“Türkiyədə Azərbaycan diaspor təşkilatları lazım olan təcrübəni toplamağa müvəffəq olublar”
Vurğun Həsənli: “Diaspor təşkilatlarının işləyəcəyi prioritet istiqamətlərdən bəlkə də ən vacibi ali təhsil ocaqları olmalıdır”
5 İyul 2013 13:40 DiasporaTürkiyədə yaşayan soydaşımız, Ankara Universitetinin müəllimi Vurğun Həsənlinin "OLAYLAR"-a müsahibəsi
- Vurğun bəy, siz uzun illərdir Türkiyədə ali təhsil sahəsində çalışırsınız. Fəaliyyət göstərdiyiniz tədris ocağında təhsil alan azərbaycanlı tələbələr ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ probleminin türk xalqına çatdırılmasında nə dərəcədə fəaldırlar?
- Əvvəlcə onu qeyd etmək lazımdır ki, Türkiyədə təhsil alan xarici tələbələr arasında ən böyük tələbə qrupu azərbaycanlı tələbələrdir. Biz bunun fərqinə varmalı, əhəmiyyətini anlamalıyıq. Bu gün Türkiyənin bütün universitetlərində azərbaycanlı tələbələrə rast gəlmək mümkündür. Burada əsas məsələ, tələbələrimizin koordinasiyası və düzgün istiqamətləndirilməsidir. Dağlıq Qarabağ probleminin Türkiyə ictimaiyyətinə çatdırılma məsələsində də ən böyük qüvvələrdən biri də tələbələrimizin həyata keçirdiyi müxtəlif fəaliyyətlərdir. Bu xoş ənənə illərdir ki, bir tələbədən digərinə ötürülür. Bu ənənənin dayanmaması üçün yeni impulsların verilməsi lazımdır. Çünki bu kimi fəaliyyətlərə maraqlı olan tələbə, həyata keçirdiyi fəaliyyətin "qarşılığını" almadıqda həvəsdən düşür və bu da digər tələbələrə təsirsiz ötüşmür. Hər bir azərbaycanlının xaricdə bu kimi fəaliyyətlərlə məşğul olan tələbələrə hərtərəfli yardım etməyə çalışması lazımdır və bizlər bundan sonra bu ənənəni yaratmağın yolllarını fikirləşməliyik.
-Ümumiyyətlə, Türkiyədəki azərbaycanlı tələbələr diaspora hərəkatında iştiraka maraq göstərirlərmi?
-Türkiyədə Azərbaycan diaspora hərakatını tələbələrsiz təsəvvür etmək mümkün deyil. Azərbaycan diasporu deyiləndə, əsasən tələbələrin həyata keçirdiyi şənliklər, sərgilər, xüsusi gecələr, konfranslar kimi fəaliyyətlər başa düşülür. Tələbələrimizin bir çoxunun həyata keçirdiyi tədbirlər Türkiyə ictimaiyyətində geniş əks-sədaya səbəb olmuş və günlərlə media mövzusuna çevrilmişdi. Ona görə bundan sonra da, diaspora hərəkatına tələbələri cəlb etmək olduqca vacibdir. Hətta bunun üçün diaspora hərəkatına maraqlı olan tələbələrimizə Azərbaycan tərəfinin hər tərəfli dəstək verməsi və həvəsləndirilməsi, yeri gələrsə mükafatlandırılması yerində atılmış addım olardı.
- Siz eyni zamanda bir diaspor nümayəndəsi də hesab edilirsiniz. Türkiyədə Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz?
