Xarici ölkələrdə ana dilimizin qorunmasında diaspor təşkilatlarının rolu

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyət istiqamətlərində başlıca yer tutan sahələrdən biri də Azərbaycan dilinin qorunub saxlanılması, onun təbliğ edilməsidir. Bu baxımdan müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız müstəqillik illərindən etibarən Azərbaycan dilinin qorunub-saxlanması, həmin ölkələrdəki gənc nəslin öz ana dilini unutmamasına xüsusi diqqət yetiriblər. 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaranmasından sonra dilimizin qorunub saxlanılmasına, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin öz tarixi köklərinə mənəvi-psixoloji bağlılığının möhkəmləndirilməsinə də diqqətlə yanaşmağa başladı. Bu məqsədlə Azərbaycanlıların kompakt halında yaşadığı ərazilərdə ana dilimizin tədris olunduğu məktəblər açılır, onların dərs vəsaiti ilə təmin olunmasına diqqət yetirilir. Təhsil ocaqları arasında xaricdə yaşayan soydaşlarımızın övladlarına Azərbaycan dilini, mədəniyyətini, tarixini və ənənələrini tədris edən "bazar günü" məktəblərini qeyd etmək lazımdır.
Ukrayna Azərbaycanlıları Konqresi Ukraynanın müxtəlif bölgələrində 6, Ümumrusiya Azərbaycanlıları Konqresi 10, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyatının isə 8 belə məktəblərini təsis etmişdir. Qazaxıstanda 9, Özbəkistanda 2, Qırcızıstanda, Latviyada, Estoniya və Belorusda 1 belə məktəbin açılmasına nail olunmuşdur. Ötən dövr ərzində Qazaxıstanın Almatı, Astana, Karaqanda, Petrapavlovsk, Taldı-Kurqan, Qırğızıstanın Kant, İsveçin Stokholm, Höteborq, Almaniyanın Berlin, Essen, Moldovanın Kişinyov şəhərlərində yeni "Bazar günü" məktəbləri yaradılmışdır. Moskvada uzun illərdir ki, fəaliyyət göstərən 157 saylı etno-mədəni təmayüllü ümumtəhsil məktəbi burada yaşayan həmvətənlərimizin ana dilində təhsil almasına imkan yaratmaqla xaricdəki soydaşlarımızın milli dəyərlərimzə bağlılığının artırılmasına xidmət edən gözəl nümunəyə çevrilmişdir. Sevindirici haldır ki, bu tipli yeni, müstəqil məktəblərin açılışı istiqamətində hazırda Azərbaycan icma və birlikləri fəal iş aparırlar. Ümumrusiya Azərbaycan Konqresi belə məktəblərin sayının artırılmasına nail olmağa çalışır. Dünyanın bir sıra mötəbər təhsil ocaqlarında Azərbaycan dilinin tədrisi istiqamətində də mühüm işlər həyata keçirilmişdir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, Kiyev Milli Universitetində, Fransa Şərq Mədəniyyətləri və Dilləri İnstitutunda (İNALKO) və digər mötəbər elm-təhsil mərkəzlərində Azərbaycan dilini tədris edən xüsusi bölmələr fəaliyyət göstərir. Artıq xeyli müddətdir ki, Almaniya Azərbaycan Akademik Birliyi ilə Boxumdakı Rur Universitetinin rəhbərliyi arasında əldə edilmiş razılaşmaya əsasən burada Azərbaycan dili kursları açılmışdır. Qeyd edək ki, Almaniya Azərbaycan Akademik Birliyi öz vəsaiti hesabına Azərbaycan dilinin tədrisi məqsədilə müxtəlif kitablar alaraq Boxum, Essen, Nümberq, Hamburq, Mayns Universitetlərinin kitabxanalarına hədiyyə etmişdir.
Dilimizin təbliği və tədrisi sahəsində real irəliləyişlərə nail olmaq üçün xaricdəki ana dilli kurslarının Azərbaycan dilində bədii ədəbiyyatlarla, dərs vəsaitləri ilə, müxtəlif səpkili kitablarla təmin olunmasına Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatları, ictimai qurumlar, eləcə də dövlət orqanları da cəlb olunurlar. Belə ki, "Dirçəliş" Gənclərin Sosial-Psixoloji Reablitasiya Mərkəzi xaricdə Azərbaycan dilinin tədrisi üçün kitabtoplama kompaniyasına başlamışdır. Təkcə 2004-cü ilin may ayından sentyabr ayınadək keçirilmiş kompaniya zamanı toplanmış 750 nüsxə kitab Azərbaycan icmalarının təşəbüsü ilə xarici ölkələrdəki kitabxanalarda yaradılmış Azərbaycan bölmələrinə hədiyyə edilmişdir. Bu məqsədlə həmin kitablar Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə təhvil verilmişdir.
Rusiya Elmlər Akademiyasının aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru mərhum Rafiq Qurbanovun təşəbbüsü ilə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəitinin nəzdində yaradılmış "Şəhriyar məclisi" Azərbaycan ədəbiyyatının təbliği istiqamətində mühüm tədbirlər təşkil edir. Ötən müddətdə Azərbaycan icmalarının və komitənin birgə fəaliyyəti sayəsində Bakının bir sıra ali təhsil ocaqlarında "Voprosı istorii" jurnalının baş redaktoru Əhməd İsgəndəorovun "İmperiyanın qürubu" əsərinin, Novosibirsk şəhərində həmyerlimiz Mirkazım Seyidovun "Bir medalın iki üzü" və "Sənə şerlər qoşuram Vətənim" adlı kitablarının təqdimat mərasimləri təşkil edilmişdir. Həmçinin Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti də bu ölkədə yaşayan azərbaycanlı ailələrin uşaqları üçün bazar günü məktəbi təsis edib. Məktəbdə əsasən azərbaycanlı uşaqlara ana-dili, tarix, coğrafiya kimi elmlər tədris olunur.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31