Birləşmiş Ştatlardakı Azərbaycan diasporu Xocalı soyqırımının tanıdılmasında aktiv fəaliyyət göstərir
17 İyul 2013 17:58 DiasporaDünyanın əksər ölkələrində olduğu kimi Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da ölkəmizin həqiqətləri, xüsusilə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, xüsusilə Xocalı soyqırımının bu ölkə ictimaiyyətinə, həmçinin beynəlxalq aləmə çatdırılması istiqamətində fəallıq göstərir, müxtəlif layihələr, tədbirlər həyata keçirirlər. Cari il ərzində də okeanın o tayında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının tanıdılması istiqamətində müntəzəm şəkildə addımlar atıb, imzatoplama kampaniyası həyata keçiriblər. Məhz atılan məqsədyönlü addımlar və görülən işlərin nəticəsində bu sahədə bir sıra uğurlar da qazanılıb. Belə ki, bu il mart ayının 18-də Birləşmiş Ştatların Tennessi ştatının parlamenti Xocalı qətliamını tanıyıb, Pensilvaniya ştatının assambleyasında isə Xocalı qətliamının tanınması ilə bağlı qətnamə təqdim edilib. Tennessi ştatının Xocalı faciəsinin 21-ci ildönümünün tamam olduğu vaxt qəbul etdiyi qətnamə ştatın qanunvericilik orqanına konqresmen Co Touns tərəfindən təqdim edilib.Pensilvaniya ştatının qəbul etdiyi qətnamədə isə Xocalı faciəsinin 21-ci ildönümündə hadisə qurbanlarının xatirəsinin anılmasına çağırılır. Sənədin nüsxələri ABŞ Dövlət Departamenti, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi və Pensilvaniya ştatının qanunvericilərinə göndərilib. Ümumilikdə, Xocalı faciəsinin 21-ci ildünümü ilə əlaqədar Birləşmiş Ştatların Arkanzas, Corciya, Massaçusets, Nyu Meksiko və Oklahoma ştatlarında da 1992-ci ildə baş vermiş hadisəsinin tanınması və qətliam zamanı həlak olmuş insanların xatirəsinin anılmasına çağıran qətnamələr qəbul edilib. ABŞ azərbaycanlıların şəbəkəsi USAN, Amerika Azərbaycan Şurası, Amerika Azərbaycan Cəmiyyəti və Paxturcica qrupları Amerikada yaşayan azərbaycanlıları Xocalı faciəsini tanıyan ştatların qanunvericilik orqanlarına təşəkkür bildirməyə çağırıb.
Xəbərlərdən də aydın olduğu kimi Birləşmiş Ştatlarda Azərbaycan diaspor təşkilatları, eləcə də Amerikada yaşayan azərbaycanlılar Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib. Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası "Dağlıq Qarabağ Münaqişəsi: Məhv edilmiş şəhərin tarixçəsi" mövzusunda seminar təşkil edib. Amerika Azərbaycan Şurası və AYNA şəbəkəsinin təşəbbüsü ilə keçirilən tədbirdə tələbə assoasiyasının üzvləri Aytən Nəbiyeva, Rəfiqə Qurbanzadə, Montana ştatının universitetinin professoru Tomas Qolts, Amerika Azərbaycan Şurasının baş direktoru Cavid Hüseynov məruzə ediblər. Qarabağdan məcburi köçkün olan Rəfiqə Qurbanzadə toplaşanlara hazırkı Xocavənd (əvvəl Hadrut) rayonunda Çərəkənd kəndi haqda xatirələrini bölüşüb. O, bir zaman uşaqlıq illərini keçirdiyi Qarabağa qayıdıb babasının qəbrini ziyarət edə biləcəyinə ümid etdiyini deyib. Tədbirdə jurnalist və yazar Tomas Qoltsun Xocalı haqda çəkdiyi sənədli film nümayiş etdirilib. Tədbirə Azərbaycan və türk icmaları, eləcə də Kaliforniyanın Orenc dairəsini təmsil edən erməni icmasının üzvləri qatılıblar.
