“Bütün Azərbaycan diasporunun birləşib birgə fəaliyyət göstərməsi daha effektli nəticələr verə bilər”
Elxan İsazadə: “Ümid edirəm ki, bu bütövləşməyə, bütün diasporumuzun birgə irəliləməsinə tezliklə nail olacağıq”
25 İyul 2013 18:37 DiasporaSon illər Azərbaycan diasporunun ən aktiv şəkildə fəaliyyət göstərdiyi və müəyyən mənada uğur əldə etdiyi Avropa ölkələrindən biri də Hollandiyadır. Belə ki, Haaqa şəhərində Xocalı soyqırımına dair abidənin ucaldılması, bu ölkə parlamentində Xocalı soyqırımının tanıdılması məqsədilə edilən cəhdlər, eləcə də Azərbaycana qarşı nəzərdə tutulan erməni təxribatlarının qarşısının vaxtında effektivliklə alınması Hollandiyadakı Azərbaycan diasporunun gücünün və aktiv fəaliyyətinin göstəricisidir. Həm Benilüks Azərbaycanlıları Konqresi, həm də ayrı-ayrı diaspor təşkilatlarımız zaman-zaman Hollandiyada Azərbaycanın tanıdılması, zəngin tarixi-mədəni irsimiizin təbliği, eləcə də ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif tədbirlər, layihələr həyata keçirilər ki, həmin tədbirlərdə bu ölkədə yaşayan soydaşlarımız da yaxından iştirak edirlər. Sevindirici hal ondan ibarətdir ki, Hollandiyada, ümumiyyətlə Benilüks ölkələrində mövcud olan Azərbaycan diaspor təşkilatları ildən-ilə fəallıqlarını daha da artırır, Azərbaycanın tabliği, üzləşdiyimiz problemlərin bu ölkə ictimaiyyətinə çatdırılmasında daha effektli və nəticə verən layihələrə imza atırlar. Bu gün Hollandiyada uğurla fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətidir. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyəti yarandığı gündən qarşısına bir çox mühüm vəzifələr qoyub ki, həmin vəzifələrin icrası istiqamətində də müntəzəm olaraq iş aparılır. Təşkilat fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının tanıdılması üçün müxtəlif tədbirlər həyata keçirib. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Elxan İsazadə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, qarşısına qoyduğu hədəflər, eləcə də Hollandiyadakı Azərbaycan diasporunun vəziyyəti barədə danışıb.
-Elxan müəllim, Hollandiyada Azərbaycan diasporunun vəziyyəti hansı səviyyədədir və bu ölkədəki Azərbaycan diasporunda həmrəylik varmı ?
- Əvvəla onu qeyd etmək istərdim ki, diaspor fəaliyyətində milli və dövlət maraqları vahiddir və belə də olmalıdır. Hesab edirəm ki, Hollandiyadakı Azərbaycan diaspor təşkilatları da bu sahədə vahid mövqedən çıxış edir. Təşkilatların nizamnamələrində yaranmış fərqlər isə yalnız həmin təşkilatların fəaliyyət strukturu və yaxud tədbirlərin mözvusu ilə bağlıdır. Əlbəttə ki, necə deyərlər: "Birlikdən güc doğar". Fəaliyyət göstərən hər bir diasporumuz, onsuz da eyni ideya yolunda mübarizə aparır, Amma onu da etiraf etmək lazımdır ki, bu gün bütün Azərbaycan diasporunun birləşib birgə fəaliyyət göstərməsi daha effektli nəticələr verə bilər. Ümid edirəm ki, bu bütövləşməyə, bütün diasporumuzun birgə irəliləməsinə tezliklə nail olacağıq.
