Azərbaycan mədəni irsinin fəal təbliğatçıları-diaspor təşkilatları

Azərbaycanın mədəni irsinin, klassik ədəbiyyatımızın, folklorumuzun, musiqimizin təbliği ilə bağlı dünyanın müxtəlif ölkələrində zaman-zaman kütləvi tədbirlər təşkil olunur. Belə tədbirlərin təşkili və keçirilməsində həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları xüsusi fəallıq göstərirlər. Azərbaycan mədəniyyəti, klassik ədəbiyyatımızın təbliğində ayrı-ayrı ölkələrdə açılan "Azərbaycan Ev"lərinin də böyük rolu var. Belə ki, 2003-cü ilin may ayında Türkiyənin İzmir şəhərində "Azərbaycan Evi"nin açılışı olmuşdur.  "Azərbaycan Evi"ndə xalqımızın mədəni irsi, tarixi ənənələri, ictimai-siyasi və mədəni həyatı ilə bağlı kitablar klassik ədəbiyyatımızın ən sanballı nümunələri, qiymətli incəsənət əsərləri və digər eksponatlar nümayiş etdirilir. "Azərbaycan Evi"ndə Azərbaycan mədəniyyət abidələri ilə bağlı vəsaitlər, kasetlər, disklər saxlanılır və burada milli mədəniyyətimizin, adət-ənənələrimiz təbliğ olunur. Eyni vaxtda İzmir şəhəri yaxınlığında inşa edilməsi nəzərdə tutulan "Azərbaycan parkı"nın təməl daşının qoyulması mərasimi keçirilmişdir. Artıq bu park Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən parlaq nümunələrindən birinə çevrilib.
Burada  Azərbaycanın müxtəlif sahələrində şöhrət qazanmış mütəfəkkirlərinin büstləri, Azərbaycanın ərazisindəki qədim qalaların kiçik ölçülü modelləri, Azərbaycana dair rəsm və plakatların, tariximizi əks etdirən kitabların nüsxələrinin dəmir döymələri yerləşdirilib.  Parkın ərazisində Azərbaycana dair böyük bir sərgi salonu da inşa edilib.

2003-cü ilin may ayında  İzmir şəhərində keçirilən daha bir tədbir isə  "Azərbaycan diasporuna dövlət qayğısı" kitabının təqdimat mərasiminə həsr olmunmuşdur.   Tədbirdə Türkiyənin  və Azərbaycanın təmsilçiləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 20-dən artıq diaspor təşkilatının nümayəndələri və eləcə də xarici ölkələrdən bir sıra alimlər, tədqiqatçılar iştirak etmişlər. "Azərbaycan diasporuna dövlət qayğısı" kitabında  ümummilli lider Heydər Əliyevin 1993-cü ildən bəri Azərbaycan diaspor təşkilatları nümayəndələri ilə keçirdiyi görüşlər barədə materiallar xronoloji ardıcıllıqla toplanmışdır. Kitabda həmçinin 1993-cü ildən bəri diaspor fəaliyyətinə dair fərman və sərancamlar, qəbul edilmiş dövlət sənədləri, normativ aktlar da öz əksini tapmışdır. Dövlət quruculuğunun mühüm sahələrindən biri olan xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində  ümummilli liderimizn xidmətləri, fəaliyyəti, diaspor təşkilatları qarşısında qoyduğu məqsəd və vəzifələr kitabın əhatə etdiyi mövzular sırasındadır.  Kitabın təqdimat mərasimində Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarından olan Fətəli xan Xoyskinin nəvələri Leyla xanım Keykurun və İbrahim Xoyxana,  avstriyalı alim Erix Fayqla xatirə  hədiyyələri təqdim edilmişdir. Görkəmli alim, ermənilərin iç üzünü bütün dünyaya çatdıran sanballı tədqiqat əsərlərinin müəlifi məhrum Samuel Vimsin layiq görüldüyü mükafat   isə onun həyat yoldaşı Gülnur Uçqan-Vimsə göndərilmişdir. Almaniyanın Mayns şəhərində,  Türkiyənin  İzmir şəhərinin "Gündoğdu" meydanında,   Ankaranın "Bilkənd" otelində, Vaşinqtonun "Fermont" otelində,  Berlinin "Hilton" otelində, İsgəndərun, Ceyhan şəhərlərində və Hətay vilayətinin məşhur "Payas" qalasında açıq səma altında   Azərbaycan incəsənət ustalarının iştirakı ilə on minlərlə insanın qatıldığı böyük konsert proqramları təşkil edilmişdir. Mədəni irsimizin, incəsənətimizin, milli adət-ənənələrimizin, xalqımızın qəhramanlıq salnaməsinin  təbliği işində Azərbaycan icmalarının da rolu xüsusi qeyd olunmalıdır. Ötən müddətdə məhz onların fəal dəstəyi və təşəbbüskarlığı nəticəsində Moskvada tanınmış  alimi Kərim Kərimovun, maestro Niyazinin, görkəmli bəstəkar Fikrət Əmirovun, Rusiya Təhsil Akademiyasının müxbir üzvü Qədriyyə Səlimovanın, Azərbaycanın xalq artisi, Rusiya Federasiyasının əməkdar artisti, professor Tamilla Mahmudovanın və şairə Alla Axundovanın yubileyləri, İsveçin Höteborq  şəhərində "Babək" dərnəyinin təşkilatçılığı ilə "Füzüli festivalı" təntənəli şəkildə qeyd edilmişdir.

