Britaniyalı siyasi şərhçi Ermənistanın Londondakı səfirliyi qarşısında keçirilən etiraz aksiyasına qatılıb

Sentyabrın 16-da Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Ermənistanın Londondakı səfirliyi qarşısında keçirdiyi aksiyada yerli ictimaiyyətin nümayəndələri də iştirak edib.

Onların arasında britaniyalı siyasi şərhçi və jurnalist Niel Uatson da olub. O, aksiya zamanı jurnalistlərə açıqlama verərək, Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatı pisləyib.

"Biz bir daha Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin və bu təcavüz nəticəsində azərbaycanlıların həyatını itirməsinin şahidi olduq. Biz bu gün burada həmçinin Ermənistanın Azərbaycan torpaqlarını minalamasına etiraz etmək üçün yığışmışıq" - deyə N.Uatson qeyd edib.

Qeyd edək ki, piketdə "Ermənistan hücum edir, Azərbaycan sərhədlərini qoruyur!", "Ermənistan sülhə yox deyib, müharibəni seçir!", "Azərbaycan ədalət tələb edir!", "Ermənistan, minalanmanı dayandır!", "Minalar mülki insanları öldürür!", "Azərbaycan torpaqlarının minalanması müharibə cinayətidir!" kimi şüarlar səsləndirilib, işğalçı siyasətə son qoyulması və bölgədə sülhün bərqərar olması üçün çağırışlar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31