-Türkiyədə Azərbaycan diasporunun durumunu qənaətbəxş hesab etmək olar. Amma bununla kifayətlənməmək lazımdır. Çünki Türkiyədə dövlətçilik ənənələrinin qədim köklərə malik olması səbəbilə, sözügedən dövlətdə müxtəlif qrupların varlığı bir həqiqətdir. Bu qrupların bəziləri Azərbaycan-Türkiyə dövlətlərinin ikitərəfli münasibətlərinin iki xalqın arzu etdiyi səviyyədə olmasını istəmirlər. Bu kimi qruplar hər zaman iki ölkə arasında müəyyən gərginliklər, qardaş xalqlar arasında soyuqluq yaratmaq üçün hər yola əl atırlar. Əlbəttə bu kimi məqamlarda fəaliyyət göstərən diaspor təşkilatlarımız dövriyyəyə girməli və qurulmuş tələləri su üzünə çıxarmalıdır. Bu baxımdan, Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarımız daha da peşəkarlaşmalı, fəaliyyət istiqamətlərini genişləndirməli və ən əsası daha çox çalışmalıdırlar.
- Azərbaycan diasporu Türkiyənin ali təhsil ocaqları ilə işləməyi bacarırmı?
- Diaspor təşkilatlarının işləyəcəyi prioritet istiqamətlərdən bəlkə də ən vacibi ali təhsil ocaqları olmalıdır. Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarımız da bunu bilir. Lakin böyük şəhərlərdəki universitetlər istisna olmaqla diaspora bir sıra universitetlərdə istənilən səviyyədə tədbir həyata keçirə bilmir Hətta elə türk tələbələri var ki, Xocalı Soyqırımı haqqında məlumatsızdır. Bu bizim üçün utancverici olmalıdır. Çünki biz bir türkiyəli tələbəyə Xocalı soyqırımını çatdıra bilməmişiksə, dünyada güclü Azərbaycan diaspor hərəkatından bəhs edə bilmərik. Yəni universitetlərlə işləməyi intensivləşdirməklə yanaşı, bu işin əhatə dairəsini də genişləndirməliyik.
-Türkiyədəki Azərbaycan diasporu birlik və bərabərlik şəklində fəaliyyət göstərə bilirlərmi?
-Hələki bu birliyə nail olunmayıb. Lakin sevindirici tərəfi var. Belə ki, diaspor təşkilatlarımız arasında gərəksiz "düşmənçilik" mübarizəsi yoxdur. Həmçinin Türkiyədə Azərbaycan diaspor təşkilatları lazım olan təcrübəni toplamağa müvəffəq olublar. İstək olarsa yaxın gələcəkdə diaspor təşkilatlarımız vahid koordinasiya altında fəaliyyət planlarını quraraq işləyə bilərlər.
Sizcə diaspora sahəsində daha böyük uğurlara imza atmaq, Azərbaycanı xaricdə daha yaxşı tanıtmaq üçün nələrə ehtiyac var?
-Hazırda dünyada təsir gücünə görə ön sıralarda olan yəhudi lobbiçilik anlayışını araşdırdıqda bir çox nüansın ortaya çıxdığını görmək mümkündür. Yəhudilər, bir ölkədə diaspor təşkilatını yaradarkən ilk növbədə o ölkədə tanınmış, öndə gələn mütəxəssis yəhudiləri axtarıb tapırlar. Əgər axtarılan xüsusiyyətdə yəhudi yoxsa yəhudinin dostunu, o ölkənin məşhur insanlarını diaspor təşkilatına rəhbər təyin edirlər. Ondan sonra təşkilatın strukturlarına ölkə üzrə tanınmış elm xadimləri, mədəniyyət işçiləri və s. təyin olunur. Bu yanaşma düzgün yanaşmadır. Bizim diaspor fəaliyyətində uğursuzluğumuz da "düzgün adamı" o təşkilatın başına gətirməməyimizdir. Türkiyədə diaspor təşkilatı qurulursa heç olmasa orada uzun illər yaşamış, bu sahədə çalışmış insanlar seçilməlidir. Yoxsa Türkiyənin mentalitetini, tarixini, mədəniyyətini, Türk insanının düşüncə tərzini bilməyən birini oraya təyin eləmək ən böyük səhvdir və o şəxs heç bir uğur əldə edə bilməyəcək. Şahid olduğumuz kimi, illərlə diaspor hərəkatımızdan bəhs edirik, amma hələ ki, zəngin mədəni irsimiz lazımi səviyyədə tanıdıla bilinmir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Süleyman İsmayılbəyli