Ümumrusiya Azərbaycan Konqresinin Çuvaşiya regional təşkilatının təşəbbüsü ilə Çeboksarı şəhərində dahi şairimiz Nizami Gəncəvinin abidəsinin açılışı, Rusiyanın Ulan-Ude, ABŞ-ın Sent-Luis şəhərlərində, Brüsseldə "Azərbaycan günləri"nin keçirilməsi, Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Kişinyovda "Nizami" parkının salınması ideyasının dəstəklənməsi bu tədbirlər sırasındadır. Bundan başqa, ötən dövrdə Belçikada "Avropa Azərbaycanlıları Mərkəzi", Özbəkistanın Kaqan və Fərqanə şəhərlərində  "Azərbaycan Mədəniyyət Mərkəz"inin,  Almaniyanın Berlin və Ukraynanın Dneprepetrovsk şəhərlərində  "Azərbaycan evi",  Nizami Gəncəvi adına  Azərbaycan Mədəniyyət İnstitutunun  təşkilatçılığı ilə Almaniya-Azərbaycan Ticarət Palatası açılmışdır.

Azərbaycan dövlətinin milli bayramları da icma və birliklərimiz tərəfindən böyük təntənə ilə qeyd edilir.  İsveçin Stokholm şəhərindəki "Azərbaycan dərnəyi", İspaniyanın Torreviyexa şəhərindəki "Azəri" Cəmiyyəti, Helsinki şəhərindəki Finlandiya - Azərbaycan "Dostluq" Cəmiyyəti, Ukrayna Azərbaycanlıları Konqresi, Moldova Azərbaycanlıları Konqresi, Belarus Azərbaycan İcmaları Konqresi, "Dneprepetorsk Azərbaycanlılarının Liqası", Estoniyanın Tallin şəhərində "Aydan" Azərbaycan Mədəniyyət Mərkəzi, Litva Azərbaycanlıları cəmiyyəti, Latviya Azərbaycanılarının "Azəri" cəmiyyəti, "Azəri-Çex" cəmiyyəti, Xarkov şəhərində Ukrayna-Azərbaycan "Dostluq" cəmiyyətinin və digər ölkələrdəki diaspor təşkilatlarımız "Respublika Günü" və digər əlamətdar bayramlar münasibətilə xüsusi təntənəli tədbirlər keçirmişlər.

2004-ci ilin may ayında  Leninqradda yaşayan çoxsaylı həmyerlilərimizin iştirakı ilə Azərbaycanın nümayəndə heyəti və Rusiya rəsmləri ilə birgə II Dünya müharibəsi illərində Leninqradın müdafiəsində qəhrəmancasına həlak olmuş həmvətənərimizin xatirəsini əbədiləşdirmək üçün Piskarev qəbirstanlığında iztihamlı mitinq keçirilmiidir. Sankt-Peterburq şəhərində yaşayan soydaşlarımızın təşəbbüsü və  Piskarev memorial fondunun dəstəyi ilə həlak olmuş əsgərlərimizin xatirəsinə həsr edilmiş qranit lövhənin, mart ayında  "Ukrayna-Azərbaycan" Dostluq cəmiyyətinin təşəbbüsü ilə Xarkovdakı     Grizodubovlar adına şəhər Aviasiya və Kosmonavtika muzeyində Qarabağ müharibəsi zamanı  həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin 60-illiyinə həsr olunmuş sərginin, may ayında isə qəhrəmanın  vaxtı ilə yaşadığı küçədə xatirə lövhəsinin açılış mərasimləri  olmuşdur. Fərəhli haldır ki, Azərbaycanın Milli Qəhrəmanı V.Seryoginin xatirə lövhəsini "Ukrayna-Azərbaycan" Dostluq cəmiyyətinin idarə heyətinin üzvü, Ukraynanın əməkdar heykəltaraşı soydaşımız Seyfəddin Qurbanov şərq ornamentləri  ilə işləmişdir. 2004-cü ilin iyun ayında isə  Belorus Respublikasında Azərbaycanlıların "Xəzər" İctimai Birliyinin təşəbbüsü ilə  Mogilyov şəhərinin faşist işğalçılarından azad olunmasında iştirak etmiş briqada komandiri, Sovet İttifaqı Qəhramanı, həmyerlimiz polkovnik  Aslan Vəzirov adına küçədə onun xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir.                                                                                        

Londonda gənc şairə Nigar Həsənzadənin "Arazın o tayı, bu    tayı" mövzusunda yaradıcılıq gecəsi keçirilməsi müasir ədəbiyyatımızın təbliği sahəsində atılmış uğurlu addımlardan biri kimi yadda qalmışdır. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ukraynanın Xarkov şəhərində yaşayan 11 yaşlı istedadlı bəstəkar Rafail Səlimovun "Azəri Oğuz" adlı ilk albomu işıq üzü görmüşdür.

Qeyd olunan faktlar Azərbaycan mədəni irsinin, ədəbiyyatının, milli-mənəvi dəyərlərin təbliği sahəsində görülmüş işlərin ümumi mənzərəsini əks etdirir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31