşu xalqlara qarşı yeni cinayətlərə və təcavüz aksiyalarına ruhlandırmasından və beynəlxalq norma və prinsiplərin ziddinə olaraq regionda yeni işğal aktlarına səsləməsindən narahatdır.
İsveç Azərbaycanlıları Konqresi İsveç İctimai Radiosuna və İsveç Miqrasiya Xidmətinə də rəsmi məktub göndərərək Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və saxtalaşdırılmış material haqqında etirazını ifadə edib. Məlumat üçün qeyd edək ki, sözügedən materialda İsveçdən siyasi sığınacaq istəyən erməni ailəsi haqqında danışılıb. Lakin İsveç Miqrasiya Xidməti onu yaşayış yeri ilə təmin etməkdən imtina etdiyinə görə bu ailə ölkəni tərk etməlidir. İsveçin erməni diasporunu nümayəndəsi İsveç İctimai Radiosuna müsahibəsində iddia edib ki, Azərbaycana deportasiya olunacağı halda ailə məhv olunacaq. Materialda həmçinin erməni əhalisinin qırılması və Azərbaycandakı etnik təmizləmə barədə iftira yer alıb. İsveç Azərbaycanlıları Konqresi İsveç İctimai Radiosuna müraciət edərək buraxılan kobud səhvin dərhal düzəldilməsini və bu materialın aşkar antiazərbaycan xarakterinin göstərilməsini tələb edib. "Biz əminik ki, nə material müəllifi, nə də erməni diasporu göstərdikləri kobud antiazərbaycan təbliğatını əks etdirən faktları sübut edə biləcəklər", İsveç Azərbaycanlıları Konqresi yol verilən səhvin dərhal süzəldilməsini və təkzib verilməsini tələb edib.İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri konqresin sədri Emil Mirzoyev və Elyar Məhərrəmovun rəhbərliyi altında Riksdaqda "20 Yanvar" və "Xocalı Soyqırımı"nın 20 illiyinə həsr olunan görüş keçiriblər. Görüş zamanı İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri Avropa siyasətçiləri daxil olmaqla yanaşı dünya birliyinin də 1992-ci il 25-26 fevral tarixlərində ermənilərin dinc Azərbaycan əhalisinə qarşı törətdikləri hadisələrə qarşı biganə qalmaması və onların bu hadisələri soyqırımı kimi tanımasının zəruriliyini vurğulayıblar. Bundan başqa, İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri İsveç parlamentinin nümayəndələrinə Azərbaycanın müasir tarixindən, onun gənc müstəqil dövlət olmasından və əldə etdiyi uğurlardan danışıblar. İsveç Azərbaycanlıları Konqresinin nümayəndələri həmçinin mart ayında Riksdaqda müzakirə olunacaq Dağlıq Qarabağ münaqişəsinə dair qətnamənin əhəmiyyətindən, onun Avropa siyasətinə və iki ölkə arasındakı münasibətlərin sülh yolu ilə həll olunmasına təkan verə biləcək bir qətnamə olduğunu vurğulayıblar. Konqres hesab edir ki, İsveç parlamenti beynəlxalq münaqişələrdə öz neytrallığı, obyektivliyi ilə hər zaman fərqləndiyinə görə danışıqlar prosesində daha aktiv iştirak etməli, BMT-nin və Avropa Parlamentinin qətnamələrini yerinə yetirməsi üçün Ermənistana daha çox təsir göstərməlidir. Rikstaq nümayəndəsi münaqişəyə dair ətraflı məlumat verdiklərinə görə İsveç Azərbaycanlıları Konqresinin nümayəndələrinə təşəkkür edib və bildirmişdir ki, bu kimi informasiyanın çatdırılması siyasətçilərin regionda baş verən qarşıdurmalardan xəbərdar olmalarında mühüm rol oynayır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir