“Xaricdə təhsil alan azərbaycanlı tələbələr diaspor işində daha aktiv rol oynamalıdırlar”

Çingiz Bayramov: “İstənilən halda gənclər ictimai cəhətdən fəal olmalı, ölkənin maraqlarını daha çox qorumalıdır”

"Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluqları da tələbələrlə iş aparmalıdır ki, onlar diaspor işinə cəlb olunsunlar"

Azərbaycan diasporunun formalaşması, onun inkişaf etməsi və yeni, müasir mübarizə vasitələrindən yararlanmasına xaricdə təhsil alan tələbələrimiz də dəstək olurlar. Xüsusilə, bu istiqamətdə müsbət tendensiya Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis olunmasından sonra daha çox müşahidə edilməyə başlayıb. Dünya Azərbaycanlı Gənclər Birliyinin Frankfurt toplantısının iştirakçısı, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov "OLAYLAR"-a verdiyi müsahibədə dünyanın müxtəlif ölkələrində təhsil alan və ya məzun olaraq həmin ölkələrdə yaşayan gənclərimizin diaspora hərəkatındakı rolundan, bu prosesə dəstək vermək üçün atılması vacib olan addımlardan danışıb. 

-Çingiz bəy, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi olaraq xaricdə təhsil alan azərbaycanlı gənclərin diaspora fəaliyyətində iştirakı sizi qane edirmi? Ümumiyyətlə, gənclər bu sahədə nə dərəcədə aktivdirlər?

-Əvvəla onu qeyd etmək istərdim ki, mən 1991-96-cı ildə qardaş ölkə olan Türkiyə Cümhuriyyətində təhsil almışam.  Türkiyədə təhsil aldığım ilk ildə Azərbaycanın bu ölkədə nə səfiliyi, nə də kosulluğu vardı. Azərbaycan vətəndaşları olaraq həmin illərdə Türkiyədə çox az idik. Demək olar ki, bizi o zaman həm səfir, diplomat, həm də tələbə kimi tanıyırdılar. Eyni zamanda biz Azərbaycanın diasporu sayılırdıq. Həmin illərdə biz Türkiyədə Azərbaycanı tanıtmaq üçün aktiv fəaliyyət göstərirdik. O illərdən indiyə qədər isə çox böyük zaman keçib. Ötən illərdə Azərbaycan dövləti müstəqilliyini qazanıb, dövlətmiz xeyli güclənib. Artıq Azərbaycan Qafqaz regionunun ən böyük dövlətinə çevrilib. Bu gün ölkəmiz təkcə Azərbaycanda yaşayan 9 milyonluq azərbaycanlını deyil, eləcə də dünyada yaşayan 50 milyonluq azərbaycanlını da bu dövlət ətrafına birləşdirib. Bu mənada 50  milyonluq azərbaycanlının diaspor fəaliyyətinə cəlb edilməsi də müsbət bir haldır. Bu siyasət də möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. 

-Bəs bu istiqamətdə gənclərimizin üzərinə düşən vəzifələr nədən ibarət olmalıdır?

-Hesab edirəm ki, xaricdə təhsil alan azərbaycanlı tələbələr diaspor işində daha aktiv rol oynamalıdırlar. İstənilən halda gənclər ictimai cəhətdən fəal olmalı, ölkənin maraqlarını daha çox qorumalıdır. Eyni zamanda xaricdə təhsil aldığı müddətdə Azərbaycanın təmsilçisi olduğunu bilməlidir. Ona görə də bizim tələbələrimizin tarix dərsləri güclü olmalıdır. Bir daha da konkretləşdirsək onlara tariximizi  öyrədib yola salmalıyıq. Eləcə də bu istiqamətdə mütəmadi olaraq işlər aparılmalıdır. Xüsusilə, xaricdə təhsil alan tələbələrimiz Azərbaycan tarixini daha yaxından bilməlidirlər. Həmçinin onlar diaspora işində aktiv rol oynamalıdırlar.

-Sizcə bu istiqamətdə diaspora sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının da üzərinə müəyyən vəzifələr düşürmü?

