“Diaspor fəaliyyətimiz ürəkaçan olduğu qədər də stimulvericidir”

Ceyhun Seyfullayev : “Avropa bölgəsində diasporumuz, təşkilatlanma prosesimiz sürətlənir və peşəkarcasına formalaşır”

Əksər Avropa ölkələrində olduğu kimi İtaliyada da Azərbaycan diasporu fəaliyyət göstərir. Sevindrici məqamlardan biri ondan ibarətdir ki, bu ölkədə təhsil alan azərbaycanlı gənclər də diaspora işində aktiv rol oynayırlar. Belə gənclərdən biri də Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü, İtaliyanın Beynəlxalq İqtisadiyyat Universitetində təhsil alan həmyerlimiz Ceyhun Seyfullayevdir:  Soydaşımız İtaliyadakı Azərbaycan diasporunun durumu və bu ölkədə təhsil alan azərbaycanlı gənclərin diaspor prosesində iştirak məsələləri barədə danışıb. Bildirib ki, Azərbaycanın günü-gündən inkişaf edən və yetərincə uğurlu siyasəti nəticəsində dünyanın hər bir tərəfində, xüsusilə Avropa bölgəsində diasporumuz, təşkilatlanma prosesimiz sürətlənir və peşəkarcasına formalaşır. Ceyhun Seyfullayev deyir ki, diaspor fəaliyyətimiz ürəkaçan olduğu qədər də stimulvericidir. Soydaşımız bütün bu uğurların ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab president İlham Əliyevin sayəsində mümkün olduğunu söyləyib: "Mən özüm də prezidentimizin siyasi rolunu, göstərdiyi müvəffəqiyyətli yolunu dəstəkləyir və onun biz gənclərə göstərdiyi diqqəti vacib sayıram. Daha da səmimi olsaq, deyə bilərəm ki, Ali Baş Komandanımız, həqiqətən də, gəncləri düşünür, buna görə dövlət proqramları həyata keçirir, xalqın gələcəyinə təkan verən ideya və planlar tərtib edir. Bundan savayı, dəstəkləmə istəyini özündə hiss edən gəncləri yüksək qiymətləndirirəm, çünki onlar Vətənin sürətlə inkişaf etdiyini və tez bir zamanda Avropada tanınan dövlətə çevrildiyini görənlərdir. Mövzudan kənara çıxmaq istəməsəm də, hamımızın bildiyi kiçik bir məlumatı sizinlə bölüşmək istərdim. Azərbaycan yeni bir dövlətdir, çünki biz yeni müstəqil olmuşuq və xarici ölkələr bizim ölkəmizin bu cür inkişafını gördükcə bizə qibtə etməkdən başqa çıxış yolu tapa bilmirlər ki, bu da çox sevindirici haldır". Gənc həmyerlimiz təhsil aldığı ölkədə Azərbaycanın təbliği istiqamətində gördükləri işlərdən də danışıb: "Mənim ən mühüm arzularımdan biri xaricdə nə vaxtsa təhsil almaq, nəticədə onların mədəniyyətini mənimsəmək və daha sonra Vətəndə təbliğ etmək idi. Bir gün bu arzu əlçatan oldu və beləcə mən Vətəndən kənara yollandım. İsveçrənin Cenevrə şəhərində orta təhsilimi davam etdirərək Azərbaycanımızı daha erkən yaşlarımdan təbliğ etməyə, onun bütün adət-ənənələrini, zəngin mədəniyyətini dünyaya tanıtmağa başladım. Deyə bilərəm ki, yaşım çox deyildi və orada məskunlaşmaq, qərar verib məmləkətdən kənarda qalmaq asan deyildi. Lakin tədricən, Vətənin havasını duymağa başladım. Belə ki, yaşadığım yerlərdə bayrağımız, musiqimiz və "müvəqqəti uzaqlıq" hissi qoymurdu darıxmağa. Orta təhsili başa vurduqdan sonra ali təhsilimlə bağlı İngiltərənin Birminqem Universitetinə müraciət etdim və istəyim qəbul edildi. Danılmaz faktdır ki, fikirlərim daha formalaşmış, məqsədlərim daha dəqiqləşmişdi. Artıq kifayət qədər həyatda tək qərar verəbilmə potensialını özümdə aydın görə bilmişdim. İngiltərədə yaşadığım müddət ərzində, ali təhsil ocağındakı Azərbaycan cəmiyyətinin fəaliyyətini gücləndirərək, yüksək müstəvidə təbliğat aparırdıq. Etiraf etməliyəm ki, bizim diasporumuz, xaricdə fəalliyyət göstərən gənclər təşkilatlarımız öz fəallığı, bacarığı ilə İngiltərədə də xüsusilə fərqlənirdi. Beləliklə, cənab prezidentimizin sadiq qalaraq daha da inkişaf etdirdiyi uğurlu siyasəti nəticəsində bizlər Vətəndən kənarda da Vətəni hiss edə bilir, onu daha da yüksək şəraitdə təmsil edə bilirik". Ceyhun Seyfullayev deyib ki, Vətənimiz naminə uğurlara imza atmağa səy göstərən gənclər olaraq diasporun birləşməsini vacib bilir və daim onun dəstəyi nəticəsində işlər aparırıq: "Belə ki, dövlətimizin qayğısı nəticəsində gənclərimizin inkişafına birbaşa xidmət göstərən təşkilatlanmalar bizə öz gücümüzdən layiqincə istifadə etməyə imkan verir. Mən Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü olaraq deyə bilərəm ki, fəaliyyətimiz olduqca uğurlu aparılmaqla bərabər, bu günümüz və sabahımız üçün önəm daşıyır. Dünyanın hər bir yanından azərbaycanlı gəncləri özündə birləşdirən bu birlik işıqlı gələcəyin bariz nümunəsinə əsl namizədlərdəndir. Gördüyüm işlərdən ümumi bəhs etməkdənsə, yaxın zamanlarda düzəltdiyim kiçik bir animasiya film haqqında qısaca məlumat vermək istərdim. Əsasən, Xocalı, Qarabağ haqqında beynəlxalq dildə yaradılan bu animasiya filmi, həm xaricdə yaşayan əcnəbi dostlarımızı, həm də digər əcnəbiləri maarifləndirmə məqsədi daşıyırdı ki, çoxları bu minvalla acı gerçəkləri cizgi filmi vasitəsilə dərk edə bildilər... Bir daha təkrar etməkdən çəkinmək istəmədiyim nüans ondan ibarətdir ki, istər elm, istərsə də mədəniyyət sahəsində qarşımıza qoyduğumuz məqsədlərə çatmaqdan ötrü Azərbaycanımızın sürətli inkişaf yolunu dünyaya çatdırmaqdan zövq alırıq. Bu arada idman sahəsinə də toxunmaq istərdim. Bu yaxınlarda Masallı rayonunda Heydər Əliyev adına dünya kuboku keçirildi və bütün dünya ölkələri arasında respublikamız kuboku qazandı. Mən də öz növbəmdə, bu yarışın meydana gəlməsində səy göstərən gənclərdən biri olaraq böyük fəxr hissi duydum. Bu, çox vacib və uğurlu bir imza idi...

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31