Nyu-Yorkda Kolumbiya Universitetində isə "Dağlıq Qarabağ: Cinayətlər, qaçqınlar və kollektiv yaddaş" mövzusunda konfrans keçirilib. Birləşmiş Ştatlar və Kanadada fəaliyyət göstərən Azərbaycan Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilən tədbir Kolumbiya Universitetində təhsil almış Amerika Azərbaycanlı Gənclər Şəbəkəsinin üzvləri tərəfindən təşkil edillib. Universitetinin beynəlxalq və ictimai münasibətlər kafedrasında təşkil edilmiş tədbirdə amerikalı jurnalist Tomas Qolts mühazirə oxuyub. Xocalı hadisələrinin şahidi olmuş Tomas Qolts Amerika ictimaiyyətinə faciə ilə bağlı məlumatları çatdıran ilk jurnalistdir. O,"Azərbaycan gündəliyi" kitabının müəllifidir.
Mühazirədən sonra Tomas Qoltsun Xocalı faciəsi haqda çəkdiyi sənədli film nümayiş etdirilib. Xocalı faciəsinin 21-ci ildünümü ilə bağlı Amerikanın müxtəlif ştatlatı və şəhərlərində Birləşmiş Ştatlardakı diaspor təşkilatları tərəfindən tədbirlər keçirilib. Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diasporunun Xocalı soyqırımının amerikalılara çatdırılması istiqamətində əldə etdiyi ən ciddi nailiyyətlərdən biri də prezident Barak Obamaya Xocalı soyqırımı ilə əlaqədar petisiyanın göndərilməsi olub. Belə ki, Amerikada yaşayan azərbaycanlılar prezident Barak Obama administrasiyasının Xocalı qətliamı və onun qurbanlarını anması və müharibə cinayətlərini tanıması məqsədilə Ağ Evin veb səhifəsində petisiya yerləşdirib. Ağ Evin "Biz xalqıq" səhifəsində yerləşdirilmiş petisiyada deyilirdi ki, hər il fevralın 26-da amerikalı azərbaycanlılar və Birləşmiş Ştatlardakı azərbaycanlılar şəbəkəsinin dostları 1990-cı illərdə baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı qətliamının ildönümünü qeyd edir. "Amerika azərbaycanlıları və bizim bu ölkədə və bütün dünyada dostlarımız adından faciəinin ildönümü ərəfəsində Xocalı qətliamı və onun qurbanlarının anılması və prezidentin bəyanat verməsində bizə kömək etməyiniz üçün sizə müraciət edirik"-deyə petisiyada bildirilir. Ağ Evin vətəndaşları narahat edən məsələlərlə bağlı administrasiyaya müraciət edə bilməsi məqsədilə yaratdığı "Biz xalqıq" ("We the People") səhifəsində yerləşdirilmiş petisiyanın nəzərdən keçirilməsi üçün ona 2013-cü il fevralın 25-ə qədər 99 mindən çox adamın imza atması lazım idi. Lakin soydaşlarımız daha çox fəallıq nümayiş etdirərək laızm olan imza sayı, 99 mindən bir qədər də artıq imza toplayaraq Ağ Evə göndərdilər. Amerika-Azərbaycan Şurası və Pax Turcica təşkilatı da Xocalı qətliamının tanınması səyləri çərçivəsində məktub kampaniyası keçirib. Ağ Evin veb səhifəsində yerləşdirilmiş petisiya Amerika azərbaycanlılarının Xocalı qətliamının anılması məqsədilə hər il keçirdiyi kampaniyanın bir hissəsini təşkil edib. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Birləşmiş Ştatlardakı Azərbaycan diaspor təşkilatları hər il Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir, yerli mətbuat orqanlarında məqalələrlə çıxış edir.