-Qeyri-hökumət təşkilatları da öz növbəsində xaricdə təhsil alan azərbaycanlı tələbələrlə daha sıx əlaqələr qurmalıdırlar. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları müntəzəm olaraq xarici ölkələrə etdikləri səfər zamanı həmin ölkələrdə təhsil alan azərbaycanlı tələbələrlə görüşməlidirlər. Həmçinin qeyri-hökumət təşkilatları ilə tələbələrin görüşləri təşkil olunmalıdır. Hesab edirəm ki, həmin görüşlər Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilsə daha məqsədəuyğun olar. Düzdür ildə bir dəfə Təhsil Nazirliyində xaricdə təhsil alan tələbələrlə görüşlər keçirilir. Düşünürəm ki, bu tipli görüşlərin sayını artırmaq lazımdır. Həmin görüşə ölkədə diaspora sahəsində fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları dəvət olunmalıdır ki, tələbələrimiz də öz növbəsində həmin təşkilatlarla yaxından tanış olsunlar.

-Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlikləri gənclərimizlə necə işləməlidirlər?

-Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluqları da tələbələrlə iş aparmalıdır ki, onlar diaspor işinə cəlb olunsunlar. Həmçinin ictimai fəal gənclərin təşkilatlarına dəstək vermək lazımdır ki, daha çox işlər görə bilsinlər. Ümumiyyətlə, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin diaspor işinə cəlb edilməsi aktiv xarakter almalıdır. Düşünürəm ki, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi xüsusi rol oynamalıdır.

-Konkret sizin təhsil aldığınız Türkiyə ilə bağlı hansı addımları atmaq mümkündür?

-Konkret qardaş Türkiyə ilə bağlı bir məqamı qeyd etmək istərdim.  Belə ki, bizim keçmiş məzunlarımızdan bu gün Türkiyədə yaşayan bir sıra insanlar var. Artıq onlar Türkiyə vətəndaşıdırlar. Hesab edirəm ki, ilk növbədə onları diaspor işinə cəlb etmək lazımdır. Həmçinin onların daha aktiv fəaliyyət göstərməsi üçün imkanlar yaradılmalıdır. Düzdür, həmin şəxslər onsuz da aktiv fəaliyyət göstərirlər. Məsələn İzmirdə Atif Qurban, İstanbulda Lalə Həsənoğlunun fəaliyyətlərini xüsusi qeyd etmək olar. Onlar da öz növbələrində diaspor  işi ilə məşğuldurlar. Hesab edirəm ki, diaspor işində bu kimi məzunlardan istifadə edilməlidir. Çünki, onlar Türkiyədə təhsil alan tələbələri daha yaxından tanıyırlar. Eləcə də bunu Rusiya və Avropaya da aid etmək olar. Səfirlik və konsulluqlarımız fəaliyyət göstərdiyi ölkələrdə yaşayan azərbaycanlı məzunların siyahısını tutmalı, onlarla yaxından iş aparmalıdırlar. Bu istiqamətdə mən də bir təşkilat rəhbəri olaraq kömək etməyə hazıram. Əgər qısa bir müddətdə Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, eləcə də müvafiq qeyri-hökumət təşkilatları birləşib sözügedən istiqamətdə fəaliyyət göstərsələr bu Azərbaycan diasporu üçün böyük bir addım olar. Nəticə etibarilə biz daha çox uğurlar əldə edə bilərik.

-Dünya Azərbaycanlı Gənclər Birliyinin yaranması gənclərin diaspor işində aktiv rol oynamasına nə dərəcədə təkan verdi?

-Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması təşəbbüsü 2010-cu ildə Almaniyanın Frankfurt şəhərində keçirilən toplantı zamanı irəli sürüldü. Sevindrici haldır ki, mən də o zaman Frankfurtda keçirilən toplantıda iştirak edirdim. Artıq bu gün Dünya Azərbaycanlı Gənclər Birliyi dünyanın hər yerində öz sözünü deyir. Ancaq hesab edirəm ki, bu təşkilatın fəaliyyətini daha da artırmaq lazımdır. Daha yaxşı olar ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı məzun gəncləri də Dünya Azərbaycanlı Gənclər Birliyinə üzv kimi qəbul etsinlər. Dünya Azərbaycanlı Gənclər Birliyinin ayrı-ayrı ölkələrdə apardığı işlər məhz həmin məzunların vasitəsilə həyata keçirilsə daha yaxşı nəticələrə nail olmaq mümkündür. Xaricdə yaşayan tələbələrimiz də belə bir təşkilatın yaradılmasını xoş qarşılayır, onun fəaliyyətini təqdir edirlər. İnanıram ki, Dünya Azərbaycanlı Gənclər Birliyi xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələri daha çox öz ətrafına cəlb edəcək və Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində öz sözünü deyəcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31