-Bəs siz özünüz bir cəmiyyət olaraq Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Biz Hollandiya-Azərbaycan həmrəyliyini gücləndirmək üçün, artıq neçə illərdir ki, burada yaşayan azərbaycanlılarla işlər görürük. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin xətti ilə 26 fevral Xocalı soyqırımının ildönümü burada müxtəlif tədbirlərlə qeyd olunur. Eləcə də, xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək səviyyədə qeyd olunması, artıq ənənə halını alıb. Cəmiyyətimizin xətti ilə burada təşkil olunan müxtəlif mövzularda müzakirələr Holland ictimaiyyətinin marağına səbəb olur. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta tezislər burada yaşayan azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılır. Xüsusilə biz çalışırıq ki, bu cür tədbirlərdə Holland ictimaiyyəti ilə bərabər, burada yaşayan digər millətlərin, Holland rəsmilərinin, türk diaspor təşkilatlarının nümayəndələrini də cəlb edək. Hollandiya-Azərbaycan münasibətlərinin inkişafında Hollandiyada yaşayan, təhsil alan, işləyən hər bir azərbaycanlı böyük rol oynayır və bu munasibətlərin inkişafı üçün hansısa qurumun, təşkilatın məsul vəzifəli şəxsi olmaq mütləq bir şərt deyil, Millətini, dövlətini sevən hər bir azərbaycanlı Azərbaycandan kənarda diaspor məsuliyyəti daşıyır. İstər yaşadığı məhəllədə, istər işlədiyi müəssisədə, istərsə dəoxuduğu məktəbdə. O, hər bir hərəkətində Azərbaycanımızı təbliğ etdiyini unutmamalıdır və buna layiq olmalıdır.
- Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyəti olaraq bu ölkədə fəaliyyət göstərən digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyəti Avropadakı Azərbaycan və türk cəmiyyətlərinin hər biri ilə əlaqədə olur, əməkdaşlıq edir. Xüsusilə, bu funksiyanı bizim buradakı gənclərimiz həyata keçirirlər. Onların daha gənc olmalarına baxmayaraq, qısa bir müddətdə diaspor xəttində böyük nailiyyətlər əldə ediblər. Artıq bu gənclər "Hollandiyadakı Azərbaycanlı Gənclər" adlı təşkilat yaradıb və hal-hazırda öz fəaliyyətlərini davam etdirirlər.
-Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və ermənilərin işğalçılıq siyasətinin Hollandiya ictimaiyyətinə çatdırılmasında nə kimi işlər görürsünüz?
- Etiraf etmək lazımdır ki, təbliğat müharibəsində Azərbaycan günü-gündən güclənir. Eyni zamanda diaspor ilə iş Azərbaycan dövlətinin mühüm amillərindən birinə çevrilir. Dünyanın bir sıra ölkələri və əksər beynəlxalq təşkilatlar Azərbaycanın xeyrinə, artıq qərarlar qəbul edirlər. Həmçinin dünyanın ən inkişaf etmiş ölkələrində Azərbaycan həqiqətləri ilə bağlı işlər aparılır. Bu halda erməni irticasının görəcəyi iş tarixən sınaqdan keçirdikləri terror, dağıdıcılıq işləridir. Təbii ki, biz təbliğat müharibəsinə ermənilərdən gec qoşulduğumuz üçün bu sahədə bəzi çətinliklər yaşansa da, tam əminliklə deyə bilərəm ki, artıq Dağlıq Qarabağ məsələsi haqqında burada çox sistemli və ciddi işlər aparılır. Azərbaycan həqiqətlərini Hollandiya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilir və bilavasitə Qarabağ məsələsi və erməni vəhşiliyi bu tanıtımın ön planındadır. Azərbaycan diasporu olaraq Xocalı soyqırımını ilə bağlı Hollandiyadakı beynəlxalq insan haqları və başqa beynəlxalq qurumlara öz müraciətimizi bildirmişik və onlardan cavab istəyirik. Hər il bu soyqırımı ilə bağlı etirazlar, mərasimlər keçiririk.
- Demok olarmı ki, Hollandiyada Azərbaycanı lazımınca tanıda bilirsiniz?