Birləşmiş Ştatlardakı Azərbaycan diasporunun Xocalı soyqırımının tanıdılması istiqamətində göstərdiyi fəallıq və həyata keçirdiyi tədbirlər amerikalı senatorlar tərəfindən də dəstək qazanıb. Belə ki, Şimali Karolina ştatını təmsil edən senator Key Heyqan Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının Xocalı qırğınının tanınması ilə bağlı məktub kampaniyasına dəstəyini bildirib. Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə ünvanladığı məktubda senator Xocalı faciəsinin Konqres səviyyəsində soyqırım kimi tanınması ilə bağlı məsələnin onun diqqətinə çatdırılmasına görə razılığını ifadə edib. Senator qeyd edib ki, 1992-ci ildə fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğını baş verib. Bu, kütləvi qırğın həm də Xocalı soyqırımı adlandırılır. Senator Hoqan Birləşmiş Ştatlar hökumətinin mülki vətəndşalara qarşı kütləvi qətliamların qarşısının alınması ilə bağlı kursunun müəyyən edilməsinin vacibliyni vurğulayıb. O, 2010-cu ildə soyqırım və mülki vətəndaşların kütləvi şəkildə qətlinin qarşısının alınmasının Birləşmiş Ştatların milli maraqlarında olduğuna dair Konrqesin 71 saylı qətnaməsinin ABŞ Senatına təqdim edildiyini bildirib. Eyni ildə dekabr ayında Senatda qəbul edilmiş qətnamə bu məqsədlərə nail olmaq üçün Barak Obama administrasiyasını fəaliyyət göstərməyə çağırır. Senator Heyqan bildirir ki, Senatda Xocalı qətliamının tanınmasına və Ermənistanı bu faciəyə, habelə Dağlıq Qarabağ müharibəsi dövrü digər zorakılıq aktlarına görə məsuliyyəti üzərinə götürməsinə çağıran xüsusi bir qanunvericilik layihəsi olmasa da, Senatın qəbul etdiyi 71 saylı qətnamə soyqırım və kütləvi qırğınların qınanması və əvvəllər kütləvi şəkildə qətlə yetirilmiş insanların xatirəsinin anılması kimi bir borcun olduğunu xatırlatmaq istiqamətində mühüm bir addımdır. Məlumat üçün qeyd edək ki, Demokrat Partiyasından olan senator Key Heyqan 12 ildir Birləşmiş Ştatlar Senatında Şimali Karolina ştatını təmsil edir. Xocalıda və Srebrenitsada baş vermiş kütləvi qırğınların tanınması ilə bağlı məktub kampaniyası Birləşmiş Ştatlarda və Kanadada fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Pax Turcica institutunun təşəbbüsü, həmçinin Amerika-Azərbaycan Cəmiyyəti, Türk-Amerika Assosiasiyalar Birliyi və Türk-Amerika Assosiasiyalar Federasiyasının dəstəyi ilə keçirilib. Birləşmiş Ştatlarda Xocalı soyqırımı ilə bağlı daha bir qətnamə Meyn ştatında qəbul edilib. Belə ki, Meyn ştatının Nümayəndələr Palatası Xocalı faciəsinin ildönümü ilə əlaqədar sənəd qəbul edib.Xocalı faciəsinin anılmasına dair sənədin qəbul edilməsi təşəbbüsləri ilə Meyn ştatının Nümayəndələr Palatasının üzvü Anna Haskel və senator Castin Alfond çıxış ediblər. Xocalı faciəsinin ildönümü ilə əlaqədar sənədin qəbul edilməsi Birləşmiş Ştatlarda fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü və təşkilatın Meyn ştatında fəalı Tərlan Əhmədovun səyləri nəticəsində mümkün olub. Sənəddə 2012-ci il fevral ayının 26-da Azərbaycanda Xocalı qətliamının 20 illiyinin qeyd edildiyi deyilir. Meyn ştatının qanunvericiləri sənəddə Birləşmiş Ştatların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi siyasətinə qoşulduqlarını bildiriib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir