“Ölkəmizdən kənarda yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə vətənini, millətini, mədəniyyətini təbliğ etməlidir”

Asif Kərimov: “12 il ərzində Almaniyanın Stuttqart ətrafinda, Badenvürtenberq əyalətində Azərbaycan diasporunun adını eşidə bilmədim.”

"Gələcək planıməz Dormettinge şəhərində Azərbaycan muzeyinin açılmasına nail olmaqdır"

Azərbaycan diasporunun inkişaf etməsi, onun formalaşması, eləcə də ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemi və ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatları ilə yanaşı ayrı-ayrı şəxslər, vətənpərvər insanlar da yaxından çalışır, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər. Belə şəxslərdən biri də Almaniyada yaşayan soydaşımız Asif Kərimovdur. "OLAYLAR"-a verdiyi müsahibədə Asif Kərimov Almaniyadakı Azərbaycan diasporunun vəziyyəti, mövcud problemlər, eləcə də Azərbaycan mədəniyyətinin Almaniyada təbliği istiqamətində gördüyü işlərdən danışıb. Asif Kərimov yaxın vaxtlarda Azərbaycanın təbliği istiqamətində Almaniyada həyata keçiriləcək layihələr barədə də məlumat verib. Bildirib ki, Almaniyanın Dormettinge şəhərində yaxın vaxtlarda Azərbaycan muzeyi açıqlacaq.

-Asif müəllim, Almaniyada yaşayan soydaşımız olaraq bu ölkədə Azərbaycan diasporunun vəziyyətini necə dəyərləndirirsiniz?

-Mən yaşadığım 12 il ərzində Almaniyanın Stuttqart ətrafinda, Badenvürtenberq əyalətində Azərbaycan diasporunun adını eşidə bilmədim. Ona görə də diaspora vəziyyətinin necə olduğuna dair bir söz deyə bilmərəm. Məlumat üçün qeyd edim ki, Adil Kərimov Almaniyanın Skömberq şəhərində Azərbaycanı tanidilması ilə bağlı toplantı keçirdikdə də belə bir suallarla qarşılaşırdı. Sual edilirdi ki, Azərbaycan dili və mədəniyyəti, dövlət başçısı, milli valyutası, sərvəti barədə bizə məlumat verə bilərsinizmi? Adil Kərimov omlara Azərbaycanın mədəniyyəti, dövlət başçıları və hansı sərvətlərə malik  olduğunu, eləcə də digər detalları izah edirdi. Planlaşdırdığımız ilk toplantı 6 saata yaxın davam etdi.

-Almaniyadakı gənclərimizin diaspora işində iştirakı hansı səviyyədədir?
 

-Gənclərimiz istənilən vaxt Azərbaycanın təbliği, onun tanıdılması istiqamətində fəaliyyət göstərirlər.

-Almaniyadakı Azərbaycan diaspor təşkilatları arasında birlik və bərabərlik varmı?

-Almaniyada Azərbaycan diasporası bəlkə də var.  Amma bu əyalətin o diasporadan xəbəri yoxdur. Onun üçünn onların fəaliyyətləri haqda heç bir haqsiz söz deyə bilmərəm. Yuxarıda qeyd etdiyim kimi bu əyalətdə Azərbaycan diasporasının fəaliyyətinin olmadığını bildirirəm. Və çalışırıq ki, Adil Kərimovla bərabər bu boşluğu aradan götürək. Stuttqart daxil olmaqla və ətrafındakı  şəhərlərdə-Skömberq, Dormettingen, Vehingen, Dotterenhausen, Balingen, Bissingen, Hehingen, Heidelberqdəki Türk cəmiyyətlərində Adil Kərimov müntəzəm olaraq toplantılar keçirərək onlara Azərbaycan haqqında məlumatlar verir.

-Almaniyadakı  türk diaspor təşkilatları ilə əməkdaşlıq hansı səviyyədə qurulur?
 

-Uzun müddət Almaniyada fəaliyyət göstərən Diyanət İşləri Türk İslam Birliyi başqanı Hikmət Doğru hər zaman bu toplantıların həyata keşməsində yaxından bizə kömək göstərib.

-Azərbaycanın həqiqətləri, eləcə də mədəniyyətimizin təbliği istiqamətində hansı işlər görürsünüz və qarşıdakı planlarınız nədən ibarətdir?
 

-Bir il müddətində bu əyalətlərdə Azərbaycan günü, Xocalı soyqırımı günü, ulu öndər Heydər Əliyevin 90-illik yubileyi keçirilmişdir. Gələcək planıməz Dormettinge şəhərində Azərbaycan muzeyinin açılmasına nail olmaqdır ki, artıq bunu da reallaşdırmışıq. Bu yaxınlarda toplantı keçirib muzeyin açılışını elan edəcəyik

-Diaspor təşkilatlarımızın Almaniyadakı Azərbaycan səfirliyi ilə əməkdaşlığı hansı səviyyədədir?

-Almaniyadakı diasporası haqqında məlumatım olmadığı üçün bu suala cavab verməkdə çətinlik çəkirəm.

-Azərbaycanı daha yaxından tanıtmaq, onun problemlərini dünya birliyinə çatdırmaq üçün konkret nələri təklif edərdiniz?

-Mən fikrimi belə bildirmək istəyirəm ki, ölkəmizdən kənarda yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə vətənini, millətini, mədəniyyətini təbliğ etməlidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31