- Çox təəssüf ki, Azərbaycan uzun illər Sovet Rusiyasının ideoloji məngənəsində sıxılaraq öz gerçək kimliyini lazımi qədər dünya ictimaiyyətinə tanıda bilməyib. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra qarşısında duran ən mühüm məsələlərdən biri kimi, ölkəmizin bütün yönü ilə tanıdılması məsələsi olub. Təbii ki, bu məsələdə sadə vətəndaşdan tutmuş, məsul şəxslərə qədər hər kəsin üzərinə düşən milli vətəndaşlıq təəssübkeşliyi mühüm rol oynamalıdır. Hesab edirəm ki, Azərbaycanın istər son illərdə həyata keçirdiyi sistemli diaspor siyasəti, istərsə də dinamik iqtisadi inkişafı onun bir çox ölkələrdə, o cümlədən Avropanın aparıcı ölkələrindən olan Hollandiyada lazımınca tanınmasına və dəstəklənməsinə gətirib çıxara bilib. Lakin bu, bizi qane etməməlidir. Daha çox iş görməliyik.
-Hollandiyada təxminən nə qədər azərbaycanlı yaşayır və soydaşlarımız burada hansısa çətinliklərlə üzləşirmi?
- Azərbaycanlılar burada ciddi çətinliklərlə üzləşmirlər. Biz çalışırıq ki, azərbaycanlılar burada aparıcı, fəal qüvvə kimi təmsil olunsunlar və Hollandiyanın siyasi-ictimai və mədəni-sosial həyatında aktiv rol oynasınlar.
-Bəs Hollandiyada yaşayan azərbaycanlıların başlıca məşğuliyyəti nədən ibarətdir?
-Əvvəla onu qeyd edim ki, mən 2004-cü ilin sonlarında Hollandiyaya gəlmişəm. O zamandan bəri burada inşaat sektorunda mütəxəssis olaraq işləyirəm. İctimai fəaliyyət olaraq isə 2005-ci ildə Rotterdam şəhərində Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyini yaratmışıq və bu dərnəyin idarə heyətində fəaliyyət göstərmişəm. 2009-cu ildən isə bu təşkilatın sədri vəzifəsindəyəm.
-Hollandiyada fəaliyyət göstərən erməni diasporunun Azərbaycan diasporuna qarşı təzyiq imkanları varmı və sizə qarşı hansısa təxribatçı hərəkətlərə yol verilirmi?
- Bəli, bizim Azərbaycan-Hollandiya Həmrəylik Dərnəyinin binasına dəfələrlə basqın olub və soyğunçuluq halları baş verib. Cəmiyyətimizin ofisində bayraq, kompyüter, pul və başqa ləvazimatlar soyğunlar zamanı oğurlanıb. Hollandiya polisinə bu soyğunların ermənilər tərəfindən edildiyini sübut edə bilməsək də, yenə də öz şikayət və müraciətlərimizi etmişik. Məlumat üçün deyim ki, Benilüks ölkələrində Azərbaycanı təmsil edən özünəməxsus yeganə diaspor təşkilatı Azərbaycan-Hollandiya Dostluq Cəmiyyətidir. Təəssüf ki, bu gün biz binanın saxlanılmasında, maddi xərclərimizin ödənilməsində illərdir çox çətinlik çəkirik və hazırda bu çətinlikləri yaşayırıq. Cəmiyyətimizin maddi gəliri yoxdur və beş-on nəfər üzvlərimizin köməyilə ayaqda qalaraq fəaliyyətimizi davam etdiririk. Bizim cəmiyyətimiz Hollandiyada keçirilən tədbirlərin sayı və əhəmiyyətinə görə ciddi fəallıq göstərir. Ermənilərin saxta tezisləri ifşa olunur. Əlbəttə ki, ermənilər hər zaman tarixi Azərbaycan torpağı olan Qarabağın Ermənistana aid olmasını göstərmək üçün separatçı addımları dayanmadan həyata keçirirlər. Məsələn, abidələrimizi, bir çox hallarda isə islam-türk abidələrinin onlara aid olmasına dair həyasızcasına iddialar irəli sürürlər, milli mətbəximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı digər iddialar onlar üçün adi hal olsa da, bizim üçün ciddi məsuliyyət yaradır və biz bu cür saxta tezislərə qarşı dəfələrlə Haaqa Məhkəməsi və bələdiyyələr qarşısında etirazlarla çıxış etmişik. Holland rəsmilərinə bu iddiaların saxta olduğunu faktlarla isbat etməyə çalışmışıq.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir